Jan-Klod Paskal əsl adı Jan-Klod Villeminot (; ) — Fransa müğənnisi, komediya aktyoru və yazıçısı O, "Nous les amoureux" mahnısı ilə təmsil etdiyi Lüksemburqu 1961-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi edib. Həyatı Jan-Klod Paskal 24 oktyabr 1927-ci ildə Parisdə varlı tekstil istehsalçıları ailəsində anadan olub. Anası Arlet Lemuan ingilis moda dizayneri Çarlz Frederik Vortun nəticəsi olub. Atası Rojer Villemino isə onun doğulduğu il vəfat edib.
Orta təhsilinə 1938-ci ildə Kompyendəki (Compiègne) "Collège Annel" məktəbində başlayıb və Parisdəki "Lycée Janson-de-Sailly" liseyində başa vurub. 1944-cü ildə, 17 yaşında ikən General Leklerkin 2-ci Zirehli Diviziyasına könüllü yazılıb. O, 1944-cü ilin noyabrında, Alman ordusu hələ şəhəri boşaltdığı bir vaxtda Strasburqa daxil olan ilk fransız əsgəri olub. Bu şücaətinə görə 1945-ci ildə "Croix de Guerre" (Müharibə Xaçı) ordeni ilə təltif edilib.
Karyerası İkinci Dünya müharibəsindən sağ çıxdıqdan sonra Paskal Kristian Dior üçün moda dizaynerliyi etməyə başlamazdan əvvəl Sorbonna Universitetində təhsil alıb. "Don Juan" teatr tamaşasının geyimləri üzərində işləyərkən aktyorluq sənəti ilə tanış olub. Onun ilk aktyorluq rolu "Le jugement de Dieu" (1949-cu ildə çəkilib, 1952-ci ildə nümayiş olunub) filmində, daha sonra isə 1951-ci ildə Anuk Eme ilə tərəf müqabili olduğu "Le rideau cramoisi" filmində olub. Bunun ardınca o, Romi Şnayder ilə "Die schöne Lügnerin" (1959, "Gözəl yalançı") və Mişel Mersye ilə "Anjelika və Sultan" (Angélique et le sultan, 1968) daxil olmaqla bir neçə filmə çəkilib.
Paskal 1961-ci ildə Avroviziya Mahnı Müsabiqəsində musiqisi Jak Datinə, sözləri isə Moris Vidalinə məxsus olan "Nous les amoureux" ("Biz aşiqlər") mahnısı ilə Lüksemburqa qalibiyyət gətirib. Mahnı müğənni ilə sevgilisi arasındakı maneələrlə dolu bir sevgidən bəhs edir ("bizi ayırmaq istəyirlər, xoşbəxt olmağımıza mane olmaq istəyirlər"). Mətnin davamında bu münasibətin başqaları tərəfindən qəbul edilmədiyi, lakin nəhayət bir gün bunun mümkün olacağı vurğulanır ("amma o vaxt gələcək... və mən şəhərdə heç kim bu barədə danışmadan səni sevə biləcəyəm... [Tanrı] bizə xoşbəxtlik və sevinc hüququ verib").
Sonralar Paskal bu mahnının homoseksual münasibətlər və onun qarşılaşdığı çətinliklər haqqında olduğunu izah edib. 1960-cı illərin əvvəllərində bu mövzu olduqca ziddiyyətli hesab edildiyi üçün mahnının sözləri müəmmalı yazılıb və aşiqlərin cinsinə heç bir işarə vurulmayıb. Bu, mahnının əsl ismarışını gizlətməyə imkan verib və o dövrdə geniş kütlə tərəfindən bu mənada anlaşılmayıb. Paskal özü də gey olub, lakin ömrü boyu bunu heç vaxt açıq şəkildə bəyan etməyib.
O, daha sonra 1981-ci il müsabiqəsində yenidən Lüksemburqu təmsil edib və Sofi Maxno ilə Jan-Klod Petinin birgə bəstələdiyi "C'est peut-être pas l'Amérique" ("Bu, bəlkə də Amerika deyil") mahnısı ilə 20 iştirakçı arasında 11-ci yeri tutub. Paskal 1992-ci ildə Clişidə (Hauts-de-Seine) 64 yaşında mədə xərçəngindən vəfat edib. İstinadlar
Xarici keçidlər
Jean-Claude Pascal Myspace Page : https://www.myspace.com/jeanclaudepascal
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:Lüksemburqun "Avroviziya" təmsilçiləri Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Film aktyorları Kateqoriya:Fransa aktyorları Kateqoriya:Fransa modelyerləri Kateqoriya:Fransa müğənniləri Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransada LGBT şəxslər Kateqoriya:Fransızlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr kişi müğənniləri Kateqoriya:Təxəllüslər