Osmanlıçılıq, həmçinin osmanlılıq və ya osmanizm (, ) — Osmanlı imperiyasında Birinci Məşrutiyyət dövründən (1876–1878) əvvəl "yeni osmanlılar" mühitində yaranmış siyasi quruluş konsepsiyası.

Osmanlıçılığın meydana gəlməsinə Tənzimat islahatları, xüsusilə 1856-cı ildə elan olunmuş bütün etiqadlara mənsub təbəələrin tam bərabərliyini bildirən Xətti-Hümayun fərmanı, həmçinin dini və etnik mənsubiyyətdən asılı olmayaraq ümumi osmanlı vətəndaşlığını tətbiq edən 1869-cu il Millətlər haqqında qanun töhfə vermişdir.Cleveland, William L. (2013). A History of the Modern Middle East. Westview Press. p. 265.

Osmanlıçılıq Monteskyö və Russonun, eləcə də Fransa inqilabının ideyalarının güclü təsiri altında olmuşdur. Tərəfdarları millətlərin bərabərliyini və imperiya təbəələrinin qanun qarşısında bərabərliyini elan etmişdilər. Millət sistemi pozulmamış, lakin sekulyar təşkilatların rolu artırılmışdır. İbtidai təhsil, hərbi xidmət və baş vergisi həm müsəlmanlara, həm də qeyri-müsəlmanlara şamil olunmalı idi. Osmanlıçılığın müdafiəçiləri bunun dövlət qarşısında duran sosial problemləri həll edəcəyinə inanmışdılar, lakin konsepsiya imperiyanın bir çox təbəəsi tərəfindən rədd edilmişdir. Müsəlmanlar onu öz üstün mövqelərinin ləğv edilməsi, qeyri-müsəlmanlar isə ənənəvi imtiyazların aradan qaldırılması kimi qəbul etmişdilər.Dawn, C. Ernest. "From Ottomanism to Arabism: The Origin of an Ideology". Review of Politics. 23.

Osmanlıçılıq 1908-ci il Gənc türklər inqilabında və İkinci Məşrutiyyət dövründə (1908–1922) yenidən canlanmışdır.Moroni, Ileana (2010). O Ergatis, 1908-1909: Ottomanism, National Economy and Modernization in the Ottoman Empire. Libra Books.Kayalı, Hasan (1997). Arabs and Young Turks: Ottomanism, Arabism, and Islamism in the Ottoman Empire, 1908-1918. University of California Press. Hakimiyyətə gələn "gənc türklər" onu rəsmi ideologiya elan etmiş və ilkin mərhələdə inqilab nəticəsində imperiyanın bütün xalqlarının bərabərliyinə və vahid osmanlı millətinin yaradılmasına nail olunduğunu bildirmişdilər, lakin milli üsyanlar və müharibələr osmanlıçılıq tərəfdarlarının sayını kəskin azaltmışdır. Birinci Dünya müharibəsinin başlanğıcına qədər konsepsiya tam populyarlığını itirmiş, pantürkizm və panislamizm tərəfindən sıxışdırılıb kənara qoyulmuşdur.

İstinadlar

Kateqoriya:Osmanlı imperiyasında siyasi hərəkatlar Kateqoriya:Osmanlı imperiyasında millətçilik Kateqoriya:Vətəndaş hüquq və azadlıqları