Əbu Süleyman Asim ibn Sabit əl-Əvsi (; ) — Asim ibn Ömərin dayısı, Cəmilə bint Sabitin qardaşı və səhabə.
Həyatı Asim ibn Sabit Mədinədə İslamı qəbul edən ilk şəxslərdən biri olmuşdur.
O, Bədr döyüşü zamanı bütpərəstlərin başçılarından Uqbə ibn Əbu Mueyti öldürmüş, Uhud döyüşündə müsəlmanlar geri çəkilib dağıldıqda da Məhəmmədin yanında qalmışdır.
Bu döyüşdə o, qatı bütpərəst qadınlardan olan Sülafənin iki oğlunu öldürmüşdür. Buna görə də Sülafə onun başını gətirən şəxsə 100 dəvə verəcəyini vəd etmiş, həmçinin onun kəlləsində şərab içəcəyinə and içmişdir.
Asim ibn Sabit müsəlmanlar arasında mahir oxçu kimi də tanınmışdır.
Onun komandanlığı altında yeddi (və ya on) nəfərlik bir heyət, bir qrupun xahişi ilə Məhəmməd tərəfindən Ədəl və Qarə qəbilələrinə müəllim və dini təbliğatçı kimi göndərilmişdir. Bu heyətə, eyni zamanda, Qureyşin Uhud döyüşündən sonra müsəlmanlara yenidən hücum edib-etməyəcəyini öyrənmək vəzifəsi də verilmişdir.
Yolda həmin qəbilələrin elçilərindən biri, əvvəllər müsəlmanlar tərəfindən öldürülmüş Xalid ibn Süfyanın qisasını almaq fürsəti axtaran Bənu Lihyan qəbiləsinə, əvvəlcədən aralarında bağlanmış razılaşmaya əsasən, gizli şəkildə xəbər çatdırmış, nəticədə Asim ibn Sabit və yoldaşları Bənu Lihyanlılar tərəfindən öldürülmüşdür.
İslam mənbələrinə görə, Bənu Lihyanlılar Sülafə bint Sədə satmaq üçün Asim ibn Sabitin başını kəsmək istəmiş, lakin arıların hücumuna məruz qaldıqlarından bu istəklərini həyata keçirə bilməmişlər. Arıların uzaqlaşması üçün havanın qaralmasını gözləyən Bənu Lihyanlılar bu səfər də istəklərinə nail ola bilməmişlər. Yağan güclü leysan nəticəsində sel Asim ibn Sabitin cədəsini yuyub aparmış və onun cəsədi bir daha tapılmamışdır. Bu hadisədən sonra Asim ibn Sabit müsəlmanlar arasında "Arıların qoruduğu şəxs" kimi xatırlanmışdır.
Həmçinin bax Rəci hadisəsi
İstinadlar