Helena "Elena" Kadare (qızlıq soyadı: Quşi; ) — alban ssenarist, tərcüməçi, qısa hekayələr və roman müəllifi.

Romanlarından biri olan və 1970-ci ildə nəşr edilmiş "Një lindje e vështirë" romanı alban dilində qadın tərəfindən nəşr olunan ilk roman olmuşdur.

"Tiranalı qadın" (Një grua nga Tirana, 1990) Kadarenin bəlkə də ən çox oxunan romanı olmuşdur.

Həyatı Helena Quşi 21 sentyabr 1943-cü ildə Albaniyanın cənubunda yerləşən Fier şəhərində anadan olmuşdur. O, Tirana Universitetində ədəbiyyat üzrə təhsil almış, daha sonra jurnalistika sahəsində və nəşriyyat sənayesində redaktor kimi çalışmışdır.

1963-cü ildə o, yazıçı İsmayıl Kadare (Ismail Kadare) ilə evlənmiş və cütlüyün Qresa (Gresa) və Besiana adlı iki övladı dünyaya gəlmişdir. Əri Albaniya hökumətini tənqid etdiyi və orada siyasi sığınacaq alması lazım gəldiyi üçün Kadare 1990-cı ildə həyat yoldaşı ilə birlikdə Fransanın Paris şəhərinə köçmüşdür. Cütlük 2021-ci ildə Albaniyaya qayıtmışdır. İsmayıl 1 iyul 2024-cü ildə vəfat etmişdir.

Onların qızı Besiana Kadare Albaniyanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri, BMT Baş Assambleyasının 75-ci sessiyasının vitse-prezidenti və Albaniyanın Kubadakı səfiri olmuşdur.

Əsərləri Kadare çoxlu sayda qısa hekayələr yazmış, həmçinin digər əsərlərin tərcümələrini etmişdir. O, alban dilində tam həcmli romanı nəşr olunan ilk qadın olmuşdur. 1970-ci ildə Tiranada nəşr olunan Një lindje e vështirë (Çətin doğum) əsəri, Albaniyada qadın yazıçı tərəfindən yazılan ilk əsər olmuşdur.

1994-cü ildə Tiranada yenidən nəşr olunan Një grua nga Tirana romanı fransız (Une femme de Tirana, 1995), holland (Een vrouw uit Tirana, 1996) və alman (Eine Frau aus Tirana, 2009), eləcə də ingilis (A woman from Tirana) dillərinə tərcümə edilmişdir.

Bəzi əsərləri:

Një lindje e vështirë (Çətin doğum), roman, 1970. Një grua nga Tirana (Tiranalı qadın), roman, 1990 ISBN 99927-45-13-4. Bashkëshortët (Həyat yoldaşları), roman, 2002 ISBN 99927-45-77-0. Le temps qui manque memuarları, 2010. Kohë e pamjaftueshme (Kifayət etməyən vaxt), roman, 2011 ISBN 978-99956-87-51-9. Një grua në Berlin: Ditar 20 prill - 22 Qershor 1945 (Berlində bir qadın - Anonim (Gündəlik 20 aprel - 22 iyun 1945-ci il), 2016. Kadare, Helena. Kohë e pamjaftueshme, Tirana: Onufri, 2011. ISBN 978-9995687519 (Fransız dilində də mövcuddur)

İstinadlar

Kateqoriya:1943-cü ildə doğulanlar Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:Albaniya yazıçıları Kateqoriya:Fier şəxsləri Kateqoriya:XXI əsr qadın yazıçıları