Hamburq Elmlər Akademiyası () — Hamburq şəhərində yerləşən alman elmi cəmiyyəti və Almaniya Elmlər Akademiyaları İttifaqının həqiqi üzvü. Akademiyanın üzvləri Şimali Almaniyanın tanınmış və görkəmli alimlərindən ibarətdir. Akademiyanın əsas missiyası həm müstəqil şəkildə, həm də Almaniyanın və xarici ölkələrin alimləri və elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq şəraitində fənlərarasılıq (multidissiplinarlıq) prinsiplərinə əsaslanan tədqiqatlar aparmaqdır.
Təsviri və fəaliyyəti
Hamburq Elmlər Akademiyası Almaniya Elmlər Akademiyaları İttifaqının ən yeni üzvüdür. Akademiya 2004-cü ildə Hamburq Parlamenti tərəfindən rəsmi olaraq xüsusi statuslu dövlət korporasiyası (ictimai-hüquqi şəxs) kimi təsis edilmişdir. Təşkilat regiondakı müxtəlif elmi fənlər, universitetlər və tədqiqat müəssisələri arasında sıx əməkdaşlığı inkişaf etdirir, həmçinin təşkil etdiyi müxtəlif tədbirlər və nəşrlər vasitəsilə elm ilə ictimaiyyət arasındakı əlaqələri gücləndirir. Hamburq Akademiyası tələbə laboratoriyaları təşkil edir və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuş fənlərarası konfransları maliyyə cəhətdən dəstəkləməklə Hamburq, Meklenburq-Ön Pomeraniya və Şlezviq-Holşteyn federal torpaqlarındakı gənc alimlərin fəaliyyətinə təkan verir.Akademie der Wissenschaften in Hamburg. Jahresabschluss und Lagebericht für das Geschäftsjahr 2023. Retrieved 2025-07-16.
Rəhbərlik
2013–2021-ci illərdə akademiyanın prezidenti vəzifəsində Edvin Kroyzer () fəaliyyət göstərmişdir. 2021-ci ildə tanınmış iqlimşünas alim Mocib Latif akademiyanın yeni prezidenti seçilmişdir.
Akademiyanın layihələri
Akademiya uzunmüddətli fundamental elmi layihələrin həyata keçirilməsinə rəhbərlik edir. Bu layihələr sırasına alman jest dili korpusu əsasında elektron lüğətin hazırlanması, xristian Həbəşistanı (Efiopiya) və Eritreyanın yazı mədəniyyətinin tədqiqi, yerli Şimali Avrasiya dilləri üçün qrammatika, korpus və dil texnologiyalarının yaradılması, erkən orta əsrlər formullarının (rəsmi sənəd şablonlarının) yeni nəşri, eləcə də əlyazmaların, istifadəçi qruplarının və mədəni mühitlərin rəqəmsal indeksləşdirilməsi daxildir.
Strukturu və təşkilatlanması
Akademiyanın tərkibi bütün akademik elmi fənləri əhatə edən 80 həqiqi üzvdən, həmçinin müxbir və fəxri üzvlərdən ibarətdir. Akademiya daxilində layihələrin işlənib hazırlanması və icra edilməsi məqsədilə fənlərarası işçi qrupları formalaşdırılmışdır.
Mükafatları
Hamburq Elmlər Akademiyası hər iki ildən bir 100 000 avro dəyərində "Hamburq Elm Mükafatı"nı () təqdim edir. Bu mükafat bütün Almaniya regional elmlər akademiyaları tərəfindən verilən mükafatlar arasında ən yüksək pul fonduna sahib olan elmi təltifdir.
İstinadlar
Həmçinin bax
Hamburq Almaniya Elmlər Akademiyaları İttifaqı Meklenburq-Ön Pomeraniya Şlezviq-Holşteyn
Kateqoriya:Elmlər akademiyaları Kateqoriya:Almaniyanın ictimai hüquq korporasiyaları Kateqoriya:Almaniyanın elmi təşkilatları Kateqoriya:Almaniya Elmlər Akademiyaları İttifaqı Kateqoriya:Hamburq təşkilatları