Angelina İsmayılova () – Azərbaycan–Rusiya basketbolçusu. Azərbaycan qadın milli basketbol komandasının üzvüdür. Milli komandanın digər oyunçusu Tatyana Deniskanın qızıdır.

Karyerası

Klub Angelina İsmayılova 2022-ci ildə "Bakı Basketbol Akademiyası" komandasının tərkibində Azərbaycan 3x3 basketbol çempionat və kuboklarında iştirak etmişdir. 2024-cü ildə ilk dəfə keçirilmiş Azərbaycan Qadınlar Liqasında "Neftçi"nin heyətində çempion olmuşdur. O, "Azstars" klubuna qarşı baş tutmuş final oyununun ən dəyərli oyunçusu seçilmişdir.

Milli komanda Angelina İsmayılova 2023–2024-cü illərdə Azərbaycan U-16 qadın milli basketbol komandasında, 2024-cü ildə Azərbaycan U-18 qadın milli basketbol komandasında çıxış etmişdir. 2023-cü ilə U-16 komandası ilə Andorrada keçirilmiş Avropa çempionatının C divizionunda iştirak etmiş, ilk oyununu Andorra millisinə qarşı keçirmiş və 14 xalla yadda qalmışdır. O, milli komanda ilə turnirin qalibi olmuşdur. 2024-cü ildə U-16 komandası ilə Cəbəllüttariqdə keçirilmiş Avropa çempionatının C divizionunda iştirak etmiş, qrup mərhələsinin birinci (26 xal, 6 ribaund), ikinci (28 xal, 2 ribaund) və üçüncü qarşılaşmasının (24 xal, 5 ribaund), eləcə də, yarımfinal qarşılaşmasının (24 xal, 6 ribaund) ən məhsuldar oyunçusu olmuşdur. Milli komanda ilə turnirin qalibi olan basketbolçu turnirin MVP-si seçilmiş və All-Star Five heyətinə daxil edilmişdir. O, turniri ortalama 23 xal, 4,6 ribaund, 2,2 ötürmə və 4 topalma ilə başa vurmuşdur.

İsmayılova 2024-cü ildə U-18 komandası ilə Kosovoda keçirilmiş Avropa çempionatının C divizionunda iştirak etmiş, qrup mərhələsinin ilk qarşılaşmasının (21 xal, 4 ribaund), eləcə də, yarımfinal qarşılaşmasının (26 xal, 4 ribaund) ən məhsuldar oyunçusu olmuşdur. O, milli komanda ilə turnirin gümüş medalını qazanmış, ən məhsuldar oyunçu kimi turnirin All-Star Five heyətinə daxil edilmişdir.

Angelina İsmayılova 2023-cü ildən əsas milli komandada da çıxış edir. O, 2025 və 2027 Avropa çempionatlarının seçmə mərhələsində iştirak etmişdir. O, 12 noyabr 2023-cü ildə Belçikaya qarşı baş tutmuş oyunda anası Tatyana Deniska ilə eyni vaxtda meydanda mübarizə apararaq Azərbaycan qadın basketbolu tarixində bir ilkə imza atmışdırlar. 2025-ci ildə Gəncədə keçirilmiş III MDB Oyunlarında Azərbaycanın 3x3 basketbol komandası ilə gümüş medal qazanmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın basketbolçuları Kateqoriya:Azərbaycan 3x3 basketbolçuları Kateqoriya:Atıcı-müdafiəçilər