şəkil|thumb|Regionun peyk görüntüsü. şəkil|thumb|Aşağı ölkələr

Aşağı ölkələr, Flemenq (Osmanlıca: فلمنك; Orta Niderland dili və Qədim yuxarı alman dili: Vlaming; Fransızca: Pays-Bas) və ya Flandriya — Şimal-Qərb Avropada Reyn deltası ətrafındakı Aşağı ölkələr () adlandırılan və müasir Niderland ilə Belçikanın yerləşdiyi əraziyə tarixən verilmiş addır. 1830-cu ilə qədər bu coğrafiyada siyasi cəhətdən müxtəlif qraflıqlar və hersoqluqlar mövcud olmuşdur.

Həm Avropa, həm də Osmanlı tarixində Flemenq termini, XVI əsrin ortalarından etibarən Burqundiya dairəsi ətrafını meydana gətirən 17 əyaləti ehtiva edən geniş bir regionu təyin etmək üçün istifadə olunmuşdur.

Müasir dövrdə Benilüks adı ilə də tanınan sözügedən torpaqlar, başda Niderland olmaqla Belçika, Lüksemburq, Fransa və Almaniyanın bir hissəsini əhatə edir. O dövrün Yeddi Birləşmiş Əyalət Respublikasının (Niderland Respublikası) yerini isə sonradan daha dar sərhədlər daxilində bugünkü Niderland Krallığı almışdır.

Etimologiyası Region Niderlandca "Nederlanden" olaraq adlandırılır. "Neder" sözü "aşağıda, altdan", "landen" isə "land" (ölkə, yer, torpaq) sözünün cəm formasıdır.

Eyni məntiqlə region İngiliscədə "Low Countries" (Aşağı Ölkələr), Fransızcada "Pays-Bas" (Aşağı Torpaqlar), Almancada isə "Niederlande" (Aşağı Ölkə) adlanır.

Zamanla bütün bu terminlər müasir Niderland Krallığını ifadə etmək üçün istifadə olunsa da, tarixi kontekstdə təxminən indiki Benilüks regionunu təsvir etmək üçün işlədilmişdir. Regionun şimal və cənub hissələrinə parçalanmasının əsası Səksənillik müharibəyə (1568–1648) dayansa da, ərazilərin müasir sərhədlərinin formalaşmasında Napoleon müharibələri və Vyana konqresindən (1815) sonrakı siyasi proseslər mühüm rol oynamışdır.

Azərbaycan və türk dillərinə "Vlaming" (Flandriyalı) sözünün ərəb və Osmanlı sənədlərindəki fonetik transformasiyası və fransızca tələffüz formalarından törəməklə "Flemenq" şəklində keçmişdir. "Vlaming" sözü Vlaam (Flandriya) kökündən düzələn və milliyyət/mənsubiyyət bildirən sifət formasıdır.

Tarixi Orta Frank krallığının parçalanmasından sonra onun şimal hissəsində Aşağı Lotaringiya hersoqluğu dövləti yaranmışdı. Bu dövlət süqut etdikdə, region güclü qonşularının hakimiyyəti altına düşmüşdü; əvvəlcə Burqundiya Niderlandının, daha sonra isə Habsburq Niderlandının tərkibinə daxil olmuşdu. Bu ərazi 1581-ci ilə qədər həm də On yeddi əyalət adlandırılırdı. Sonradan regionun cənub hissəsi İspaniya Niderlandı və Avstriya Niderlandı adlarını almışdı. Regionun şimal hissəsində isə Niderland Respublikası formalaşmışdı. Bu coğrafiyanın torpaqları tarix boyu iki dəfə vahid dövlət halında birləşmişdir: birincisi XVI əsrdə On yeddi əyalət, ikincisi isə XIX əsrdə Birləşmiş Niderland Krallığı dövründə baş vermişdir.

Müasir Benilüks dövlətlərinə münasibətdə "Aşağı ölkələr" termini bərabər mənada istifadə edilmir, çünki tarixi regionun sərhədləri müasir siyasi sərhədlərdən bir qədər daha genişdir.

XI əsrdən etibarən region ərazisində şəhərlər sürətlə böyüməyə başlamış və bura Şimali İtaliya ilə yanaşı Avropada əhalinin ən sıx məskunlaşdığı iki əsas zonadan birinə çevrilmişdi.

Regionun daxili müxtəlifliyinə baxmayaraq, onun bütün hissələrinə xas olan ümumi cəhətlər mövcud idi. Bu ərazidəki dövlətlərin dənizə çıxışı var idi, bu da ticarətin və balıqçılığın inkişafını şərtləndirirdi. Əhalinin əksəriyyəti Niderland dilinin orta əsrlər dialektlərində danışırdı, lakin regionun müəyyən cənub hissələrində Fransız və ya Vallon dilləri üstünlük təşkil edirdi.

Regionun xarakterik xüsusiyyətlərindən biri feodallardan asılılığın olduqca zəif, hətta nominal xarakter daşıması idi. Şəhərlər gildiyalar (sexlər) və şəhər şuraları tərəfindən idarə olunurdu. Onların krallar və hersoqlarla münasibətləri isə hökmdarın nələri tələb edib-edə bilməyəcəyini təfərrüatı ilə tənzimləyən ciddi hüquq məcəllələri və imtiyaz fərmanları ilə nizamlanırdı.

Bütün region, İtaliyanın Venesiya və Genuya kimi şəhər-dövlətləri ilə yanaşı, Avropanın iqtisadi cəhətdən ən inkişaf etmiş regionlarından biri idi. Regionun gücü ticarətə və istehsala söykənirdi, buna görə də burada malların sərbəst dövriyyəsi üçün ən əlverişli şərait yaradılırdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Avropanın tarixi vilayətləri Kateqoriya:Belçika tarixi Kateqoriya:Lüksemburq tarixi Kateqoriya:Aşağı ölkələr Kateqoriya:Aşağı ölkələr tarixi Kateqoriya:Niderlandın coğrafi tarixi Kateqoriya:Belçikanın coğrafi tarixi Kateqoriya:Şimal-qərbi Avropa