Ramiz Abuzər oğlu Bağırlı (21 noyabr 1937, İsmayıllı - 29 dekabr 2010, Bakı) - Sovet Azərbaycanı partiya xadimi. Azərbaycan Kommunist Partiyasının Kirovabad Şəhər Komitəsinin birinci katibi (1981–1988). Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü (1981–1990).

Həyatı və siyasi fəaliyyəti

21 noyabr, 1937-ci ildə İsmayıllı rayonunun Taxtasan kəndində anadan olmuşdur. Orta təhsilini Göyçay şəhərində almışdır. 1963-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu qiyabi təhsil formasında bitirmiş, daha sonra Sov.İKP MK yanında Ali Partiya Məktəbinin qiyabi şöbəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1957-ci ildə Bakı Elektromexanika Zavodunda sarğı ustası köməkçisi kimi başlamış, 1959-cı ildən isə həmin müəssisədə elektromotor sarğıçı işləmişdir. Siyasi və təşkilati fəaliyyətinə elə həmin il zavodun komsomol komitəsinin katibi kimi başlamışdır. 1963–1965-ci illərdə 8 nömrəli sexin rəis müavini vəzifəsini icra etdikdən sonra, 1965–1969-cu illərdə yenidən komsomol komitəsinə rəhbərlik etmiş, 1969–1972-ci illərdə isə zavodun partiya komitəsinin katibi olmuşdur.

Təşkilatçılıq qabiliyyəti ilə pillə-pillə yüksələn Ramiz Bağırlı, 1972–1976-cı illərdə Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində çalışmışdır. Daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə (AKP MK) irəli çəkilərək, burada 1976-cı ildən Yüngül və yeyinti sənayesi şöbəsi müdirinin müavini, 1979-cu ildən Sənaye-nəqliyyat şöbəsinin müdiri, ardınca isə Maşınqayırma şöbəsinin müdiri vəzifələrini tutmuşdur.

1981-ci il yanvarın 30-da Azərbaycan KP Kirovabad (indiki Gəncə) Şəhər Komitəsinin birinci katibi seçilmişdir. Onun rəhbərliyi dövründə şəhərin sosial-iqtisadi və mədəni siması kökündən dəyişmişdir. Bu illər ərzində Kirovabadda məsaməli beton sexi, çörək zavodu, qarışıq yem zavodu və süd kombinatı kimi mühüm sənaye müəssisələri işə salınmış, alüminium və əlvan metalların emalı zavodlarının istehsal gücləri artırılmışdır. Eyni zamanda genişmiqyaslı mənzil tikintisinə start verilərək "Yeni Gəncə" yaşayış massivinin təməli qoyulmuş, şəhər sakinləri üçün uşaq musiqili teatrı, müasir ticarət mərkəzi və aerovağzal kompleksi istifadəyə verilmişdir. Lakin 1988-ci il noyabrın 29-da şəhərdə erməni və azərbaycanlı əhali arasında baş verən etnik toqquşmalarla əlaqədar keçirilən növbədənkənar plenumda o, birinci katib vəzifəsindən azad olunmuşdur

Ramiz Bağırlı geniş siyasi və qanunvericilik fəaliyyəti ilə də tanınmışdır. 1961-ci ildən Sovet İttifaqı KP üzvü olan Bağırlı, partiyanın XXVI və XXVII qurultaylarına, həmçinin XIX Ümumittifaq partiya konfransına nümayəndə seçilmiş, Azərbaycan KP-nin XXX və XXXI qurultaylarında isə Mərkəzi Komitənin üzvü olmuşdur. O, həmçinin 1980-ci ildə Əli-Bayramlı şəhərindən Azərbaycan SSR Ali Sovetinin 10-cu çağırış deputatı, 1984-cü ildə isə Kirovabad dairəsindən SSRİ Ali Sovetinin Millətlər Sovetinə 11-ci çağırış deputatı seçilərək burada Sənaye komissiyasının tərkibində fəaliyyət göstərmişdir.

Sovet ittifaqının son illərində, yəni 1990-cı il dekabrın 16-da Azərbaycan SSR Prezidenti Aparatının Məktublar və vətəndaşların qəbulu şöbəsinin müdiri vəzifəsinə təyin. Müstəqillik dövründə, xüsusən 2000-ci illərin əvvəllərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Kadrların ixtisasının artırılması və yenidən hazırlanması İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır. Ramiz Bağırlı 73 yaşında, 29 dekabr 2010-cu ildə, Bakı şəhərində vəfat etmişdir.

==== İstinadlar