Artur Entoni Makdonell () — tanınmış ingilis şərqşünas alimi, sanskritoloq və hindşünas.

Həyatı 1854-cü ildə Hindistanın Şimali Bihar ştatının Müzəffərpur şəhərində britaniyalı ailəsində anadan olmuşdur. İlk təhsilini Göttingen Universitetində almış, daha sonra Oksford Universitetinin Korpus-Kristi Kollecinə qəbul edilmişdir. Burada Artur Makdonell klassik filologiyanı öyrənmiş və dillərin — sanskrit, alman və çin dillərinin öyrənilməsi üzrə üç xüsusi təqaüd qazanmışdır. 1880-ci ildə kolleci fərqlənmə ilə bitirdikdən sonra, Oksforddakı Teylor İnstitutunda alman dili müəllimi təyin edilmişdir. 1883-cü ildə Leypsiq Universitetində fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır. 1899-cu ildə Makdonell Oksfordda sanskrit dili üzrə professor və Hindistan İnstitutunun nəzarətçisi (direktoru) vəzifəsinə təyin olunmuşdur.

Artur Makdonellin elmi fəaliyyəti əsasən Vedalar və onlarla əlaqədar olan bütün sahələri əhatə edirdi. O, müxtəlif sanskrit mətnlərini nəşr etdirmiş, Vedi dilinin qrammatikasını dərc etmiş, sanskrit dilinin lüğətini və vedi mətnlərinin xrestomatiyasını tərtib etmiş, həmçinin veda mifologiyası və sanskrit ədəbiyyatının tarixinə dair sanballı elmi əsərlər yazmışdır.

İstinadlar