thumb|Mərakeşdəki Cəma əl-Fna meydanı suqa (bazar) çevrilmişdir. Suq (, sūq) — ərəb ölkələrində şəhərin ticarət hissəsi və kommersiya mərkəzi. İstənilən ərəb, bərbər və bəzən Avropa şəhərlərindəki bazar növü.
Termin
"Suq" termini fars mənşəli "bazar" sözü ilə sinonim təşkil edir. Keçmişdə kiçik şəhərlərdə tayfalar arasında artıq malların ticarəti üçün atəşkəs elan edildiyi zaman təşkil olunan həftəlik azad bazarlar da "suq" adlandırılırdı. Müasir ədəbi ərəb dilində bu söz həm hərfi mənada ticarət olunan məkanı, həm də iqtisadi bir anlayış olan bazarı ifadə etmək üçün istifadə olunur.
Şəhərin əsas mərkəzi bazarından əlavə, demək olar ki, hər məhəllənin özünün kiçik suqu (bazarı) mövcuddur.
Struktur
thumb|Dəməşqdə yerləşən Əl-Həmidiyyə bazarı.
Suqun tipik küçələrində kiçik dükanlar, anbarlar və sənətkar emalatxanaları üstünlük təşkil edir. Eyni zamanda, suq xarici ticarətin, maliyyə və kredit dövriyyəsinin mərkəzi hesab olunur. Burada xidmət sahələri və mütləq şəkildə məscidlər geniş təmsil olunur.
Suq elə təşkil edilmişdir ki, müəyyən bir malın satıcıları az-çox bir yerdə qruplaşır, onların anbarları isə dükanlara mümkün qədər yaxın yerləşdirilir. Suqlar üçün daxili həyəti olan çoxmərtəbəli karvansara tipli mərkəzi tikililər səciyyəvidir. Tipik bir suqda "nəcib" sənətlərin dükanları, məsələn, zərgərlik emalatxanaları mərkəzdə və ya ən gediş-gəlişli yerlərdə qərarlaşır. Suqların əksəriyyəti qapalı tikililərdən ibarətdir.
Tarixi
Başlanğıcda suq şəhərdən müəyyən məsafədə, bir və ya bir neçə karvanın mallarının gətirildiyi karvan yollarının üzərində təşkil edilirdi. Suqun keçirildiyi dövr həm də xalq qarşısında artistlərin, nağılçıların, şairlərin və rəqqasların çıxış etdiyi şənlik və əyləncə vaxtı hesab olunurdu. Belə mövsümi bazarlar bu gün də bəzi yerlərdə öz mədəni funksiyasını hifz edib saxlayır.
Şəhərlərin böyüməsi ilə bazarların əhəmiyyəti artmış və onlar artıq şəhər mərkəzlərində daimi fəaliyyət göstərən bazarlar kimi yaradılmağa başlanmışdır. Böyük bir suq bir neçə kiçik ixtisaslaşmış bazara bölünür. Məsələn, qızıl, tekstil, ədviyyat suqu və digərləri buna nümunə ola bilər.
XX əsrin əvvəllərində suqlar tədricən öz əvvəlki əhəmiyyətini itirməyə başlamış və zamanla emiqrasiya edənlər üçün ucuz yaşayış yerlərinə çevrilmişdir. Lakin Şərq koloriti və suqların ekzotikliyi turistləri cəlb etməyə başlamışdır ki, bu da bir çox tərk edilmiş suqun bərpasına və restavrasiyasına yol açmışdır. Nəticədə, bu məkanlar bir çox ərəb şəhərlərinin turistik vizit kartına çevrilmişdir.
Turizmin əhəmiyyətinin artması ilə suqların çeşidində də tədricən dəyişikliklər baş vermişdir. Hazırda burada əsasən folklor nümunəsi olan suvenirlər, lüks mallar və dəbdə olan dəri məmulatları təklif olunur. Ənənəvi sənətkarlıq nümayəndələri öz məhsullarını getdikcə daha çox Qərb turistlərinin ehtiyaclarına və zövqlərinə adaptasiya edirlər.
İstinadlar
Ədəbiyyat siyahısı
Eugen Wirth: Der Suq, das Wirtschaftszentrum der arabischen Stadt. In: Günter Meyer (Hg.): Die arabische Welt im Spiegel der Kulturgeographie. Veröffentlichungen des Zentrums für Forschung zur arabischen Welt (ZEFAW) Band 1, Mainz 2004, S. 32-40 Abdel Kader Mohaine, Les Souks et l’organisation de l’espace régional dans le Souss (Maroc), 1997. E. Lévi-Provençal, «L’urbanisme musulman», in: Mélanges d’histoire et d’archéologie de l’Occident musulman, Hommage à G. Marçais, Algeri, 1957, I, pp. 219–231. A. 'Abd ar-Rāziq, «La hisba et le muhtasib en Égypte au temps des Mamlūks», in Annales Islamologiques, XIII (1977), pp. 115–178
Əlavə ədəbiyyat siyahısı
The Persian Bazaar: Veiled Space of Desire (Mage Publications) by Mehdi Khansari The Morphology of the Persian Bazaar (Agah Publications) by Azita Rajabi.
Xarici keçidlər
Iran Chamber Society on Architecture of the Bazaar at Isfahan (archived 30 December 2007)
Kateqoriya:İslam memarlığı Kateqoriya:Ərəb mədəniyyəti Kateqoriya:Bazarlar Kateqoriya:İslam mədəniyyəti Kateqoriya:Fars dilində sözlər və ifadələr Kateqoriya:Ərəb dilində sözlər və ifadələr