Jan-Şarl şevalye de Borda (; ) — Fransa riyaziyyatçısı, fiziki, geodeziyaçısı, mühəndisi, politoloqu və dəniz zabiti. Hidravlikada maye və ya qaz şırnağının zərbəsinə dair öz adını daşıyan Borda–Karno teoreminin isbatının müəllifidir.
Həyatı Onun valideynləri Jan-Antuan de Borda və Mariya-Tereza de la Krua olmuşdur. Onların hər ikisi güclü hərbi ənənələrə malik qədim nəcib ailələrdən gəlirdi. Jan-Antuan və Mariya-Terezanın on altı övladı — səkkiz oğlan və səkkiz qızı dünyaya gəlmişdir. Jan-Şarl de Bordanın qardaşlarının əksəriyyəti hərbi karyeranı davam etdirmişdir.
Gənc Şarlın formalaşmasında riyaziyyat sahəsində bilikli olan və dövrünün qabaqcıl riyaziyyatçılarını tanıyan əmisioğlu Jak-Fransua de Bordanın böyük təsiri olmuşdur. O, erkən yaşlarından riyaziyyata və elmlərin öyrənilməsinə böyük meyil və qabiliyyət nümayiş etdirən gənc Şarla dərs keçmişdir.
Yeddi yaşında Jan-Şarl de Borda Daksda yerləşən Barnavitlər Kollecində təhsil almağa başlamışdır. Kollecdə o, yunan, latın dillərini və riyaziyyatın əsaslarını öyrənmişdir. Şarl on bir yaşına çatdıqda, atası onu oğlanları hərbi karyeraya, hüquqa və dövlət qulluğuna hazırlayan La-Fleşdə yerləşən Yezuit kollecinə göndərmişdir.
1748-ci ildə, on beş yaşında ikən Borda kolleci bitirmişdir. Atasını hərbi texniki korpusda karyerasını davam etdirməyə icazə verməsi üçün razı salmağa çalışmaq məqsədilə valideynlərinin evinə qayıtmışdır. Ailənin güclü hərbi ənənələrinə baxmayaraq, Şarlın atası oğlunun hakim olmasını istəmiş, lakin sonda onun orduda riyaziyyatçı kimi karyeraya başlamasına icazə vermişdir. İlk olaraq hərbi mühəndis kimi xidmət edən, daha sonra isə süvari qoşunlarına keçən Şarl riyaziyyatla məşğul olmağa davam etmiş və Elmlər Akademiyasına riyaziyyata dair bir neçə qeyd təqdim etmişdir. 1756-cı ildə o, ballistika sahəsində tədqiqat aparmış və "Mərmilərin hərəkəti haqqında məruzə" əsərini yazmışdır. Bu elmi işinə əsasən o, Fransa Elmlər Akademiyasının assosiasiyalı üzvü seçilmiş, daha sonra isə Akademiyanın tamhüquqlu üzvlüyünə qəbul olunmuşdur.
Yeddillik müharibə zamanı, 1757-ci ildə Borda marşal Jan-Batist Demare de Malbuanın adyutantı qismində hərbi əməliyyatlarda iştirak etmişdir, lakin Şarl öz biliklərini dənizçilik işində tətbiq etmək istəmiş və 4 sentyabr 1758-ci il tarixində Mezyerdə yerləşən Kral Mühəndislik Məktəbində təhsil almağa başlamış, buranı vaxtından əvvəl — bir ilə bitirmişdir. 1767-ci ildə o, dəniz xidmətinə daxil olmuş və donanmada hərbi mühəndis kimi karyerasını davam etdirmişdir.
Borda heç vaxt evli olmamışdır.
İstinadlar
Kateqoriya:Eyfel qülləsində adı yazılmış şəxslər Kateqoriya:Fransa fizikləri Kateqoriya:Fransa politoloqları Kateqoriya:Fransa riyaziyyatçıları