Evgeniya Şvartsvald (; ) — Avstriyalı və polyak xeyriyyəçi, yazıçı, pedaqoq və feminist. O, innovativ Şvartsvald məktəbinin (Schwarzwald school) əsasını qoyub, Avstriyada qızların təhsilini inkişaf etdirib və öz dövrünün ən savadlı qadınlarından biri olub. Həyatı Evgeniya Şvartsvald-Nusbaum Avstriya-Macarıstanın (hazırda Ukraynanın Ternopol vilayəti) Zbruç çayı yaxınlığındakı Polupanivka kəndində anadan olub. 1895-ci ildə evlərini tərk edərək Sürix Universitetində alman və ingilis ədəbiyyatı, fəlsəfə və pedaqogika üzrə təhsil alıb. 1900-cü ildə doktorluq dərəcəsi alıb. Həmin dövrdə qadınların Avstriya ali məktəblərində və universitetlərində təhsil almasına icazə verilmirdi və Evgeniya Avstriya-Macarıstanda akademik təhsil almış ilk qadınlardan biri idi. 1900-cü ildə o, doktor Hermann Şvartsvald (1871–1939) ilə ailə qurub. Fəaliyyəti Şvartsvald özünü polyak hiss edirdi və innovativ pedaqoq kimi tanınırdı. 1901-ci ildə Avstriyada Qızlar Orta Məktəbinin, 1911-ci ildə isə Qızlar Kollecinin rəhbəri oldu. Onun məqsədi qızlara oğlanlar üçün əlçatan olan təhsillə müqayisə edilə biləcək, adekvat və motivasiyaedici orta təhsil təklif etmək idi. Bu məqsədə nail olmaq üçün o, qızlara dərs demək məqsədilə dövrün bir çox görkəmli sənətçilərini və alimlərini cəlb etdi. Məsələn, Oskar Kokoşka rəsm dərsləri verir, Arnold Şönberq musiqi və bəstəkarlığı öyrədir, Adolf Loos isə memarlıqdan mühazirə oxuyurdu. Bu məktəb qızlar üçün müasir təhsil müəssisələri olan "Şvartsvald məktəbləri"nin (Schwarzwaldschulen) prototipinə çevrildi. O, Vyana Qadın Klubunda kişilərə tez-tez gender bərabərliyi mövzusunda çıxışlar edirdi. Şvartsvald məktəblərinin məşhur tələbələri arasında sənət tarixçisi Emmi Velles və Vyana Universitetində etnologiya üzrə doktorluq dərəcəsi alan ilk qadın olan etnoloq Marianna Şmidl də var idi. Birinci Dünya müharibəsi zamanı o, özünü xəstə və yaşlı insanlara, eləcə də kimsəsiz uşaqlara qayğı göstərməyə həsr etdi. Müahribə illərində o, qəzet məqalələri, felyetonlar və qısa esselər yazdı.

Evgeniya Şvartsvald Vyana mədəni həyatında və sosial tədbirlərində mühüm rol oynayırdı. Dövrünün bir çox nümayəndələri kimi, o da Kokoşka, Loos və ya Şönberqi, həmçinin romançılar Elias Kanetti və Robert Muzili dəvət etdiyi ədəbi salon təşkil edirdi. O və Aysedora Dunkan Muzilin "Xüsusiyyətsiz insan" romanındakı Ermelinda Tutsi ("Diotima") obrazına ilham veriblər.

Anşluss və Holokost 1938-ci ildə Şvarsvald yəhudi mənşəli olduğu üçün Avstriyanı tərk etməyə məcbur qaldı və İsveçrəyə mühacirət etdi. Onun əmlakı nasistlər tərəfindən müsadirə olundu, Şvarsvald məktəbləri bağlandı və yəhudi qadınlardan ibarət olan bir çox tələbəsi Holokostda qətlə yetirildi. O, 7 avqust 1940-cı ildə Sürixdə vəfat etdi.

2011-ci ildə Vyana şəhərinin Donaustadt rayonundakı bir küçə onun şərəfinə adlandırılıb.

Onun tələbələri arasında aşağıdakı məşhurlar olub: Elzi Altmann-Loos — rəqqasə, aktrisa və operetta müğənnisi; Viki Baum — musiqiçi (arfaçalan) və yazıçı; Anna Freyd — psixoloq və psixoanalitik, Ziqmund Freydin kiçik qızı; Alisa Gerdan-Sukmayer — yazıçı; Rut Karplus — rəssam və modelyer; Edit Kramer — rəssam, art-terapiyanın pioneri; Mariya Lazar — yazıçı; Elizabet Noyman-Virtel — aktrisa; Elza Pappenhaym — psixiatr və psixoanalitik; Hilda Şpil — yazıçı, tərcüməçi və jurnalist; Helena Vaygel — aktrisa və teatr administratoru, Bertolt Brextin ikinci həyat yoldaşı; Alma Vittlin — sənətşünas, yazıçı, pedaqoq. İstinadlar

Ədəbiyyat Renate Göllner. Mädchenbildung um 1900: Eugenie Schwarzwald und ihre Schulen. Dissertation an der Universität Wien 1986, OCLC 61330367. Renate Göllner. Ein frühes reformpädagogisches Projekt: Eugenie Schwarzwald, eine Pionierin der Mädchenbildung, Universität Klagenfurt, Klagenfurt 1995, DNB 946575916. Robert Streibel. Eugenie Schwarzwald und ihr Kreis. Picus, Wien 1996, ISBN 3-85452-294-0. Haag, John. "Schwarzwald, Eugenie". Women in World History, Vol. 14: Schu-Sui. Waterford, CT: Yorkin Publications. pp. 30–33. ISBN 0-7876-4073-5.

Xarici keçidlər Schwarzwald , Eugenie Biographie Eugenie Schwarzwald Женщины Вены в европейской культуре.Доктор Евгения Шварцвальд (1872–1940)