Ovçular zağası — Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində, Böyükdaş dağının yuxarı səki hissəsində yerləşən qədim yaşayış məskəni və qayaaltı sığınacaq. Sığınacaq Qobustan qoruğunun muzey binasından təxminən 150–200 metr məsafədə, "Ana zağa"dan 50–55 metr şimalda, 45 və 46 nömrəli qaya daşlarının arasında yerləşir. Girişi şərqə açılan sığınacağın üstü ölçüsü təxminən 8×8 metr, qalınlığı isə 2,5 metr olan iri və yastı qaya parçası ilə örtülüb.

Sığınacağın şimal-şərq hissəsi 46 nömrəli qayanın üzərinə söykənir. Şimal-qərb tərəfi iri daşlarla, cənub-şərq hissəsi isə 45 nömrəli qaya ilə məhdudlaşır. Abidə qarşısındakı qayalarda çoxsaylı ov səhnələrinin təsvir edilməsi ilə əlaqədar olaraq arxeoloq İshaq Cəfərzadə tərəfindən "Ovçular zağası" adlandırılıb.

Düşərgə 2001-ci ildə Azərbaycanda dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına, 2007-ci ildə isə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Haqqında

Tədqiqi Ovçular zağasında ilk arxeoloji qazıntılar İshaq Cəfərzadə tərəfindən 1960 və 1961-ci illərdə aparılıb. Tədqiqatlar zamanı 50 kvadratmetr sahə öyrənilmiş, qalınlığı təxminən 140 santimetr olan mədəni təbəqə aşkar edilib. Qazıntılar nəticəsində 1500-dən çox arxeoloji material, ocaq qalıqları, daş və balıqqulağından hazırlanmış asmalar, oxra parçaları, xalsedon, dağ bülluru və az miqdarda fauna qalıqları əldə olunub.

İshaq Cəfərzadə mədəni təbəqənin üst hissəsində aşkar edilmiş gil qab qırıqlarına əsaslanaraq Ovçular zağasında yaşayışın Neolit dövrünün başlanğıcına aid olduğunu ehtimal edib. Sonrakı tədqiqatlar isə daş məmulatının xüsusiyyətləri, şatelperron tipli bıçaqların mövcudluğu və qayaüstü təsvirlərin xarakteri əsasında abidənin əsasən Üst Paleolitin sonundan Mezolit dövrünə keçid mərhələsində mənimsənildiyini göstərib.

Abidədən aşkar edilmiş sürtgəclər, toxa tipli alətlər və yığma bıçaq dişləri burada ilkin əkinçilik ənənələrinin formalaşmağa başladığını ehtimal etməyə imkan verir. Xalsedon, dağ bülluru, daş və balıqqulağından hazırlanmış asmalar, eləcə də yüksək bədii keyfiyyətə malik qayaüstü təsvirlər Ovçular zağası sakinlərinin inkişaf etmiş maddi və mənəvi mədəniyyətə malik olduqlarını göstərir. Qazıntılar zamanı çoxlu miqdarda oxranın aşkar edilməsi onun müəyyən mərasimlərdə və ya təsvirlərin rənglənməsində istifadə oluna biləcəyini düşündürsə də, qayaüstü təsvirlərdə boya izləri qeydə alınmayıb.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə düşərgə 26–1043 nömrəsi ilə dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Arxeoloji abidənin yerləşdiyi Qobustan Milli Tarixi-Bədii Qoruğu 2007-ci il iyunun 29-da Yeni Zelandiyanın Kraystçerç şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin XXXI Sessiyasında "Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı" adı ilə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Arxeoloji materiallar Aşkar edilmiş materialların təxminən 160 ədədi çaxmaqdaşı və çaydaşından hazırlanmış əmək alətlərindən, 20-yə qədəri isə nüvələrdən ibarətdir. Nüvələr əsasən konusvari, prizmaşəkilli, karandaşvari və birüzlü işlənmiş formalarda olmuşdur. Əmək alətləri həmin nüvələrdən qopardılmış qəlpə və mikro lövhələrdən hazırlanıb. Çaxmaqdaşından hazırlanmış alətlər arasında 50-yə yaxın qaşov, 24 ədəd iskənə tipli alət, 19 ədəd trapes formalı alət, 9 ədəd çəpuclu lövhə, dairəvi və uclu qaşovlar, şatelperron tipli bıçaqlar, kəsər və kəsərciklər, bizlər, seqmentlər, tək-tək üçbucaqlar, bir yanı kütləşdirilmiş bıçaqvari lövhələr və dimdikvari çıxıntısı olan alətlər müəyyən edilib. Həndəsi formalı alətlər arasında trapeslər üstünlük təşkil edir.

Düşərgə sakinlərinin qayalarda təsvirlərin döyülməsi və müxtəlif işlər üçün əsasən çaydaşından və çaxmaqdaşından istifadə etdikləri müəyyən edilib. Tapıntılar arasında bazalt cinsli çaydaşından hazırlanmış döymə alətləri xüsusi yer tutur. Bundan başqa, dəvəgözü daşından hazırlanmış, ox uclarının hamarlanması üçün istifadə edilmiş novlu alət qırıqları, çaydaşı və əhəngdaşından hazırlanmış pərsənglər, iki ədəd toxa tipli alət və üzərində qara bərkidici maddə qalıqları saxlanılmış yığma alət dişləri də aşkar olunub.

Ocaq yerləri və digər tapıntılar Qazıntılar zamanı diametri təxminən bir metr olan ocaq yeri aşkar olunub. Ocağın kül qatının qalınlığı 5–10 santimetrə çatır. Ocağın içərisindən və ətrafından yanmış heyvan sümükləri, çaxmaqdaşı və çaydaşı qəlpələri, lövhələr və oxra qırıqları əldə edilib. Abidədən iki kiçik ölçülü rəsmli daş da aşkar olunub. Birinci daşın bir üzündə öküz, digər üzündə isə insan və öküz təsvirləri həkk edilib. İkinci daşın üzərində isə ortada yerləşən daş qabın ətrafına su içmək üçün toplaşmış altı öküz təsvir edilib.

Qazıntılar zamanı gil qab nümunələrinə rast gəlinməyib, yalnız mədəni təbəqənin üst hissəsindən Son Tunc dövrünə aid az miqdarda qab qırıqları aşkar olunub. Bu tapıntılar sığınacaqdan sonrakı dövrlərdə qısa müddət ərzində istifadə olunduğunu göstərir.

Qayaüstü təsvirlər Ovçular zağasının qarşısındakı qayalar üzərində öküz ovu, atların ovlanması, gurların tor vasitəsilə tutulması və qabanın itlə ovlanması kimi realistik ov səhnələri təsvir edilib. Bu səhnələr sığınacaq sakinlərinin ovçuluq bacarıqlarını və təsərrüfat həyatını əks etdirən mühüm təsvir nümunələri hesab olunur.

45 nömrəli daş 45 nömrəli qaya uzunsov formalı, uzunluğu 460 sm, cənub-qərb tərəfdən hündürlüyü 100 sm olan böyük qaya parçasıdır. Daşın şərq tərəfi istisna olmaqla digər səthlərində insan və heyvan təsvirləri həkk edilmişdir. Şimal tərəfində petroqliflər daha sıx yerləşir və bir çoxu bir-birini kəsir. Burada ümumilikdə 44 təsvir, o cümlədən 14 insan, 13 at, 5 öküz, 5 keçi, bir it, naməlum növlü heyvan və dörd fraqment qeydə alınmışdır.

Qayanın şimal səthində yerləşən gurların torla ovlanması səhnəsi qədim Qobustan sakinlərinin torlardan həm ovçuluqda, həm də balıqçılıqda istifadə etdiklərini göstərir. Bu cür təsvirlərə Qərbi Avropanın Üst Paleolit dövrünə aid qayaüstü incəsənət nümunələrində də rast gəlinir.

İnsan təsvirləri arasında ən qədimi hesab edilən 33-cü rəsm iri başlı, güclü ayaqlı və çiynindən kaman asılmış kişi fiqurunu əks etdirir və e.ə. VII–VI minilliklərə aid edilir. Eyni dövrə aid edilən qadın təsvirlərindən biri anfas vəziyyətində, qolları yuxarı qaldırılmış şəkildə göstərilmişdir ki, bu tip təsvir Qobustanda yeganə nümunə hesab olunur. Digər kişi təsvirləri əsasən sxematik xarakter daşıyır və onlardan dördü oxatan kimi təqdim edilmişdir.

At təsvirləri əsasən real üslubda işlənmiş, bəziləri isə hərəkət vəziyyətində verilmişdir. Bu petroqliflər e.ə. IV–III minilliklərə aid edilir. Öküz təsvirləri də real xüsusiyyətlərlə işlənmiş, iri və ağır bədənli heyvanlar şəklində təqdim olunmuşdur. Keçi və ceyran təsvirlərinin bir qismi e.ə. IV–III, digər hissəsi isə e.ə. III–II minilliklərə aid edilir. Qaçan it və ya pişiyi xatırladan heyvan təsviri isə e.ə. II minilliyə aid edilir.

Daş üzərindəki kompozisiyalardan biri yeddi ovçunun öküz ovunu əks etdirir. Ovçulardan ikisi kamanla silahlanmış və oxları öküzə tərəf yönəltmiş vəziyyətdə göstərilmişdir. Bu səhnə e.ə. IV minilliyə aid edilir.

Daşın qərb tərəfində iki kişi, bir qadın və iki öküz təsviri həkk edilmişdir. İnsan fiqurları kobud və sxematik xarakter daşıyır və e.ə. V–IV minilliklərə aid edilir. Öküz təsvirləri isə real üslubda işlənmiş, kök və ağır bədənli heyvanlar kimi göstərilmişdir və e.ə. V minilliyə aid edilir.

Daşın cənub-şərq tərəfində iki öküz, bir qadın, qayıqlar, atlar və naməlum növlü heyvan təsvirləri yerləşir. Buradakı öküz təsvirləri yüksək sənətkarlıqla işlənmiş və e.ə. V minilliyə aid edilmişdir. Onlardan birinin boynunda ipin təsvir olunması heyvanın əhliləşdirilməsinin mümkün göstəricisi kimi qiymətləndirilir. Qadın fiquru da qədim təsvirlərin təqlidi hesab edilir və e.ə. V minilliyə aid edilir.

At təsviri real üslubda işlənmiş, asta yerişdə göstərilmiş və e.ə. III minilliyə aid edilmişdir. Naməlum növlü, it və ya pişiyi xatırladan heyvan təsviri isə e.ə. V–IV minilliklərin hüdudlarına aid edilir.

46 nömrəli daş 200px|right 46 nömrəli daş yerdən çıxan, hündürlüyü 100–140 sm olan qaya parçasıdır və 45 №-li daşdan 3–4 m şimal-qərbdə yerləşir. Üzərindəki başqa bir iri qaya parçasının yaratdığı sığınacaqda 4–5 nəfərin yerləşməsi mümkündür. Sığınacağın ətrafında aparılan təmizləmə işləri zamanı çoxsaylı insan və heyvan təsvirləri, o cümlədən ov və savaş səhnələri aşkar edilmişdir. Buna görə abidə "Ovçular zağası" adlandırılmışdır.

Daşın şərq tərəfində 18 insan fiquru, iki rəqs qrupu, bir savaş səhnəsi və iki naməlum təsvir həkk edilmişdir. Qadın fiqurları ayaq üstə, profildə və siluet şəklində verilmiş, e.ə. V minilliyə aid edilmişdir. Onların altında iki cərgədə əl-ələ tutmuş insan qrupları təsvir edilmişdir ki, bu səhnə Azərbaycanda bu gün də ifa olunan "Yallı" tipli mərasim rəqsini xatırladır və e.ə. III minilliyə aid edilir.

Savaş səhnəsi 12 sxematik insan fiqurundan ibarətdir və onların altısı oxçudur. Kompozisiyada öldürülmüş adamın daşınması və ona doğru qaçan fiqurlar da təsvir edilmişdir. Səhnə e.ə. III minilliyə aid edilir.

Daşın cənub tərəfində 26 təsvir, o cümlədən üç oxçu, 16 at, bir öküz, iki naməlum heyvan və dörd anlaşılmayan fiqur həkk edilmişdir. Atlar qaçış vəziyyətində, sola yönəlmiş siluetlər şəklində verilmiş və ilxı təşkil etmişdir. Bəzi atların bədənində şaquli xətlər həkk edilmişdir ki, bunlar ovsun simvolu kimi izah olunur. İlxıdakı atlardan birində kişi cinsi əlaməti göstərilmiş və onun ayğır olduğu ehtimal edilmişdir. Oxatanların at ilxısına hücumu da ayrıca kompozisiya şəklində təqdim edilmişdir.

Naməlum növlü heyvan təsvirləri və qismən qorunmuş öküz fiquru da bu səhnələrə daxildir. Təsvirlərin əksəriyyəti e.ə. III minilliyin ortalarına aid edilir. Qalan bəzi fiqurların şərhi mümkün olmamış, 23-cü rəsmin isə ehtimal ki, oxçu təsvirinin bir hissəsi olduğu qeyd edilmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qobustan dövlət tarixi-bədii qoruğunun ərazisindəki düşərgələr