Məscidməhəllə kənd məscidi — Astara rayonunun Məscidməhəllə kəndində tikilmiş məscid. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Məscidməhəllə kənd məscidi 1903-cü ildə Məscidməhəllə kəndində tikilib.
Məscidin binası düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Burada eyni anda 120 nəfər ibadət edə bilər. Tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. Tavan üç sütun üzərində dayanır. İbadətgahın taxtadan tağvari formada iki giriş qapısı və altı pəncərəsi var. Pəncərələr və qapıların üst hissəsi şəbəkə ilə işlənib. Məscidin mehrabı, minbəri və səkkizguşəli günbəzi var.
Sovet işğalından sonra 1928-ci ildə Azərbaycanda rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Məscidməhəllə kənd məscidi də bu dövrdə fəaliyyətini dayandırıb və 1960-cı ilə qədər məscidin binasından anbar kimi istifadə olunub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib. 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məsciddə Məscidməhəllə kənd məscidi dini icması fəaliyyət göstərir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Astara rayonunun məscidləri