Sinister — 2012-ci ilə aid fövqəltəbii qorxu filmi. Rejissor kreslosunda Skott Derrikson əyləşib, ssenariini isə o, C. Robert Kargill ilə birlikdə yazıb.
"Sinister" filminin ideyası C. R. Kargillin 2002-ci ildə "Həlqə" filmini izlədikdən sonra gördüyü bir kabustan doğub. Filmin əsas çəkilişləri 2011-ci ilin payızında Nyu-Yorkun Lonq-Aylend bölgəsində 3 milyon dollarlıq büdcə ilə başlayıb. Köhnə ev videolarının və snaff filmlərin o xüsusi atmosferini yaratmaq üçün isə "Super 8" səhnələri birbaşa həqiqi "Super 8" kameraları ilə lentə alınıb, yəni rəqəmsal heç bir şey işlədilməyib.
Film 2012-ci il martın 10-da "SXSW" festivalında ilk dəfə tamaşaçılara çatdırılır. Britaniya tamaşaçıları onunla oktyabrın 5-də, amerikalılar isə oktyabrın 12-də tanış olur. Tənqidçilər aktyorların işini, rejissorun fərdi üslubunu, operator çəkilişlərini və filmin bütöv ab-havasını minnətdarlıqla qeyd edirlər. Lakin qəfil sıçrayış qorxusu üsullarından və janrın çoxdan məlum olan əzbər elementlərindən istifadə xoş qarşılanmır. Cəmi 3 milyon dollara çəkilən film kassada 87,7 milyon dollar yığır. Əldə edilən uğur 2015-ci ildə sikvel-filmin çəkilməsini qaçılmaz edir.
"Sinister" bu gün kult klassiki sayılan və dəhşətiylə ad çıxarmış bir filmdir. "Broadband Choices" şirkəti 2020-ci ildə izləyicilərin ürək döyüntüsünü ölçərək apardığı araşdırmada onu tarix boyu çəkilmiş ən qorxulu film seçir.
Təsvir Detektiv romanlar üzrə ixtisaslaşmış bir yazıçı ailəsi ilə birlikdə kiçik bir şəhərə köçür. Onlar az öncə qanlı bir faciənin yaşandığı evə yerləşirlər. O evdə yaşayan hər kəs qətlə yetirilmişdi. Bir gün yazıçı evdə gizli video lentlər tapır. Məlum olur ki, bu lentlər cinayətin sirli açarıdır. Ancaq araşdırma başladıqca ev sanki oyanır. Divarların arxasında nəsə var. Gecələr səslər gəlir. Ailənin həyatı get-gedə təhlükəyə girir. İndi onların qarşısında qaçılmaz, üzü görünməyən bir qaranlıq var. Ondan xilas yoxdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Böyük Britaniyanın fantastika filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:IM Global filmləri Kateqoriya:Nyu-York ştatında çəkilmiş filmlər Kateqoriya:2010-cu illərin fövqəltəbii qorxu filmləri Kateqoriya:Blumhouse Productions filmləri Kateqoriya:Ceyson Blamın prodüseri olduğu filmlər Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:2012-ci ilin ABŞ filmləri Kateqoriya:İngiliscə Kanada filmləri