Vəzifədə olan şəxs () — hər hansı bir dövlət orqanında, rəsmi təşkilatda, idarədə və ya təşkilatda müəyyən bir vəzifəni, postu və ya səlahiyyətli mövqeni hazırda tutan şəxs. Seçkili vəzifələr kontekstində vəzifədə olan şəxs, seçkilər zamanı yenidən namizəd olub-olmamasından asılı olmayaraq, seçkiyə çıxarılan vəzifəni həmin anda icra edən şəxs hesab olunur.
Seçkilər zamanı vəzifədə olan şəxsin adı seçki bülletenində ola da bilər, olmaya da bilər. Bu hal bir sıra səbəblərlə əlaqədar ola bilər. Belə ki, əvvəlki vəzifə sahibi vəfat etmiş, istefaya getmiş, təqaüdə çıxmış və ya başqa səbəblərlə vəzifəsini tərk etmiş ola bilər. Eyni zamanda, vəzifədə olan şəxs yenidən seçilmək istəməyə bilər və ya qanunvericilikdə nəzərdə tutulmuş müddət məhdudiyyətlərinə görə yenidən namizədliyinin irəli sürülməsi qadağan edilə bilər. Bundan əlavə, seçkilər nəticəsində yeni yaradılmış bir vəzifə və ya mövqe mövcud ola bilər ki, bu halda həmin vəzifə seçkilərədək boş və ya açıq hesab edilir.
Etimologiya və terminologiya
İnkumbent () termini latın dilindəki "incumbere" felindən törəmişdir və birbaşa mənada "əyilmək və/və ya üzərinə qoymaq" mənasını ifadə edir. Bu söz latın dilində indiki zaman feli sifət forması olan "incumbent" şəklində işlənmişdir. Etimoloji baxımdan termin "encumber" sözünün variantlarından biri hesab olunur. "Encumber" sözü "maneə törətmək", "yükləmək", "ağırlaşdırmaq" mənalarını ifadə edir və mənşəyini "cumber" kökündən alır. "Cumber" kökü isə məna etibarilə "maneə yaradan və ya əlverişsiz şəkildə yer tutmaq; sərbəst hərəkət və ya fəaliyyətə maneə törədən elementlərlə dolmasına səbəb olmaq; yükləmək, ağırlaşdırmaq" kimi izah olunur.
Terminoloji baxımdan, ingilis dilindəki "incumbent" anlayışı Azərbaycan dilində kontekstdən asılı olaraq müxtəlif ifadələrlə qarşılanır. Azərbaycan dilindəki ensiklopedik və hüquqi mətnlərdə ən geniş yayılmış və terminoloji baxımdan müvafiq qarşılıq "vəzifədə olan şəxs" hesab olunur. Bu termin hazırda hər hansı seçkili və ya təyinatlı vəzifəni icra edən şəxsi ifadə edir.
Alternativ olaraq, "mövcud vəzifə sahibi" və "hazırkı vəzifə sahibi" ifadələri semantik baxımdan düzgün olmaqla yanaşı, rəsmi üsluba uyğundur. "Vəzifəni icra edən şəxs" ifadəsi isə funksional yanaşmanı əks etdirir və xüsusilə müvəqqəti və ya keçid dövrlərində istifadə oluna bilər. "Vəzifədə olan namizəd" termini əsasən seçkilər kontekstində işlədilir və eyni zamanda vəzifəni icra edən və yenidən seçkilərdə iştirak edən şəxsi bildirir.
Vəzifədə olma üstünlüyü
Vəzifədə olan şəxs seçkilər zamanı rəqibləri ilə müqayisədə müəyyən siyasi üstünlüklərə malik olur. Seçkilərin keçirilmə vaxtı konstitusiya və ya qanunlarla dəqiq müəyyən edilmədiyi hallarda, bəzi ölkələrdə vəzifədə olan şəxs seçki tarixinin təyin edilməsi səlahiyyətinə malik ola bilər.
Əksər siyasi vəzifələrdə vəzifədə olan şəxs əvvəlki fəaliyyət dövrünə görə daha yüksək tanınma səviyyəsinə sahib olur. Bundan əlavə, vəzifədə olan şəxslər yenidən seçilmə kampaniyaları zamanı dövlət resurslarına (məsələn, pulsuz ictimai xidmətlər və rəsmi imtiyazlar) daha asan çıxış əldə edə və bu resurslardan dolayı yolla seçki kampaniyalarını dəstəkləmək üçün istifadə edə bilərlər.
Amerika Birləşmiş Ştatlarında vəzifədə olan şəxsin yenidən seçilmək niyyətində olmadığı seçkilər (xüsusilə qanunverici orqanlarda bir mandatlı seçki dairələri üzrə) adətən "açıq yer" () kimi xarakterizə olunur. Bu cür seçkilər vəzifədə olma üstünlüyünün mövcud olmamasına görə, adətən, ən rəqabətli seçkilər sırasında yer alır. ABŞ Prezidentinin səlahiyyət müddətinin iki dördillik dövrlə məhdudlaşdırıldığı və vəzifədə olan şəxsin yenidən namizədliyinin qanunla qadağan edildiyi hallarda da açıq yarış meydana çıxır. Tədqiqatlara əsasən, vəzifədə olan şəxsə verilən gözlənilən üstünlük 1950-ci illərdə təxminən iki faiz bəndi, 1980–1990-cı illərdə təxminən on faiz bəndi, 2010-cu illər və 2020-ci illərin əvvəlində isə yenidən təxminən iki faiz bəndi olmuşdur. Bununla belə, vəzifədə olan şəxsin mandatını itirmə ehtimalı bütün dövrlər ərzində təxminən eyni səviyyədə qalmışdır.
Yeni namizədlər açıq bir vəzifəni doldurmaq üçün irəli sürüldükdə, seçicilər adətən namizədlərin peşəkar keyfiyyətlərini, siyasi mövqelərini və şəxsi xüsusiyyətlərini daha açıq şəkildə müqayisə edib qiymətləndirirlər. Digər tərəfdən, vəzifədə olan şəxsin iştirak etdiyi seçkilər, Qay Malinuksun () ifadə etdiyi kimi, əsasən "vəzifədə olan şəxs barədə keçirilən bir referendum" xarakteri daşıyır.Guy Molyneux, The Big Five-Oh , The American Prospect, 1 October 2004. Bu zaman seçicilər ilk növbədə vəzifədə olan şəxsin fəaliyyət göstəricilərinə diqqət yetirirlər. Yalnız vəzifədə olan şəxsin "vəzifədən kənarlaşdırılmasına" qərar verdikdən sonra, rəqib namizədlərin hər birinin məqbul alternativ olub-olmadığını dəyərləndirməyə başlayırlar.
2017-ci ildə "British Journal of Political Science" jurnalında dərc edilmiş bir tədqiqatda qeyd olunur ki, vəzifədə olma üstünlüyü seçicilərin vəzifədə olan şəxsin ideologiyasını ayrıca qiymətləndirmələri və bütün rəqiblərin həmin şəxsin nümayəndəsi olduğu partiyanın ideologiyasını bölüşdüyünü ehtimal etmələri ilə əlaqədardır. Bu isə siyasi qütbləşmə artdıqca vəzifədə olma üstünlüyünün daha da əhəmiyyətli hala gəldiyini göstərir. 2017-ci ildə "Journal of Politics" jurnalında dərc olunan başqa bir tədqiqatda isə ikinci tur seçkilərində vəzifədə olan şəxslərin "xeyli daha böyük üstünlüyə" malik olduqları müəyyən edilmişdir.
Biznes sahəsində
Biznes fəaliyyəti və rəqabət baxımından, vəzifədə olan təchizatçı adətən müştərinin cari ehtiyaclarını artıq təmin edən tərəf kimi qəbul edilir və bu mövqeyini hifz edib saxlamaq və ya yeni müqavilə bağlamaq naminə rəqabət aparan digər şirkətlərlə müqayisədə daha əlverişli vəziyyətdə olur.Chen, J., Incumbent , Investopedia, updated 27 January 2021, accessed 20 March 2021
Birinci dövr
Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqda aparılan siyasi təhlillərə əsasən, birinci dövr nümayəndələrinin ilk dəfə yenidən seçildikləri seçkilərdə aldıqları səs payında artım müşahidə olunur. Bu fenomenin birinci dövr nümayəndələri üçün təxminən 10 faizə qədər üstünlük yaratdığı bildirilir ki, bu da vəzifədə olma üstünlüyünü daha da gücləndirir. Bununla belə, bu artımın miqyası vəzifədə olma üstünlüyünün seçki nəticələrinə təsirinin qərəzli qiymətləndirilməsi kimi də dəyərləndirilir.
Əks vəzifədə olma faktoru
Bəzi hallarda "əks vəzifədə olma faktoru" () kimi tanınan təsir vəzifədə olan şəxsin seçkilərdə dezavantajlı vəziyyətə düşməsinə səbəb ola bilər. Bu faktor, adətən, vəzifə müddəti ərzində zəif fəaliyyət göstərmiş və ya ictimai ümidləri doğrultmamış vəzifədə olan şəxslərin rəqibləri tərəfindən bu çatışmazlıqların seçicilərə daha effektiv şəkildə çatdırılması nəticəsində meydana çıxır. Əks vəzifədə olma faktoru, hətta müəyyən nailiyyətlərə baxmayaraq, uzunmüddətli vəzifə icrasından sonra seçicilər arasında dəyişiklik tələbinin güclənməsi və nəticədə vəzifədə olan şəxsin dəstəyini itirməsi ilə də bağlı ola bilər.
Bundan əlavə, güclü və nüfuzlu vəzifələrdə olan şəxslər intensiv siyasi təzyiqlər şəraitində ictimai etimadı itirə və bu səbəbdən yenidən seçilmək imkanları azala bilər. Məsələn, Fransa Respublikasının prezidenti vəzifəsi kontekstində bu cür vəziyyətin baş verməsi mümkündür. Həmçinin, iqtisadi böhranlar, gəlir itkisi və ya oxşar mənfi sosial-iqtisadi şəraitlə üzləşən seçicilərin, bu cür çətinliklər yaşamayan seçicilərlə müqayisədə, vəzifədə olan namizədə səs vermə ehtimalının daha aşağı olduğu müşahidə edilmişdir.
1989-cu ildə sorğu mütəxəssisi Nik Panaqakis () tərəfindən irəli sürülmüş "vəzifədə olan qaydası" () adlı bir anlayış mövcuddur. Bu anlayışa görə, seçki dövrünün sonuna yaxın özünü qərarsız kimi təqdim edən seçicinin, böyük ehtimalla, mövcud vəzifə sahibinə deyil, ona meydan oxuyan namizədə səs verəcəyi iddia olunur.
İstinadlar
Ədəbiyyat siyahısı
Oxford English Dictionary. 2nd ed. 1989. Print.
Əlavə ədəbiyyat siyahısı
De Magalhaes, L. (2015). Incumbency effects in a comparative perspective: Evidence from Brazilian mayoral elections. Political Analysis, 23(1), 113–126. Schiumerini, Luis (2025). Incumbency Bias: Why Political Office is a Blessing and a Curse in Latin America. Cambridge University Press.
Kateqoriya:Siyasi fəlsəfə anlayışları Kateqoriya:Siyasi terminlər Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:Müvəqqəti hökumətlər Kateqoriya:Siyasi vəzifə sahibləri