Eliye Hobeyka (; ) — livanlı hərbçi və falanjist siyasətçi, sağçı xristian Kataib partiyasının təhlükəsizlik xidmətinin rəhbəri. Vətəndaş müharibəsinin fəal iştirakçısı, Livan Qüvvələrinin sahə komandiri. O, müharibə cinayətlərində, o cümlədən Sabra və Şatila qırğınının təşkilində ittiham olunurdu. O, Suriya xüsusi xidmətlərinin agenti hesab edilirdi. Livan parlamentinin üzvü idi və dövlət vəzifələrində çalışmışdır. Terakt nəticəsində qətlə yetirilmişdir.
Erkən həyatı O, əsasən Livan xristianlarının yaşadığı Cebel-i Lübnan regionu Kesruan rayonunun Kleyat kəndində maruni ailəsində anadan olub. Hobeykanın atası mexanik, anası isə tikişçi idi. Məktəbdən sonra Eliye Hobeyka bank işçisi kimi çalışmışdır.
Hobeyka erkən yaşlarından ifrat sağçı millətçi baxışlara sahib idi və müsəlmanlara, xüsusən də fələstinlilərə qarşı düşmən münasibət bəsləyirdi. 16 yaşında sağçı xristian Kataib partiyasına qoşuldu.
Sağçı xristian hərbi fəaliyyəti 1975-ci ildə Livanda xristian sağçıları (Kataib, MLP, Sidrlərin Keşikçiləri, Marada, Livan Gənclər Hərəkatı və Əl Tanzim) ilə solçu müsəlman (FAT, PSP, LKP) qüvvələri arasında vətəndaş müharibəsi başladı. Xristian sağçı düşərgəsi hərbi qanadı Livan Qüvvələrindən ibarət olan Livan Cəbhəsi blokunda birləşdi.
O vaxta qədər 18 yaşlı Eliye Hobeyka falanjistlər arasında böyük nüfuza malik idi. O, falanjist milis bölməsinə komandanlıq etmiş və həm döyüşlərdə, həm də qırğınlarda, o cümlədən Tel əl-Zaatar uğrunda döyüşdə və Beyrutdakı Qara Şənbə hadisəsində fəal iştirak etmişdir. Britaniyanın "The Guardian" qəzetinin məlumatına görə, Hobeykanın ailəsinin bir çox üzvü və nişanlısı Damur qırğını (1976) zamanı fələstinli yaraqlılar tərəfindən öldürülmüşdür.
Hobeyka hətta falanjist döyüşçüləri arasında belə qəddarlığı və amansızlığı ilə seçilirdi. O, həmişə "Heckler & Koch" avtomatı gəzdirdiyinə görə "HK" ləqəbini qazanmışdı. 1977-ci ilin iyul ayında o dövrdə "rəis Edvard" təxəllüsü ilə tanınan Hobeyka, Livanın cənubundakı Yarina kəndində əsir götürülmüş fələstinli döyüşçülərin və mülki şəxslərin qırğınına rəhbərlik edirdi. 80 şəxs məktəbin qarşısında düzülərək güllələnmişdir, onlar içərisində 20-30 nəfərə yaxın silahlı qruplarla heç bir əlaqəsi yox idi.
1979-cu ildə Eliye Hobeyka Kataib təhlükəsizlik sisteminin və Livan Qüvvələrinin təhlükəsizlik agentliyinin (Cihaz əl-Əmin) rəhbəri oldu. O, həmçinin Falanj milisinin və Livan Qüvvələrinin komandiri Bəşir Cəmayelin (Kataib partiyasının qurucusu Pyer Cəmayelin oğlu) şəxsi mühafizəçisi oldu. Beləliklə, Hobeyka aparıcı sağçı xristian nümayəndələrindən birinə çevrildi.
Hobeyka daxili xristian sağçı mübarizəsində fəal iştirak edirdi. 13 iyun 1978-ci ildə o, Marada milis komandiri kiçik Toni Franjye (Livan prezidenti Süleyman Franjyenin oğlu) və onun ailəsinin öldürülməsi ilə nəticələnən Ehden qırğınında iştirak etmişdir. 7 iyul 1980-ci ildə o, MLP fəallarının və Pələnglər milisinin döyüşçülərinin öldürülməsinə səbəb olan Safra qırğınına rəhbərlik etmişdir. "Marada" ciddi itkilər verdi və MLP milisi falanjistlərin rəhbərlik etdiyi Livan Qüvvələrinin tərkibinə daxil edildi. Bu qanlı hadisələr Kataibin xristian sağ düşərgəsindəki hökmranlığını möhkəmləndirdi. Bəşir Cəmayel xristian sağçılarının mübahisəsiz hərbi və siyasi lideri, Eliye Hobeyka isə onun ən yaxın silahdaşı oldu.
Sonrakı illərdə Hobeyka İsrail ordusu və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqələr qurdu.
Qırğın təşkilatçısı 1982-ci ildə İsrailin hücumundan sonra Livanda vəziyyət kəskin şəkildə dəyişdi. Fələstin Azadlıq Təşkilatının silahlı qüvvələri İsrail ordusu tərəfindən böyük ölçüdə darmadağan edildi. Eliye Hobeyka "Livan Qüvvələri" ilə İsrail Müdafiə Qüvvələri arasında baş hərbi əlaqəçisi vəzifəsini yerinə yetirirdi. İsrail qoşunları Beyrutu işğal etdikdə, o, fələstinlilərlə köhnə hesablaşmalarını yoluna qoymağa cəhd etdi.
23 avqust 1982-ci ildə Bəşir Cəmayel Livanın prezidenti seçildi. Bu hadisə Eliye Hobeyka üçün geniş fürsətlərə yol açdı. Lakin 14 sentyabr 1982-ci ildə, rəsmi olaraq vəzifəsinin icrasına başlamazdan əvvəl seçilmiş prezident Cəmayel terror hücumunda qətlə yetirildi.
Falanjistlərin cavabı, 16-18 sentyabr 1982-ci il tarixləri arasında davam edən və təxminən 460-3500 insanın ölümünə səbəb olan Fələstin qaçqınlarına qarşı törədilən Sabra-Şatila qırğını oldu. Hobeyka bu qırğına rəhbərlik etmiş və tabeliyində olan falanjistlərdən maksimum dərəcədə qəddarlıq tələb etmişdir. Bir çox sağçı xristian hərbi rəsmiləri və siyasətçiləri (o cümlədən Samir Caacaa, Fadi Frem, Etyenn Saker, Fuad Əbu Nader, Kərim Pakraduni, Jozef Əbu Xəlil, Mişel Aun və bir çox başqaları) qırğında iştirak etməkdə ittiham olunsa da, əsas təşkilatçı kimi həmişə Eliye Hobeyka göstərilirdi. 1983-cü ildə İsrail hökuməti adından Sabra və Şatiladakı hadisələri araşdıran Kahan komissiyası da qırğına görə məhz Hobeykanın məsuliyyət daşıdığı qənaətinə gəldi.
Hobeykanın təhlükəsizlik rəisi və qırğının fəal iştirakçılarından biri "Kobra" ləqəbi ilə tanınan Robert Marun Hətəm idi. O, daha sonra Hobeykanın İsraili nüfuzdan salmaq üçün qəsdən qırğın təşkil etdiyini iddia etmişdi.Robert Maroun Hatem. From Israel to Damascus. 1999 Chapter 6 Chapter 7 ISBN 978-0-9644304-3-3 Hətəm iddia edirdi ki, Hobeyka o dövrdə artıq Suriya gizli xidmətlərinin agenti idi və Hafiz Əsəd rejiminin maraqları naminə qərarlar verirdi. Həqiqətən də, 1985-ci ildən əvvəl İsrail tərəfdarı mövqesini tutsa da, Hobeyka buna baxmayaraq Suriyanın Livandakı hərbi-siyasi mövcudluğunu dəstəkləyirdi.
Robert Hətəmin səsləndirdiyi ittihamların dolayı yolla təsdiq edən amil ondan ibarətdir ki, qırğından sonra Hobeyka uzun illər Livanda yaşamış və Suriya tərəfdarı olan hökumətdə nazir vəzifələrini tutmuşdur. Nə 1982-ci ildə Livandan qovulmuş Fələstin Azadlıq Təşkilatı, nə Suriya, nə də onların livanlı müsəlman müttəfiqləri onun təqibinə başlamadılar. Üstəlik, Suriya tərəfdarı olan təhlükəsizlik qüvvələri 2001-ci ilə qədər Hobeykanın təhlükəsizliyini təmin edirdi (Saleh əl-Naami, HƏMAS).
Suriya işğalı dövründə nazir 1990-cı ildə Hobeykanın silahlı qüvvələri Livan generalı Mişel Aunla qarşıdurmada Suriya ordusunu fəal şəkildə dəstəkləmişdir. Aunun məğlubiyyəti vətəndaş müharibəsinə son qoydu və Livan Suriyanın faktiki işğalı altında qaldı. Siyasi vəziyyətin şərtlərini təyin etmək üçün Taif razılaşmaları bağlandı. Fəal Suriya tərəfdarı Hobeyka vətəndaş müharibəsi zamanı törədilən cinayətlərə görə 1991-ci ildə tam əfv aldı və yeni siyasi elita arasında möhkəm yer qazandı.
O, 1992 və 1996-cı illərdə Vəd partiyasından iki dəfə Livan Parlamentinə seçildi. O, müxtəlif dövlət vəzifələrində çalışmışdır: 1992-ci ilin may ayından oktyabr ayına qədər Mühacirlər üzrə dövlət naziri, 1992-ci ilin oktyabrından 1994-cü ilin sentyabr ayına qədər Sosial işlər və əlillər üzrə dövlət naziri, 1993-cü ilin iyunundan 1998-ci ilin dekabr ayına qədər Su resursları və elektrik enerji naziri olmuşdur. Su ehtiyatları nazirliyinin rəhbəri kimi Hobeyka Bəddavi və Zəhrani, Zuk və Bəəlbəkdə iri enerji layihələrinin həyata keçirilməsinə töhfə vermişdir. Livanın bütün ərazisində, o cümlədən ucqar rayonlarda böyük elektrik şəbəkələri quruldu. Lakin ölkənin cənubundakı hərbi və siyasi gərginlik enerjinin inkişafına mane olurdu. İsrailin "Qəzəb üzümləri" əməliyyatı zamanı elektrik enerjisi istehsalı gücünün bir hissəsi məhv edildi.
Eyni zamanda, Robert Hətəm öz kitabında kommersiya layihələri üçün rüşvət, sifarişli qətllər, adam oğurluğu, şantaj və işgəncə müqabilində lobbiçilik etmə kimi Hobeykanın (özünün də iştirak etdiyini bildirir) çoxsaylı maliyyə fırıldaqları və cinayətkar fəaliyyətlərini təsvir edir. Hətəmə görə, Hobeyka nazir vəzifəsində siyasi baxışlarını tamamilə itirmiş, yalnız şəxsi güc, sərvət toplamaq və cazibədar həyat tərzi sürməklə məşğul olan prinsipsiz korrupsioner bir məmura çevrilmişdir. Xarakterik bir detal: Hobeykanın ticarət firmasındakı biznes ortağı Livan kommunistlərinin lideri Jorj Haui, Hətəmin reketçilik və rəqiblərin ləğvi üzrə həmkarı isə keçmiş kommunist xadim Kamal Feqali idi.
1990-cı illərin sonlarında Eliye Hobeykanın Dəməşqlə münasibətləri kəskin şəkildə pisləşmişdi. Suriya kəşfiyyat xidmətləri vaxtaşırı Livan siyasi elitasının ən xoşagəlməz və ambisiyalı nümayəndələrini məhv edirdi. 2000-ci ildə Hobeyka parlament mandatını itirdi: onun seçkidə iştirakı faktiki olaraq suriyalılar tərəfindən bloklandı.
"The World Lebanese Cultural Union"-a əsasən, 11 sentyabr 2001-ci ildə ABŞ-də baş verən terror hücumlarından sonra Hobeyka Hizbullah terror təşkilatının keçmiş kəşfiyyat rəhbəri İmad Muğniyəni ələ keçirmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinə öz xidmətlərini təklif etməyə cəhd etmişdir. Bundan sonra, 2001-ci ilin sonunda suriyalılar Hobeykanı qorumağı tamamilə dayandırdılar və Livan hüquq-mühafizə orqanlarına ona qarşı müvafiq tədbirlər görmələrini və ya heç olmasa bunu etməklə hədələmələrini tapşırdılar.«The World Lebanese Cultural Union» The Lebanese War
Qətli
"Suriya versiyası" Hobeyka 24 yanvar 2002-ci ildə 45 yaşında qətlə yetirildi. Onun Beyrut ətrafındakı Həzmiyə qəsəbəsindəki evinin yaxınlığında avtomobilə qoyulmuş bomba partladı. Partlayış nəticəsində onun iki mühafizəçisi də daxil olmaqla üç nəfər həlak oldu, altı nəfər yaralandı.
Hobeykanın sui-qəsdinə görə məsuliyyəti bu hadisədən əvvəl məlum olmayan (və sonradan başqa yerlərdə peydə olmayan) "Azad və Müstəqil Livan Uğrunda Livanlılar" adlı qrup öz üzərinə götürdü. Onlar yaydıqları bəyanatda Hobyekanı Suriya hərbi kəşfiyyatının o vaxtkı rəhbəri Qazi Kənanın əlində olan "Suriya agenti" və "təsirli vasitə" kimi qələmə verdilər və onun edam etdiklərini bildirdilər.
Naməlum qrupun peyda olması və sonrakı həbslər əksər müşahidəçilər tərəfindən "izlərin örtülməsi" kimi qəbul edildi. Hobeykanın qətlini açıqlayan əsas versiya Suriya kəşfiyyat xidmətləri ilə bağlıdır. "Haaretz" jurnalisti Svi Barrel və Livandakı bəzi tanınmış şəxslər Hobeykanın sui-qəsdinin arxasında Suriyanın durduğuna inanırdılar, çünki Suriya höküməti qorxurdu ki, Sabra və Şatila qırğınında onların əlləri olması üzə çıxacaq.
Hobeykanın keçmiş köməkçilərindən biri də Braziliyada həyat yoldaşı ilə birlikdə öldürüldü. Naməlum şəxs səsboğuculu tapançadan onlara atəş açmışdır. Digəri Nyu-Yorkda başqa avtomobilini ağaca çırpdıqdan sonra qəribə şəraitdə ölmüşdür. Hər ikisi Belçika məhkəmə iclaslarından əvvəl, Hobeykanın qətlindən (24 yanvar) qısa müddət sonra vəfat etdilər (22 mart).
"İsrail versiyası" Daxili İşlər Naziri də daxil olmaqla, Livan rəsmiləri Hobeykanın qətlində İsrail hakimiyyətini və şəxsən Ariel Şaronu günahlandırdılar (həmçinin lideri Etyen Sakerin israilpərəst mövqeyi ilə tanınan Sidr Keşikçiləri təşkilatının döyüşçülərinə qarşı da ittihamlar irəli sürüldü). Suriya yönümlü mətbuat vasitələri iddia edirdi ki, İsrail kəşfiyyatı Şaronun Sabra və Şatila qırğınında əli olduğunu bildirən əsas şahidi susmağa məcbur etmişdir. "The Daily Star" qəzeti yazmışdır ki, Hobeyka redaktorların birinə Şaronun həmin hadisələrdəki rolunu “hətta ümumiyyətlə düşünüləndən də böyük” şəkildə ifşa edən səs yazısı barədə xəbər vermişdir. Lakin belə bir sənədin mövcudluğuna dair heç bir dəlil yoxdur.
2001-ci ilin iyun ayında solçu maruni vəkil Şibli Mallat Belçikada insanlıq əleyhinə cinayətlərdə əcnəbilərin iddiaçı olmasına icazə verən qanundan yararlanaraq Ariel Şarona qarşı iddia qaldırdı. Ölümündən bir müddət əvvəl Hobeyka Belçika məhkəməsində Şaron əleyhinə ifadə vermək niyyətini açıq şəkildə elan etmişdi. Belçikalı senator Yosi Dubi iddia edirdi ki, Hobeyka ölümündən əvvəlki günlərdə kütləvi qırğınlarla bağlı yaxınlaşan "açıqlamaları" səbəbindən həyatı ilə bağlı narahatlığını ifadə edirdi. Dubi ondan niyə bütün faktları açıqlamadığını soruşduqda, Hobeyka "Mən onları məhkəmə üçün saxlayıram" cavabını vermişdir. Mətbuat konfransında o, "Mən Belçika məhkəməsinin keçirilməsində çox maraqlıyam, çünki mənim günahsızlığım sual altındadır" demişdir.