Berta Pipinya (Ziemele) (; ) — Latviyalı müəllim, jurnalist, siyasətçi və feminist. 1920-ci il mayın 1-dən 1-ci Seymin toplandığı 1922-ci il noyabrın 7-nə qədər Latviya Konstitusiya Assambleyasının altı qadın üzvü olsa da, o, Latviya Seyminə seçilən ilk qadın olub. Qadın hüquqları sahəsində aktiv fəaliyyət göstərərək, Riqa Şəhər Şurasında və Seymdə çalışdığı müddətdə qadın bərabərliyini təşviq etmək və ailələri qorumaq üçün qanun və siyasətlərin qəbul edilməsinə çalışıb. Sovet qoşunları Latviyanı işğal etdikdən sonra o, Sibirə sürgün edilib, adı ensiklopediyalardan silinib və QULAQda vəfat edib.

Həyatı Berta Ziemele 28 sentyabr 1883-cü ildə Rusiya imperiyasının Kurlandiya quberniyasının Kode kəndində (hazırkı Latviya ərazisi), Liza və Jekabs Ziemelisin ailəsində anadan olub. Valideynləri təsərrüfatla məşğul olub və bir mehmanxana idarə ediblər. Ziemele Misa kəndindəki qızlar ibtidai məktəbində, daha sonra isə Bauskadakı dördillik orta təhsil verən Beķeris qızlar gimnaziyasında təhsil alıb.

Fəaliyyəti 1901-ci ildə Ziemele hazırda Ukrayna ərazisi olan Xarkovda müəllimlik fəaliyyətinə başlayıb. 1904–1908-ci illər arasında o, Berlində Dr.Libmanın rəhbərliyi altında fiziki məhdudiyyətli uşaqlara kömək etmək üçün loqopediya üsullarını öyrənib. Növbəti il təhsil sistemləri haqqında biliklərini artırmaq məqsədilə İsveçrə və Rusiyaya səyahət edib.

1910-cu ildə Latviyaya qayıdıb və kitab tənqidçisi, jurnalist Ermanis Pīpiņš (1873–1927) ilə ailə qurub. Cütlüyün üç övladı — Biruta və Nora adlı qızları və Jānis adlı bir oğlu olub. 1918-ci ildə Latviya müstəqillik qazandıqdan sonra Pīpiņa sosial və siyasi məsələlərdə aktiv iştirak etməyə başlayıb. O, Demokratik Mərkəz Partiyasının təsisçilərindən biri olub və partiyanın Mərkəzi Komitəsinə seçilib. Bununla da, o, bir partiyanın mərkəzi idarəetmə orqanına seçilən ilk qadın kimi tarixə düşüb.

1919-cu ildə Riqa Şəhər Şurasına seçilib və burada ictimai içki vərdişləri, eləcə də qadın və uşaq problemləri ilə bağlı məsələlər üzərində işləyib. Təchizat Komissiyasına təyin edilib və qadın haqları mövzusunda çoxsaylı tədbirlərdə çıxış edib. 1922-ci ildə Latviya Qadınlar Milli Liqasına qoşulub və elə həmin il Liqa Beynəlxalq Qadınlar Şurasına (ICW) üzv olub. 1925-ci ildə Pīpiņa Liqanın prezidenti olub. Təşkilat onun rəhbərliyi altında bir çox xeyriyyə işləri görüb. O, uşaq bağçası salıb, kitabxana istifadəyə verib, bazar günü məktəbləri açıb. Ziemele həmçinin qadınlar üçün təhsil və əl işləri kursları da təşkil edib. Təşkilat həmçinin qadınlara pulsuz hüquqi məsləhətlər verib. Pīpiņa inanırdı ki, bu fəaliyyətlər qadınları birləşdirmək, gələcək nəsilləri tərbiyə etmək üçün onları maarifləndirmək və milli ruhun inkişafına kömək etmək məqsədi daşıyır.

Berta Pipinya 1925–1928-ci illər arasında Riqa Kasıblar Şöbəsinə rəhbərlik edib, 1931-ci ilə qədər isə bələdiyyə idarələrinə nəzarət edən Riqa Təftiş Komissiyasında çalışıb. 1928-ci ildə qadınlara övladlarını maarifləndirməkdə kömək etmək məqsədilə yazdığı "Kā es runāju ar saviem bērniem par dzimumdzīvi" (Övladlarımla cinsəllik haqqında necə danışıram) adlı əsərini nəşr etdirib.

1930-cu ildə Berta Pipinya qadınların sosial və siyasi bərabərliyini təşviq edən Latviya Qadın Təşkilatları Şurasının yaradılmasında iştirak edib. O, bu şuranın idarə heyətində təmsil olunub və təşkilatın rəhbəri təyin edilib. 1931-ci ildə Berta Pipinya Seymdə (Latviya Parlamenti) təmsil olunan ilk qadın olub və müharibələrarası dövrdə 100 nəfərlik parlamentin yeganə qadın üzvü kimi tarixdə qalıb. Demokratik Mərkəzi təmsil edən deputat kimi seçilib, Özünüidarəetmə Komissiyasının sədr müavini və Petisiya Komissiyasının katibi vəzifələrində işləyib.

Berta Pipinya qadınlar və ailələr üçün hüquqi müdafiəyə nail olmağa çalışıb. Evli qadınların işdən çıxarılmasını nəzərdə tutan qanun layihəsinə kəskin etiraz edərək böyük əks-səda doğurub və bu mövqeyinə görə Kārlis Ulmanisin qəzəbinə tuş gəlib. O, həmçinin ailələrə və yoxsullara dövlət dəstəyi verilməsi üçün qanunlar üzərində işləyib, lakin bu fəaliyyətlərinə görə kişi həmkarları və mətbuat tərəfindən tez-tez məsxərəyə qoyulub.

Eyni dövrdə o, beynəlxalq qadın konfranslarında da fəal iştirak edib: Vyana (1930), Stokholm (1933), Paris (1934) və Dubrovnikdə (1936) keçirilən Beynəlxalq Qadınlar Şurası (ICW) konqreslərinə qatılıb; Avstriya, Macarıstan və Rusiyada keçirilən qadın görüşlərində Latviyanı təmsil edib.

1934-cü ildə "Latviete" (Latviyalı qadın) adlı aylıq jurnalın həmtəsisçisi olub. Jurnalın məqsədi qadınları milli məsələlərdə maarifləndirmək və bərabərliyə mane olan "patriarxal stereotiplər"lə mübarizə aparmaq olub. Həmin il Riqa Şəhər Şurasındakı işini başa vurub, 1935-ci ildə isə çətir şuranın rəhbərliyindən istefa verib. O, "Lejaskrodzinieka meita" (Mehmanxana sahibinin qızı, 1935) adlı romanını çap etdirib və 1936-cı ildə ICW-nin vitse-prezidenti seçilib.

Sürgün və ölümü 1934-cü ildə avtoritar rejimin hakimiyyətə gəlməsi ilə Berta Pipinya siyasətdən uzaqlaşıb, lakin jurnalist kimi fəaliyyətini davam etdirib. 1940-cı ildə Sovet qoşunları Latviyanı işğal etdikdən sonra o, hədəfə çevrilib və 1941-ci ildə Sibirə sürgün edilib.

Berta Pipinya 1942-ci ildə Ob çayı sahilindəki əmək düşərgəsində vəfat edib. Sovet dövründə müstəqil Latviya parlamentində xidmət etdiyi üçün "dövlət düşməni" hesab olunub və bioqrafiyası ensiklopediyalardan silinib. Onun siyasi tarixdə və qadın hərəkatındakı əhəmiyyəti Latviya yenidən müstəqillik qazandıqdan sonra təkrar üzə çıxıb.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Latvju enciklopēdija 2. sēj. 1953—1955 Восемь первых женщин Латвии Valdības Vēstnesis Nr. 262 (16.11.1935), 3. lpp., ieraksts Nr. 1725