Viktor Yanukoviçin inaqurasiyası — Viktor Fyodoroviç Yanukoviçin Ukraynanın dördüncü Prezidenti qismində 25 fevral 2010-cu il tarixində Ukrayna Ali Radasının sessiya zalında baş tutmuş andiçmə mərasimi. Viktor Yanukoviç prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, baş nazir Yuliya Timoşenko üzərində qələbə qazanaraq Ukrayna prezidenti seçilmişdir. Prezidentin andiçmə mərasimini Ukrayna Konstitusiya Məhkəməsinin sədri Andrey Strijak icra etmişdir. Mərasimdə "Yuliya Timoşenko Bloku"nun, demək olar ki, bütün deputatları və baş nazirin özü iştirak etməmişdir. Eyni zamanda, inauqurasiyada 100-dən çox xarici nümayəndə heyəti hazır bulunmuşdur.
Seçkilər və hazırlıq prosesi Ukrayna Prezidenti vəzifəsinə ümumrespublika seçkilər iki turda keçirilmişdir. 17 yanvar tarixində baş tutmuş birinci turun nəticələrinə görə, səslərin 35,32 faizini (8 686 642 seçici) toplamış Viktor Yanukoviç və səslərin 25,05 faizini (6 159 810 seçici) toplamış baş nazir Yuliya Timoşenko ikinci tura vəsiqə qazanmışdılar. 7 fevral tarixində keçirilmiş ikinci turda Yanukoviç 48,95 faiz (12 481 266 seçici) səs toplayaraq qələbə qazanmış, Timoşenko isə 45,47 faiz (11 593 357 seçici) səs əldə etmişdir. Seçicilərin 4,36 faizi hamının əleyhinə səs vermişdir.
Ukrayna Ali Radası 16 fevral tarixli qərarı ilə inauqurasiya gününü 25 fevral 2010-cu il tarixinə təyin etmişdir. Bu qərar zəruri olan 226 səs əvəzinə 238 deputatın dəstəyi ilə qəbul edilmişdir. İkinci turda məğlubiyyətə uğrayan Yuliya Timoşenko bu qərarı dəstəkləməkdən və Yanukoviçi dövlət başçısı kimi tanımaqdan imtina etmişdir. Buna baxmayaraq, Viktor Yuşşenko inauqurasiyanın keçirilməsi haqqında fərmanı imzalamışdır. Elə həmin gün, 16 fevral tarixində Yuliya Timoşenko seçki məntəqələrində saxtakarlıqların baş verdiyini iddia edən 9 cildlik sənədi təqdim edərək, prezident seçkilərinin nəticələrindən şikayət ərizəsi ilə Ukrayna Ali Administrativ Məhkəməsinə müraciət etmişdir. Buna baxmayaraq, o, 20 fevral tarixində öz iddia ərizəsini geri götürmüşdür.
Andiçmə mərasiminə iki gün qalmış, 23 fevral tarixində Kiyevdə şəhərin mifik banilərinin şərəfinə ucaldılmış abidə uçmuşdur. Banilərin fiqurlarının dayandığı qayığın tən ortadan çatlaması bəzi yerli sakinlər tərəfindən ölkənin parçalanacağına dair mənfi bir əlamət kimi qiymətləndirilmişdir. Bununla əlaqədar abidə yenidən qurulması üçün sökülmüş və açılışı həmin ilin 28 may tarixində, Kiyev Günü ərəfəsində baş tutmuşdur. 24 fevral tarixində Ali Radada seçilmiş prezident Viktor Yanukoviç, Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Şapoval, Ali Radanın sədri Vladimir Litvin və Konstitusiya Məhkəməsinin sədri Andrey Strijakın iştirakı ilə inauqurasiyanın məşqi keçirilmişdir. Hadisə ilə əlaqədar olaraq prezident katibliyinin yerləşdiyi Bankovaya küçəsində hərəkət məhdudlaşdırılmışdır. İnauqurasiyadan əvvəlki gecə evakuatorlar Yanukoviçin kortejinin və dəvət olunmuş xarici qonaqların keçəcəyi mərkəzi küçələrdən bütün avtomobilləri uzaqlaşdırmışdılar. Yuliya Timoşenko mərasimdən əvvəl hakimiyyətin mərkəzi küçələri bağlaya biləcəyi və hətta Lavra yaxınlığında park edilmiş nəqliyyat vasitələrini evakuasiya edəcəyi barədə xəbərdarlıq etsə də, bu narahatlıqlar özünü doğrultmamışdır.
İnauqurasiya mərasiminin birbaşa yayımı Ukrayna Milli Teleşirkəti, Ukrayna Milli Radioşirkəti, "İnter" telekanalı və digər kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilmişdir.
İnauqurasiya prosesi
Ali Rada binasına gəliş thumb|Ali Radanın spikeri Vladimir Litvin.
İnauqurasiyadan bir saat yarım əvvəl, 9:00-da Kiyev-Peçera lavrasında təntənəli dua mərasimi başlamış və burada Rus Pravoslav Kilsəsinin patriarxı Kirill Viktor Yanukoviçi prezidentliyə xeyir-dua vermişdir. Yanukoviç Lavraya təxminən saat 9:05 radələrində gəlmişdir. Onun gəlişinə qədər mətbuatda şükranlıq duasına qatılmayacağı ilə bağlı şayiələr yayılmışdır. Patriarx Kirill "Müqəddəs Rus dövlətinin təməlinin qoyulduğu bu divarlar arasında" Tanrıdan onun Ukrayna Prezidenti kimi hakimiyyətə gəlişinə xeyir-dua dilədiklərini ifadə etmişdir. O, seçilmiş prezidentə müraciətini "Ukrayna üçün dua"nın variantlarından birinin ilk sətirləri olan "Böyük, vahid Tanrı, Rusiya-Ukraynanı qoru" sözləri ilə tamamlamış və Yanukoviçə Xilaskar ikonası hədiyyə etmişdir. Dua mərasimində Moskvada mərkəzləşmiş Ukrayna Pravoslav Kilsəsinin rəhbəri, Kiyev və bütün Ukraynanın mitropoliti Vladimir Sabodan da iştirak etmişdir.
İnauqurasiya günü Ali Rada binası üçqat polis kordonu ilə mühafizə olunmuşdur. Bu səbəbdən akkreditasiyadan keçmiş jurnalistlər binaya daxil olmaqda çətinlik çəkmişdilər. "Arsenalnaya" metro stansiyası yaxınlığında Yanukoviç əleyhdarı olan bir qrup milliyyətçinin mitinq cəhdi polis tərəfindən hər hansı bir təxribata yol verilmədən qarşısı alınmışdır. Ali Rada binası qarşısındakı meydan Regionlar Partiyasının tərəfdarları və jurnalistlər tərəfindən tutulduğu üçün millətçilərin orada mitinq keçirmək cəhdi də uğursuzluqla nəticələnmişdir. Həmin gün mətbuat lojası fəxri qonaqlar üçün ayrıldığından, jurnalistlər mərasimi foyedə quraşdırılmış ekranlardan izləmişdirlər. Rəsmi nümayəndə heyətlərinin gəlişi ilə əlaqədar Borispol Hava Limanından gələn şose yolu bir müddət bağlanmışdır. Bununla belə, Ali Rada binasına bitişik Mariinski parkında insanların sərbəst hərəkətinə icazə verilmişdir.
Radanın sessiya zalında deputatlar saat 9:40-dan etibarən toplaşmağa başlamışdırlar, lakin saat 10:00-da təntənəli iclas başlayarkən zalın yarısı hələ də boş qalmışdır. "Yuliya Timoşenko Bloku" və "Bizim Ukrayna – Xalq Özünümüdafiəsi" (NU-NS) fraksiyası deputatlarının mərasimdə iştirakdan imtina etməsi səbəbindən yerlərin ən azı üçdə biri boş olmuşdur. Təxminən saat 10:10-da Viktor Yanukoviçi gətirən avtomobil Ali Radanın binasına yaxınlaşmışdır. Yeni seçilmiş prezident binaya daxil olan zaman gözlənilməz bir hadisə baş vermişdir. Güclü külək nəticəsində Ali Radanın qapıları Yanukoviçin birbaşa qarşısında qapanmışdır. Fəxri qarovul dəstəsinin əsgərləri protokolu pozmuş və qapıları saxlamış, onların tam bağlanmasına imkan verməmişdilər. Sonradan mətbuatda Yanukoviçin qarşısında bağlanan qapıların onun prezidentlik dövründə qarşılaşacağı çoxsaylı çətinliklərin simvolu ola biləcəyi barədə geniş müzakirələr aparılmışdır.
Prezident andı və rəmzləri Ali Radanın sədri Vladimir Litvin seçilmiş prezidentin artıq gəldiyi barədə ona məlumat verilənə qədər qonaqların siyahısını kifayət qədər uzun müddət oxumuşdur. Mətbuatda Litvinin həyəcan səbəbindən bəzi soyadları yanlış tələffüz etdiyi qeyd olunmuşdur. Viktor Yanukoviç sessiya zalına "Ukrayna üçün, onun azadlığı üçün" (За Україну, за її волю) marşının sədaları altında daxil olmuşdur. Bundan sonra Vladimir Litvin mərasimi açıq elan etmiş, xor isə Ukrayna dövlət himnini ifa etmişdir. Himnin ifası zamanı prezidentin ona qoşulmaması sonradan Yanukoviç tənqidçiləri tərəfindən onun bu davranışına görə qınanılmasına səbəb olmuşdur.
Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Şapoval prezident seçkilərinin rəsmi nəticələrini elan etmiş, Konstitusiya Məhkəməsinin sədri Andrey Strijak isə Viktor Fyodoroviç Yanukoviçin Ukrayna Prezidenti vəzifəsinin icrasına başlaması üçün heç bir hüquqi maneənin olmadığını bildirmiş və prezident andının mətnini ona təqdim etmişdir. Sağ əlinin barmaqlarını Ukrayna Konstitusiyasının, ovucunu isə Peresopnitsa İncilinin üzərinə qoyan Viktor Yanukoviç andın sözlərini tələffüz etmişdir:
Yanukoviç öz andını imzası ilə təsdiq etmiş, Ali Radanın rəyasət heyətinin rəhbərinin yanında dövlət başçısı üçün ayrılmış yeri tutmuşdur. Fəxri qarovul dəstəsinin qvardiyaçıları Ukrayna prezidentinin ştandartını zala gətirmiş, Konstitusiya Məhkəməsinin sədri isə Yanukoviçə Ukrayna Prezidenti vəzifəsinə başlaması haqqında A5 formatında qırmızı rəngli kitabça şəklində olan şəhadətnaməni təqdim etmişdir. Daha sonra dövlət başçısının rəsmi rəmzləri — nişan, dövlət möhürü və gürz zala gətirilmiş və Yanukoviç onları Konstitusiya Məhkəməsi sədrinin əlindən təslim almışdır. Mətbuatda Viktor Yanukoviçin təslim aldığı dövlət möhürünü zalda əyləşən qonaqlara kifayət qədər uzun müddət nümayiş etdirdiyi, inauqurasiya proseduru ərzində ilk dəfə gülümsədiyi, gürzü qəbul etdikdən sonra isə onu başı üzərində yellədiyi qeyd olunmuşdur. Mərkəzi Seçki Komissiyasının sədri Yanukoviçə göy rəngli A5 formatlı kitabça şəklində olan Ukrayna Prezidenti vəsiqəsini təqdim etmiş, o isə rəsmi protokola görə vəsiqəni ona uzadılan qırmızı yastığın üzərinə qoymalı olduğu halda, onu pencəyinin döş cibinə yerləşdirmişdir.
İnauqurasiya nitqi Daha sonra parlament zalında "Ukrayna üçün dua" səsləndirilmişdir. Bundan sonra Viktor Yanukoviç öz inauqurasiya nitqi ilə çıxış etmişdir. Yanukoviç öz çıxışında əsas prioritetlər sırasında hökumət islahatlarını, aparatın ixtisarını, fəaliyyət qabiliyyətli icra hakimiyyətinin formalaşdırılmasını və güclü, sabit parlament çoxluğunun yaradılmasını qeyd etmişdir. O, xüsusilə peşəkarlardan ibarət hökumət quracağına, həmçinin Ukrayna Prezidenti Katibliyinin və bürokratik sistemin saxlanma xərclərini azaldacağına dair vəd vermişdir.
Yanukoviç Ukraynanın üzləşdiyi çoxsaylı iqtisadi problemlərə diqqət çəkmiş və ölkəni sosial-iqtisadi tənəzzüldən xilas edərək sürətli inkişaf yoluna çıxarmağın mümkünlüyünə əminliyini ifadə etmişdir. Prezident Katibliyi və bürokratik aparatın xərclərinin azaldılması hesabına Yanukoviç, ölkənin əvvəlki rəhbərliyinin nail ola bilmədiyi əmək haqqı və pensiya borclarının ödənilməsini vəd etmişdir. Özündən əvvəlki rəhbərlər kimi, o da ölkədə korrupsiyaya qarşı mübarizədə bütün səylərini əsirgəməyəcəyinə söz vermişdir. O, ölkədə texnoloji sıçrayışın həyata keçirilməsinin zəruriliyini vurğulamışdır.
Xarici siyasət sahəsində Yanukoviç Rusiya, Avropa İttifaqı və ABŞ ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətləri inkişaf etdirəcəyini, lakin Ukraynanın Avropanın blokdankənar dövləti statusunu qoruyacağını bəyan etmişdir. O, Ukraynanı "Şərqlə Qərb arasında körpü", həmçinin "Avropanın və keçmiş SSRİ-nin ayrılmaz hissəsi" adlandırmışdır. Öz nitqində Avropa İttifaqını "vahid dünya" və "müxtəlif sivilizasiyaların dinc yanaşı yaşamasının qarantı" kimi xarakterizə etmiş, onun enerji, ekoloji və qida təhlükəsizliyini təmin etmək iqtidarında olduğunu bildirmişdir. O, blokdankənar dövlət kimi bu cür proseslərdə iştirak etməyə hazır olduğunu ifadə etmiş, lakin beynəlxalq birliyin qarşısında duran çağırışların "mümkün qədər geniş formatda" birləşməyi zəruri etdiyini qeyd etmişdir.
Ölkədəki siyasi böhranı şərh edən zaman Yanukoviç seçkilərdə Yuliya Timoşenko ilə yaşanan gərgin qarşıdurmanı, sonuncunun ikinci turun nəticələrini tanımamasını və Radada növbəti parçalanma ehtimalını heç bir şəkildə qeyd etməmişdir. Eyni zamanda o, parlamentin müzakirə yeri olduğunu xatırlatmış və Radanın deputatlarını ölkənin xilası naminə yeni dövlət başçısının ətrafında birləşməyə çağırmışdır.
Ali Baş Komandan Mərasim təxminən saat 10:40-da başa çatmışdır. Ukrayna dövlət himni ifa edildikdən sonra Viktor Yanukoviç üzərində prezident nişanı olmaqla və fəxri qarovul dəstəsinin müşayiəti ilə Ali Radanın binasını tərk etmişdir. Saat 10:45-də o, Bankovaya küçəsinə gəlmiş və burada Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi ilə görüşmüş, silahlı qüvvələrin komandanlığını qəbul etmişdir. Yanukoviç Baş Qərargah rəisi İvan Svidanın raportunu dinləmişdir. Ali Baş Komandan kimi ona Baş Qərargah rəisi, Silahlı Qüvvələrin qoşun növlərinin komandanları, Daxili Qoşunların komandanı, Sərhəd Qoşunlarının komandanı və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri təqdim olunmuşdur. Yanukoviç Baş Qərargah rəisinin müşayiəti ilə fəxri qarovul düzülüşünün önündən keçdikdən və Katiblik qarşısındakı meydanda xüsusi yerini tutduqdan sonra Ukraynanın dövlət bayrağının və prezident ştandartının qaldırılması mərasimi keçirilmişdir. Orkestr Ukrayna himnini ifa etmiş, yaylım atəşləri açılmışdır. Bayraqlar qaldırıldıqdan sonra fəxri qarovul dəstəsi təntənəli marşla keçid etmişdir.
Prezident Katibliyi