Malqojata Tkaç-Yanik (; ) — Polşalı feminist, ictimai xadim və siyasətçi. O, universitet müəllimi, Sileziya mədəniyyəti və irsinin tədqiqatçısı, humanitar elmlər doktoru və Yaşıllar Partiyasının həmsədri (2009–2011) olub.
Həyatı Malqojata Tkaç-Yanik 17 sentyabr 1965-ci ildə Zabrzedə anadan olub. Orta məktəbi bitirdikdən sonra Müəllimlər Kollecindən məzun olub. Daha sonra fiziki və əqli qüsuru olan uşaqlarla çalışıb. Sileziya Universitetində mədəniyyətşünaslıq üzrə təhsil alıb. Təhsildə göstərdiyi yüksək nəticələrə görə Milli Təhsil Nazirinin təqaüdünə layiq görülüb. 2010-cu ildə Katovitsedəki Sileziya Universitetinin Filologiya fakültəsində "Müasir kommunikasiya janrı kimi reklam mesajı" mövzusunda dissertasiya müdafiə edərək humanitar elmlər doktoru elmi dərəcəsini qazanıb.Nauka Polska - database of Polish academics (in Polish)
Siyasi fəaliyyəti Malqojata Tkaç-Yanik yarandığı 2003-cü ildən etibarən üzvü olduğu Yaşıllar Partiyasına 2009-cu ildən 2011-ci ilə qədər (Dariuş Şved ilə birlikdə) həmsədrlik edib. 2004-cü ildə Avropa Parlamentinə keçirilən seçkilərdə bu partiyanın siyahısından namizədliyini irəli sürsə də, mandat qazana bilməyib. 2010-cu ildə Yaşıllar Partiyası ilə Demokratik Sol Alyansın (SLD) ortaqlığı çərçivəsində IV çağırış Sileziya Regional Parlamentinin (sejmik) deputatı seçilib. 2014-cü ildə Qlivitse (Gliwice) şəhərinin mer seçkilərində müstəqil namizəd kimi iştirak edib (6 namizəd arasında 4-cü yeri tutub); eyni zamanda Qlivitse şəhər şurasına namizədliyini versə də, bu cəhdi uğursuzluqla nəticələnib. Hazırda partiyasız olub.
İctimai və elmi fəaliyyəti Malqojata Tkaç-Yanikin ictimai və elmi fəaliyyəti qadın hüquqları, demokratiya, tarix, Sileziyanın mədəni irsi və qadınların sosial aktivliyinin artırılması kimi məsələlərlə bağlı olub.
O, əməkdaşı olduğu Voysex Korfantı adına Polşa Fikir İnstitutunda Sileziyanın mədəni irsinin araşdırılması ilə məşğul olub. Sileziyanın mədəni irsinin və regionda qadınların rolunun yaşadılması üçün çoxsaylı aksiyalar təşkil edib. O, "Sileziya qadın cığırı" (Śląski szlak kobiet) təşəbbüsünün müəllifi və Qadınlar Konqresinin rəsmi nümayəndəsi olub. "Dialoq Məkanları" Fondu, Qadınlar Konqresi Assosiasiyası, "İskierka" Fondu və "Qadın Cığırı ilə" Assosiasiyası kimi bir çox qeyri-hökumət təşkilatları ilə birgə çalışıb.
2017-ci ildən etibarən Qlivitsedəki Qadın Kitab Klubunda fəaliyyət göstərib.
Mükafat və təltifləri 2009-cu ilin yanvarında "Gazeta Wyborcza" qəzeti tərəfindən "2008-ci ilin Polşalı Qadını" tituluna namizəd göstərilib. Bu namizədlik Polşa qadınlarının seçki hüququ qazanmasının 90 illiyi münasibətilə ümummilli tədbirlərin təşkili ilə bağlı olub. 2013-cü ildə "Dziennik Zachodni" qəzetinin Sileziya voyevodalığının ən nüfuzlu əlli qadını siyahısına daxil edilib. 2014-cü ildə "Dziennik Zachodni" qəzetinin Sileziya voyevodalığının ən nüfuzlu on qadını siyahısında yer alıb. 2018-ci ildə ictimai və xeyriyyəçilik fəaliyyəti kateqoriyasında Qlivitse üzrə "2018-ci ilin Şəxsiyyəti" müsabiqəsinin qalibi olub. 2018-ci ildə "Dziennik Zachodni" qəzetinin Sileziya voyevodalığının iyirmi cəsur qadını siyahısına salınıb. İstinadlar
Xarici keçidlər Małgorzata Tkacz-Janik at the website of Greens 2004 (in Polish)