Anna Moiseyevna Kulişova və ya Anna Moiseyevna Rozenşteyn (; ) — Rusiya-yəhudi mənşəli italyan inqilabçı, görkəmli feminist, Mixail Bakuninin ideyalarından təsirlənmiş anarxist və sonradan marksist sosialist aktivist (fəal). O, əsasən İtaliyada fəaliyyət göstərib və burada tibb sahəsi üzrə məzun olan ilk qadınlardan biri kimi tarixə düşüb.
Həyatı Anna Kulişova 1857-ci ildə Krımda, Simferopol yaxınlığında Anna Moiseyevna Rozenşteyn olaraq dünyaya gəlib. O, xoşbəxt və qayğısız bir uşaqlıq keçirməsinə təminat verən, həmçinin İsveçrənin Sürix Universitetində fəlsəfə kurslarında iştirak etməsini təmin edən zəngin bir yəhudi tacir ailəsinin qızı olub. Atası Moisey, Rusiya imperiyasının istənilən yerində yaşamaq icazəsi olan beş yüz imtiyazlı birinci gildiya yəhudi tacirindən biri olub.
O, fövqəladə yaddaşa, eləcə də məntiqi və ciddi mühakimə yürütməyə qarşı müstəsna bir qabiliyyətə malik olub. Uşaqlıqdan bəri şəxsi müəllimlər və mürebbiyələrlə təhsilini davam etdirməyə həvəsləndirildiyi üçün siyasətlə çox erkən yaşlarında maraqlanmağa başlayıb. 1871-ci ildə şəxsi müəllimlərlə xarici dilləri öyrəndikdən sonra Kulişova mühəndislik təhsili almaq üçün Sürix Politexnik İnstitutuna göndərilib və o, burada əlavə olaraq fəlsəfə kurslarında da iştirak edib. Şəhərdə çoxluq təşkil edən siyasi mühacirlər onu üsyankar və bərabərlikçi ideyalarla tanış ediblər. Tədqiqatlarını yarımçıq qoyaraq, 1873-cü ildə əsilzadə mənşəli inqilabçı olan Pyotr Makareviç ilə ailə həyatı qurub və onlar birlikdə Rusiyaya geri dönüblər. Orada əvvəlcə Odessada, daha sonra isə Kiyevdə inqilabi qruplar üçün çalışıblar.
1874-cü ildə Makareviç inqilabi fəaliyyətinə görə beş il müddətinə ağır icbari əməyə məhkum edilib və o, həbsxanada vəfat edib. Həbs olunmaqdan yayınmaq üçün Anna gizli şəkildə yaşamaq məqsədilə Odessadan qaçıb. Əvvəlcə Kiyevdə, daha sonra isə Xarkovda məskunlaşıb və pul qazanmaq üçün tez-tez ictimai parklarda mahnı oxuyub. Kiyevdə o, çar hakimiyyətinə qarşı terrorist fəaliyyətlər həyata keçirən "Torpaq və Azadlıq" (Zemlya i Volya) partiyası ilə əlaqəli inqilabçılara qoşulub. Bu silahlı qrupdakı yoldaşları həbs olunduqda, o, qaçmağı bacarıb.
1877-ci ilin aprelində o, saxta pasportdan istifadə edərək Rusiyanı tərk edib və Parisə köçüb. Parisdə Bakuninin ardınca gedərək dövlətin ləğvini təbliğ edən kiçik bir anarxist qrupun üzvü olub. Qrupun üzvlərindən biri uzun illər əlaqədə olacağı italyan Andrea Kosta olub. Bu dövr ərzində onlar həbslər və sürgünlər səbəbindən mütəmadi olaraq bir-birlərindən ayrı salınıblar. Polis qeydlərində Annanın ilk dəfə Şərqdən gəldiyini bəlli edən uydurma bir adla – Kulişova soyadı ilə qeydiyyata alınması məhz Parisdə baş verib. 250px|thumb|right|Filippo Turati və Anna Kulişovanın barelyefi, Piazza Duomo, Milan, 1987 1878-ci ildə Fransadan qovulduqdan sonra o, İtaliyada məskunlaşıb və 1891-ci ildə mühüm bir sosialist qəzeti olan "Critica Sociale"nin redaktoru olub. Qadınların seçki hüququ kimi məsələlərin fəal müdafiəçisi olan Anna Kulişova bir neçə dəfə mühakimə olunub və həbs edilib. Onun marksizmə dair baxışları sonradan həyat yoldaşına çevrilən Filippo Turatiyə böyük təsir göstərib. Onlar birlikdə, İtaliya Sosialist Partiyasının (PSI) tərkibində reformist (islahatçı) qanadın liderləri kimi çıxış edərək partiyanın qurulmasına töhfə veriblər. Bu qanad həm kommunizmə (hansı ki 1921-ci ildə yeni İtaliya Kommunist Partiyasının ayrılmasına səbəb olub), həm də Benito Mussolininin irredentist (millətçi-ilhaqçı) mövqeyinə (buna görə Mussolini sonradan PSI-ni tərk edib) qarşı çıxıb. Onların qrupu 1921-ci ilin sonlarında PSI-dən uzaqlaşdırılıb və bu, faşizmin yüksəlişinə müqavimət göstərmək məqsədilə Turati, Kulişova və Cakomo Matteottinin liderliyi altında Vahid Sosialist Partiyasının (PSU) yaranması ilə nəticələnib.
Əvvəlcə Andrea Kosta, daha sonra isə Filippo Turati ilə romantik münasibətdə olub və onların hər ikisini marksizmə "sövq edib" (inandırıb). Bu səbəbdən o, sonralar "İtaliya sosializminin güclü qadını" kimi xarakterizə edilib. 1947-ci ildə İtaliyanın "Corriere della Sera" qəzetinin jurnalisti Karlo Silvestri bəyan edib: "İtaliya sosializminin ən yaxşı siyasi beyni əslində ən xoş və qürurlu qadınlardan biri idi; Mussolini də daxil olmaqla, onun qarşısında hörmət və heyranlıqla baş əyməyən heç kim yox idi".
1912-ci ildə Covanni Colittinin hökuməti, savadsızlığın qadınlara səsvermə hüququnun verilməməsinə səbəb kimi göstərilməsinə baxmayaraq, yalnız kişilərə (hətta savadsız olanlara belə) səsvermə hüququ tanıyan qanun qəbul edərək qadınlara bu hüququn verilməsi imkanını rədd edib. Anna Kulişova üçün bu hadisə dərin bir məyusluq və tərk edilmişlik hissi ilə müşayiət olunan qaranlıq bir dövrün başlanğıcı olub. Onun Turati ilə münasibətlərində siyasi fikir ayrılıqları şəxsi məsələlərlə qarışaraq onların sakit həyatını alt-üst edib. Kulişovanın ömrünün son illəri böyük acı, çoxsaylı sağlamlıq problemləri, sosialistlər daxilindəki parçalanmalar və Faşist Partiyasının yüksəlişi ilə yaddaqalan olub. Anna Kulişova 27 dekabr 1925-ci ildə vəfat edib. Dekabrın 29-da Milanın mərkəzi küçələrində keçirilən dəfn mərasimini zorakılıq halları müşayiət edib. Belə ki, bəzi faşistlər arabaların üzərinə atılaraq örtükləri və çələngləri cırıb, dəfni faktiki olaraq bir müharibə elanına çeviriblər.
Tibbi karyerası
Siyasətə bir müddət ara verdiyi üçün Kulişova ilkin olaraq özünü universitet təhsilinə həsr edib. 1882-ci ildə o, İsveçrəyə köçmək məcburiyyətində qalıb və burada tibb fakültəsinə daxil olub. Tibb elmi onun fərdi bir mühitə çəkilmək ehtiyacını ödəyir, həmçinin sosial bir missiyaya olan canatımını təmin edirdi. Həbsxanada keçirdiyi uzun müddət səbəbindən o, vərəm xəstəliyinə tutulub və ona daha mülayim iqlimi olan yerlər məsləhət görülüb. Beləliklə, o, 1884-cü ildə qızı Andreina Kosta ilə birlikdə Neapola köçüb.
Bürokratik əngəllər ucbatından eksperimental işləri başqa yerdə davam etdirmək qərara alınıb. O, əvvəlcə Turin şəhərinə gedərək burada Çezare Lombrozo və onun qızları Paola və Cina ilə tanış olub, daha sonra isə 1885-ci ildə Paviya şəhərinə yollanaraq gələcək Nobel mükafatı laureatı Kamillo Qolcinin ən nüfuzlu laboratoriyalarından birində çalışıb. O, diplom işini epidemiologiya kimi xüsusilə çətin bir sahəyə həsr etmək qərarına gəlib və qadın ölümlərinin əsas səbəblərindən biri olan zahılıq qızdırmasının (puerperal fever) patogenezini (inkişaf mexanizmini) öyrənməyə başlayıb. Bu sahə həm mikrobiologiya kəşfləri, həm də İtaliyada gigiyenik reabilitasiya sahəsində baş verən mühüm siyasi xarakterli yeniliklər fonunda olduqca stimullaşdırıcı və sürətlə inkişaf edən bir tədqiqat sahəsi olub. Bu, demokratik və sosialist ideologiyası ilə güclü şəkildə xarakterizə olunan "sosial təbabət" konsepsiyasının təsdiqini nəzərdə tuturdu. O, diplom işini cəsarətli bir fərziyyə ilə tamamlayaraq qeyd edib ki, infeksiya törədicisi Lui Pasterin iddia etdiyi kimi streptokok deyil, başqa xarakterli mikroorqanizmlər – çürümə zülallarıdır. Qolci ilkin olaraq Kulişovanın bu fərziyyəsini dəstəkləsə də, artıq növbəti ildə onun Paviyadakı laboratoriya yoldaşları bu fikri təkzib ediblər. Onun diplom işi sənətçinin yeganə elmi nəşri olaraq "Gazzetta degli Ospedali" jurnalında dərc edilib.
Diplom işini tamamladıqdan sonra o, Neapol Universitetinə geri dönüb və 1886-cı ildə tibb və cərrahiyyə ixtisası üzrə məzun olub. Tibb təhsilini başa vurduqdan sonra, 1887-ci ildə növbəti dəfə köçməli olub. Bu dəfə Paduada Akille De Covanninin tibb klinikasında ixtisaslaşma xətti ilə fəaliyyət göstərib. 1888-ci ildə əvvəlcə Turində, daha sonra isə Paduada ginekologiya üzrə ixtisaslaşıb. Tədqiqatlarını məhz ginekologiya sahəsində cəmləşdirmək seçimi Kulişovanın feminist hərəkata olan sadiqliyinin bir göstəricisi kimi çıxış edib. Beləliklə, Kulişova peşəkar fəaliyyəti ilə siyasi fəaliyyəti arasında bir bağ tapa bilib. Bu illər ərzində o, Filippo Turati ilə münasibətdə olub və onunla birlikdə Milana köçmək qərarına gəlib. O, "Maggiore" xəstəxanasında həkim kimi işə düzəlməyə çalışsa da, qadın olduğu üçün müraciəti rədd edilib.
Həm akademik karyerası, həm də xəstəxana həkimi olmaq istəyi yarımçıq qaldıqdan sonra, o, San Pietro all'Olmo küçəsi 18 ünvanında "yoxsulların həkimi" kimi fəaliyyətə başlayıb. Kulişova kasıb qadınlara pulsuz tibbi yardım təkl edib. Yoxsulların həkimi peşəsi onu Milan fəhlələrinin acınacaqlı həyat şəraitinin canlı şahidi olmağa məcbur edib. O, bu sahəyə siyasi cəhətdən müdaxilə etmək istəyib. "Yoxsulların həkimi" olmaq onun üçün bir növ iradə nümayişi kimi görünürdü. Gördüyü işlərə görə ona həqiqətən heyran qalırdılar. Onun gündəlik baxışları bir lütf, xeyir-dua kimi gözlənilirdi, çünki bu, sadəcə bir həkim qəbulu deyil, daha böyük bir məna daşıyırdı. Anna Kulişova əzab çəkənlərin təsəllivericisi, dostu, etibarlı sirdaşı və sevimlisi hesab edilib. Pasiyentləri onu ruhun dərinliklərinə nüfuz etməyi bacaran bir qadın kimi təsvir edirdilər. O, yoxsul insanlara qarşı səmimi və doğma bir yaxınlıqla yanaşıb. Kulişova öz qayğısını təkcə yoxsullara həsr etməyib, burjuaziya təbəqəsindən olan xanımlar da özlərini onun müalicəsinə etibar ediblər. Təəssüf ki, səhhətinin pisləşməsi səbəbindən bu fəaliyyət çox uzun çəkməyib. O, evinə çəkilərək burada öz canlı siyasi mübarizəsini davam etdirib. XX əsr ərzində qadınların əvvəlcə tibb məktəblərində, daha sonra isə xəstəxanalarda və hər bir səhiyyə müəssisəsində mövcudluğu yavaş, lakin davamlı bir artım nümayiş etdirib.
Əsərləri Il monopolio dell’uomo: conferenza tenuta nel circolo filologico milanese, Milano, Critica sociale, 1894. A. Kuliscioff, F. Turati Il voto alle donne: polemica in famiglia per la propaganda del suffragio universale in Italia, Milano, Uffici della critica sociale, 1910. Proletariato femminile e Partito socialista: relazione al Congresso nazionale socialista 1910, Milano, Critica sociale, 1910. Donne proletarie, a voi…: per il suffragio femminile, Milano, Società editrice Avanti!, 1913. Lettere d’amore a Andrea Costa, 1880—1909, Milano, Feltrinelli, 1976.
İstinadlar
Ədəbiyyat Афанасьева С. П., К вопросу о революционной деятельности Анны Кулишёвой в 1873—1892 годах, в кн.: Россия и Италия, М., 1968
Еремеева, А. Н. «Русские итальянки» — борцы за мир и равноправие: выставка, посвященная Анне Кулишевой и Анжелике Балабановой в миланском музее Рисорджименто // Наследие веков. — 2016. — № 1. — С. 91-104. URL: http://heritage-magazine.com/wp-content/uploads/2016/04/2016_1_Eremeeva.pdf Троицкий Н. А., Большое общество пропаганды 1871—1874, Саратов, 1963 Addis Saba M., Anna Kuliscioff: vita privata e passione politica, Milano, Mondadori, 1993. Belloni L., Anna Kuliscioff allieva del Cantani e del Golgi, e le sue ricerche sulla etiologia della febbre puerperale, in «Physis», 20, 1978, pp. 337–348. Casalini M., La signora del socialismo italiano. Vita di Anna Kuliscioff, Roma, Editori Riuniti, 1987. Damiani F., Rodriguez F., Anna Kuliscioff. Immagini, scritti, testimonianze Milano, Feltrinelli, 1978.
Pillitteri P., Anna Kuliscioff, una biografia politica, Venezia, Marsilio, 1986.
Schiavi A., Anna Kuliscioff, Roma, 1955
C. Silvestri, Turati lo ha detto. Socialisti e Democrazia Cristiana, Milano, Rizzoli, 1947. P. Treves, Portici Galleria 23, in Esperienze e Studi Socialisti, Firenze, La Nuova Italia, 1957, pp. 332–336. F. Turati, A. Kuliscioff, Carteggio, raccolto da A. Schiavi, Torino, Einaudi, 1977.
Xarici keçidlər
Анатолій Дубовик. Ганна Макаревич (Кулішова): незвичайне життя європейської соціалістки // Спільне, 08.03.2024.