Əliyev qardaşlarının evi — XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən zərgər və sahibkar Əliyev qardaşlarının 1909-cu ildə tikdirdikləri mülk.
Ev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Əliyev qardaşları əslən Fatmayı kəndindən olublar. Onların babası Molla Əli Qərib oğlu 1860-cı illərdə ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək özünə ev tikib. Ailə əsasən mal-qara saxlamaqla dolanıb. Əlibala və Qafar Əliyev qardaşları 1880-ci illərdən zərgərliklə məşğul olublar. Bakıda Olginskaya küçəsində (indiki Məhəmməd Əmin Rəsulzadə küçəsi) Haşımovun mülkünün birinci mərtəbəsində "Cəvahir" adlı dükanları olub və hər ikisi ikinci gildiya taciri olub.
1909-cu ildə qardaşlar babalarının tikdiyi köhnə evi sökərək yerində iki mərtəbəli eklektik üslubda mülk inşa ediblər. Məşədi Əlibala mülkün birinci, Kərbəlayı Qafar isə ikinci mərtəbəsində yaşayıb. Çar Rusiyası dövründə mülkün tikildiyi küçə "Suraxanskaya" adlanıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə küçəyə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı verilib.
Aprel işğalından sonra onların mülkləri müsadirə olunub, özləri isə təqiblərə məruz qalıblar. 1925-ci ildə repressiya qurbanı olmamaq üçün könüllü olaraq yaşadıqları mülkü bolşeviklərə təhvil veriblər. Mülk bir neçə hissəyə bölünüb və müxtəlif ailələrə ev kimi verilib. Bu dövrdə evdə 2 il müddətində bəstəkar Asəf Zeynallı yaşayıb. Nəslin varisləri yalnız on illər keçdikdən sonra öz mülklərinə qayıda biliblər və hazırda da mülkdə yaşayırlar.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə mülk, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Memarlığı Mülk malikanə üslubunda tikilib və iki mərtəbəlidir. Eklektika üslubunda tikilib. İnşa olunduğu tarix fasadda yerləşən daş lövhədə qeyd olunub. Evin əsas zallarının divar və tavanları rəngkarlıq rəsmləri ilə bəzədilib. Otaqların birinin tavanında mavi səma və qaranquşlar, bir başqasında isə qız təsvirləri var. Bundan başqa otaqlarda qorunub saxlanılmış üzü kaşı ilə işləməli divar sobaları var. Binanın yola baxan fasadında döymə məhəccərli kiçik balkonu var.
Şəkillər
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:1909-cu ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Bakının tarixi evləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri