thumb|210px|Avstriya-Macarıstan xəritəsində alman əhalisi çəhrayı, çex əhalisi isə mavi rənglə göstərilmişdir (1911-ci il)
thumb|210px|Sudet almanları deportasiya prosesi zamanı (1945-ci il)
Sudet almanları (, ) — çexlərlə qonşuluqda, əsasən Çexiyanın şimal və şimal-qərb regionlarında (başlıca olaraq Sudet dağları və ətrafındakı dağlıq regionlarda) 1945-ci ilə qədər kompakt şəkildə yaşamış alman etnoqrafik qrupu. Bu termin 1920-ci və 1930-cu illərdə bir çox siyasətçilər tərəfindən Bohemiya, Moraviya və Çex Sileziyası hüdudları daxilində məskunlaşmış bütün alman əhalisini ifadə edən ümumi bir anlayış kimi də istifadə olunmuşdur.
İkinci Dünya müharibəsinin başa çatmasından sonra, Beneş dekretləri əsasında regional təhlükəsizliyi təmin etmək bəhanəsi ilə təxminən 3 milyona yaxın Sudet almanı kütləvi şəkildə Çexoslovakiya ərazilərindən Almaniya və Avstriyaya deportasiya edilmişdir.
Sudet almanlarının əhəmiyyəti
Müharibələrarası dövrdə Çexoslovakiyanın qarşılaşdığı ən mürəkkəb etnik problem — eyni zamanda demokratik Çexoslovakiyanın parçalanmasında əsas rol oynayan amil — böyük hissəsi Sudet vilayətində (Sudetenland) məskunlaşmış Sudet almanları məsələsi idi.
Çexoslovakiyada 3,5 milyondan çox etnik alman yaşayırdı ki, bu da respublika əhalisinin təxminən 23 faizini təşkil edirdi.
Sudet vilayətində nəhəng kimya zavodları, liqnit (qonur kömür) mədənləri, həmçinin şüşə, toxuculuq və çini istehsalı müəssisələri yerləşirdi. Qərbdə almanların kompakt yaşadığı möhkəm coğrafi üçbucaq (Eqerland) Xeb (Eqer) şəhərini əhatə edirdi və pan-alman millətçiliyinin ən fəal mərkəzi hesab olunurdu. Çex meşəsi (, ) silsiləsi isə Bavariya ilə sərhəd boyunca cənubi Bohemiyanın yoxsul kənd təsərrüfatı torpaqlarına qədər uzanırdı.
Moraviya regionunun şimal və cənub hissələrində də "təcrid olunmuş" alman anklavları mövcud idi. Region üçün daha xarakterik olan amil isə ətrafı çexlərlə əhatə olunmuş, lakin daxilində böyük alman azlıqlarının yaşadığı şəhərlər — yəni alman "dil adaları" idi. Radikal alman millətçiliyi bu region üçün heç vaxt tipik olmamışdır. Cənubi Sileziyanın kömür hasilatı regionundakı alman millətçiliyi isə (burada əhalinin 40.5%-ni almanlar təşkil edirdi) Almaniya sənayesinin yarada biləcəyi rəqabət qorxusuna görə daha mülayim xarakter daşıyırdı.
Etnik almanların hamısı təcrid olunmuş və dəqiq müəyyən edilmiş kompakt ərazilərdə yaşamırdı. Tarixi inkişafın gedişatında çex və alman əhalisi bir çox yaşayış məntəqələrində bir-birinə qarışmışdı və insanların qarşı tərəfin dilini ən azı qismən bilməsi tamamilə təbii bir hal idi.
Buna baxmayaraq, XIX əsrin ikinci yarısından etibarən çexlər və almanlar bir-birindən tamamilə təcrid olunmuş ayrı-ayrı mədəni, təhsil, siyasi və iqtisadi təsisatlar yaratmışdılar. Cəmiyyətdəki bu kəskin sosial və mədəni ayrılıq İkinci Dünya müharibəsinin sonuna qədər dəyişməz olaraq davam etmişdir.
Çexoslovakiyanın Sudet almanlarına qarşı siyasəti
Çexoslovakiya hökumətinin ilkin dövrlərdə sosial ədalətsizliyi aradan qaldırmaq və sərvətlərin mülayim şəkildə yenidən bölüşdürülməsini təmin etmək məqsədilə yeritdiyi siyasət, ölkənin alman əhalisinə digər vətəndaşlara nisbətən daha kəskin təsir göstərdi. 1919-cu ildə hökumət kağız valyutada hər bir vətəndaşın bank əmanətlərinin 1/5 hissəsini müvəqqəti olaraq müsadirə etdi. Bu maliyyə tənzimləməsindən ən çox zərər çəkənlər isə Çex torpaqlarının iqtisadi cəhətdən ən varlı təbəqəsini təşkil edən alman burjuaziyası olmuşdu.
Bunun ardınca qəbul edilən "Torpaq İslahatı Aktı" geniş mülklərin dövlət tərəfindən özgəninkiləşdirilməsini (ekspropriasiyasını) rəsmiləşdirmişdi ki, bu mülklərin də böyük hissəsi o dövrə qədər alman zadəganlarına və ya iri torpaq sahiblərinə məxsus idi. Müsadirə olunmuş torpaqlar əsasən kənd təsərrüfatı əhalisinin əksəriyyətini təşkil edən çex kəndlilərinə, xüsusən də torpaqsız kəndlilərə paylanmışdı. 1937-ci ilin yanvar ayına olan rəsmi məlumatlara görə, paylanmış ümumi torpaq sahəsinin yalnız 4.5%-i Sudet almanlarının payına düşmüşdü. Bu disbalans regional alman icmasının kəskin etirazlarına və Millətlər Liqasına ünvanlanan saysız-hesabsız şikayət ərizələrinə səbəb olmuşdu.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Bosl, Karl: Handbuch der Geschichte der böhmischen Länder (4 Bände). Anton Hiersemann Verlag Stuttgart, 1970. Douglas, R.M.: Orderly and Humane. The Expulsion of the Germans after the Second World War. Yale University Press, 2012. . Franzel, Emil: Sudetendeutsche Geschichte. Adam Kraft Verlag Augsburg, 1958. Franzel, Emil: Die Sudetendeutschen. Aufstieg Verlag München, 1980. Kleineberg, A.; Marx, Ch.; Knobloch, E.; Lelgemann, D.: Germania und die Insel Thule. Die Entschlüsselung von Ptolemaios` "Atlas der Oikumene". WBG.2010. . Meixner Rudolf: Geschichte der Sudetendeutschen. Helmut Preußler Verlag Nürnberg, 1988. .
Xarici keçidlər
Facing history — The evolution of Czech-German relations in the Czech provinces, 1848–1948: historical publication sponsored by Czech government; series of PDF files Emotions prevail in relations between Germans, Czechs, Poles – poll, Czech Happenings, 21 December 2005 "A Journey into Czechoslovakia after the Munich Agreement" – a report issued by BBC journalist Sir Ralph Murray at the time of the Czechoslovak evacuation from the Sudetenland after the Munich Agreement.
Kateqoriya:Sudet vilayəti Kateqoriya:Münxen sazişi Kateqoriya:Avropada alman diasporu Kateqoriya:Çexiyanın sosial tarixi Kateqoriya:Çexoslovakiya–Almaniya münasibətləri