Şahzadə Nikolay (; ) — Rumıniya kralı I Ferdinandın oğlu, şahzadə.
Həyatı 1903-cü ildə Peleş qəsrində dünyaya gəldi. Atası Rumıniya kralı I Karolun qardaşı oğlu varisi vəliəhd Ferdinand Hohensollern, anası isə Saksen-Koburq-Qota hersoqu Şahzadə Alfredin qızı Edinburqlu Mariyadır. Cütlüyün dördüncü övladı idi və anasının dayısı oğlu olan son rus çarı II Nikolayın şərəfinə adlandırılmışdır. Olduqca əyləncəli və sərbəst keçən uşaqlıq illərinin ardından Britaniyada İton kollecinə göndərildi və hərbi karyeraya yönəldi.
1914-cü ilin sonunda I Karol vəfat etdi və varis kimi atası I Ferdinand adıyla taxta çıxdı. Davam edən Birinci Dünya müharibəsi səbəbilə Şahzadə Nikolay dərhal vətənə çağırıldı və təhsilini yarım qoyaraq bütün ailə üzvləriylə birlikdə Buxarestdəki Kotroçen sarayında məskunlaşdı. Almanlara qarşı mübarizədə Buxarest işğal edildi və bu səbəblə, digər monarx ailəsi üzvləriylə birlikdə Yassı şəhərinə qaçırıldılar. Müharibənin ardından Britaniyadakı təhsilini davam etdirən Şahzadə Nikolay İton kollecindəki təhsilini tamamladıqdan sonra Britaniya donanmasında hərbi karyeraya başladı.
Taxt varisi olan böyük qardaşı Şahzadə Karol sevdiyi xanımlara görə 2 dəfə taxt hüququndan imtina etdi və bunlardan ikincisi qəbul edilərək 28 dekabr 1925-ci ildə yenidən taxt hüququndan imtina etdiyini və bir daha Buxarestə qayıtmayacağını bildirdi. 4 yanvar 1926-cı ildə onun bu qərarı parlament tərəfindən təsdiq edildi və onun Şahzadə Helendən doğulan oğlu Şahzadə Mixay taxtın yeni varisi seçildi. Bu dövrdə Şahzadə Nikolayın taxt varisi seçilməsi ilk dəfə müzakirə edildi. Atası I Ferdinandın 1927-ci ildə ölümündən sonra 6 yaşlı qardaşı oğlu I Mixay taxta çıxarıldı. Şahzadə Nikolay isə azyaşlı kralın yerinə dövləti idarə edən 3 nəfərlik naiblik komissiyasının üzvü seçildi.
Yeni vəzifəsi səbəbilə Britaniya donanmasındakı ünvan və vəzifələrindən imtina edərək Rumıniyaya qayıdan Şahzadə Nikolay bundan məmnun deyildi. Bu vəzifəsi 3 il davam etdi. Belə ki, 1930-cu ildə vaxtilə taxtdan imtina edən böyük qardaşı Şahzadə Karol yaranan siyasi boşluqdan istifadə edərək vətənə qayıtdı və hakimiyyəti ələ aldı. İlk başda münasibətləri yaxşı idi. Hətta qardaşını hava limanında qarşıyaraq Kotroçen sarayına qədər müşayiət etdi. Ancaq çox keçmədən münasibətləri pisləşdi. Səbəb isə Şahzadə Nikolayın sadə mülkədar ailəsinə mənsub, üstəlik yaşca özündən böyük, dul İohanna Doletti adlı xanımla evlənmək istəməsi idi. İlk başda kral qardaşına gizlicə evlənməsini tövsiyə edərək, özünün isə bu nigahı sonradan rəsmiləşdirəcəyinə söz verdi. Ancaq 7 noyabr 1931-ci ildə baş tutan toy mərasiminin ardından qardaşı II Karol bu sözündən döndü və qardaşının bütün rəsmi ünvanlarını əlindən alaraq onu ölkədən sürgün etdi.
Sürgündə İspaniyaya köçən Şahzadə Nikolay xanımıyla uzun illər burada yaşadı və ardından İsveçrəyə köçdülər. Xanımının 1963-cü ildə burada vəfat etməsinin ardından 13 iyul 1967-ci ildə Lozannada əslən Braziliyalı olan dul Mariya Tereza Lisboa de Mello (1913-1997) ilə evləndi. Heç bir evliliyindən övladı olmadı.
40 il davam edən sürgünün ardından 1978-ci ildə Madriddə vəfat etdi. Cənazəsi Lozannada ilk xanımının yanına dəfn olundu. 2024-cü ildə xanımıyla birlikdə cənazə qalıqları toplanaraq Arqeş şəhər kafedralına daşındı və yenidən dəfn olundu.
Qalereya
Mənbə
Ədəbiyyat
Royal Decision nr. 1 from 7 July 1942, published in "Monitorul Oficial al României", part I, nr. 156 from 8 July 1942, p. 5594 Marie, Queen of Romania (1933). The Story of My Life. C. Scribner’s sons. p. 517 Marie, Queen (1934). The story of my life [by] Marie, queen of Romania. State Library of Pennsylvania. C. Scribner’s sons. p. 517 Tribune, The International Herald (20 August 2019). "1919: Romanian Crown Prince Renounces His Title". The New York Times. ISSN 0362-4331 "File:BASA-3K-2-123-244-Recipients of the Bulgarian Order of Saint Alexander, 1912-1935.JPG - Wikimedia Commons". commons.wikimedia.org
İstinadlar