Əbu Xalid Yezid ibn Əbu Süfyan əl-Qureyşi (; ) — İslam peyğəmbəri Məhəmmədin qaynı və səhabəsi, hərbi lider. Bəzi mənbələrdə "Yezidül-xeyr" (; ) ləqəbi ilə qeyd edilmişdir.
Bioqrafiya Atasının adı Əbu Süfyan, anasının adı Ümmül-Həkəm Zeynəb bint Nofəl əl-Kinanidir. Muaviyə ilə Ümmü Həbibənin qardaşıdır.
Yezid Məkkənin fəthi vaxtı müsəlman olmuş və atası ilə birlikdə Hüneyn döyüşündə iştirak etmişdir. O, Məhəmməd tərəfindən Kinanə qəbiləsinin Bəni Malik qolunun Firasoğullarının zəkatı amili təyin edilmişdir. İbn Həbib Yezidin Teymədə amil vəzifəsini icra etdiyini də qeyd etmişdir. M. Mustafa əl-Əzəmi isə onu Məhəmmədin vəhy katiblərindən biri olduğunu qeyd etmişdir.
Əbu Bəkr Riddə döyüşlərinin ardınca onu İordaniyaya göndərmişdir. Bu ordunun tərkibində Əbu Süfyan, ögey anası Hind və orduya ələmdarlıq edən Muaviyə də var idi.
Girdiyi ilk döyüşdə Bizansa qalib gələn Yezid, yenə Əbu Bəkr tərəfindən Xalid ibn Vəlidə dəstək üçün göndərilmişdir. O, Xalidlə birlikdə bir-neçə döyüşdə, o cümlədən Əcnədeyn döyüşündə iştirak etmişdir (hicri 13 / 30 iyul 634). O, Dəməşqin mühasirəsində öz dəstəsi ilə birlikdə iştirak etmiş və müsəlmanların qələbə qazanmasında rol oynamışdır (hicri 13 / 30 iyul 634). O, həmçinin şəhərin ələ keçirilməsindən sonra bağlanan müqaviləni imzalayanlardan biri olmuşdur (hicri 14 / sentyabr 635). Həmin il onun Əmmanı da (sülh yolu ilə) ələ keçirdiyi qeyd edilmişdir.
Yezid Xalidin dəvəti ilə Yərmük vadisinə yollanmış və bu vadidə baş vermiş Yərmük döyüşündə müsəlmanların sol cinahına başçılıq etmişdir (hicri 15/ 20 avqus 636).
Ömər tərəfindən Dəməşq valisi təyin edilən Yezid, bu vəzifəni icra edərkən Aralıq dənizi sahilindəki bir sıra yaşayış məntəqələrini də ələ keçirmişdir.
Təhsilə önəm verdiyi deyilən Yezid, yerli əhalinin təhsil alması üçün bölgəyə müəllimlərin göndərilməsini tələb etmiş, Ömər də onun tələbini qəbul edərək bölgəyə müəllimlər göndərmişdir.
Yezid 638 və ya 639-cu ildə bölgədə taun epidemiyasının yayılmasından sonra xəstələnən və səhhəti pisləşən Muəz ibn Cəbəlin yerinə vəkil təyin edilmiş, lakin özü də həmin il tauna yaxalanaraq vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Səhabələr