Rzayev Tural Anar oğlu () – İctimai xadim, yazıçı-jurnalist, rəssam, Fövqəladə və səlahiyyətli səfir, AYB-nin, AJB-nin, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Həyatı 1981-ci ildə Bakı şəhər 7 saylı orta məktəbi bitirərək ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub, 1987-ci ildə fərqlənmə diploma ilə məzun olub. 1984–85-ci illərdə SSRİ Müdafiə Nazirliyinin xətti ilə Liviya Ərəb Xalq Cəmahiriyyəsində ərəb dili tərcüməçisi vəzifəsində işləyib. 1987-ci ilin avqust-dekabr aylarında Azərbaycan SSR EA-nın Tarix İnstitutunda başlaborant işləyib.

1988–89-cu illərdə SSRİ Texniki Peşə Nazirliyinin xətti ilə SSRİ-nin Suriya Ərəb Respublikasındakı Səfirliyinin İqtisadiyyat müşaviri aparatında tərcüməçi işləyib. 1990–91-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib. 1991–98-ci illərdə Azərbaycan Respublikası XİN-də attaşe, ikinci katib, birinci katib, operativ informasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

1994-cü ildə Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Ali Diplomatik Akademiyasının xüsusi hazırlıq kurslarını fərqlənmə diplomu ilə bitirib. 1994–97-ci illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində birinci katib vəzifəsində işləyib. 1997–98-ci illərdə AR XİN İnformasiya İdarəsinin operativ informasiya şöbəsinin müdiri vəzifəsində işləyib.1998–2005-ci illərdə Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) Türkiyədəki və eyni zamanda Yaxın Şərq ölkələri üzrə xüsusi müxbiri vəzifəsində işləyib. Bununla yanaşı AZƏRTAC-ın rəhbərliyi ilə razılaşdırılmış şəkildə 2000–2005-ci illərdə ABŞ-ın "Radio Free Europe/Radio Liberty"-nin rus dilində verilişlər redaksiyasının Türkiyədə xüsusi müxbiri və Türkiyənin "Ortadoğu" qəzetinin siyasi şərhçisi olub. 2005-ci ildə Türkiyənin nüfuzlu Mərmərə Beynəlxalq Strateji Araşdırmalar Fondu tərəfindən "İlin Jurnalisti" mükafatına layiq görülüb. Türkiyənin TRT-Radio ve Televiziya qurumu T. Rzayev haqqında sənədli film çəkmiş, bu filmi ingilis və alman dillərində tərcümə olunaraq 30-dan artıq xarici ölkədə yayımlanıb.

2005–06-cı illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müşaviri vəzifəsində işləyib. 2006–09-cu illərdə Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin müşaviri vəzifəsində işləyib. 2009–10-cu illərdə Azərb. Resp. XİN-nin İkinci (Şərq) Ərazi İdarəsinin rəis müavini vəzifəsində işləyib. 2010-cu il Azərbaycan Respublikası Prezidentinin 26 iyun tarixli Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik ranqı verilib. 2010–15-ci illərdə Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində işləyib. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində işləyib. Eyni zamanda Sudan Respublikasında səfir və Ərəb Dövlətləri liqasında müşahidəçi vəzifələrində işləyib.

2022-ci ildən Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiridir.

Yaradıcılığı "Tənha mələk", "Evləri köndələn yar, evləri göydələn yar", "Yad Planetli" bədii kitablarının, 50-dən çox rəsm əsərinin müəllifidir. Küveyt, Misir, Azərbaycanda rəsm əsərlərindən ibarət fərdi sərgiləri keçirilib.

Təltifləri 2019-cu ildə III dərəcəli "Vətənə xidmətə görə" ordeni və ARXİN 100 illiyi medalı ilə təltif olunub.

İstinadlar

Kateqoriya:Azərbaycanın Küveytdəki səfirləri Kateqoriya:Azərbaycanın Misirdəki səfirləri Kateqoriya:Azərbaycanın Tunisdəki səfirləri