"Assassin's Creed Unity" () – "Ubisoft Montreal" tərəfindən hazırlanmış və "Ubisoft" şirkəti tərəfindən nəşr olunmuş, 2014-cü ildə buraxılmış döyüş-macəra janrında videooyun. Bu, 2014-cü ilin noyabr ayında "PlayStation 4", "Windows" və "Xbox One" platformaları üçün, 2020-ci ilin dekabr ayında isə "Stadia" üçün buraxılmışdır. Bu, "Assassin's Creed" seriyasının səkkizinci əsas hissəsi və 2013-cü ildə işıq üzü görmüş "Assassin's Creed IV: Black Flag" oyununun sikvelidir. Oyun həmçinin, "Unity" ilə eyni gündə əvvəlki nəsil konsollar üçün buraxılmış "Assassin's Creed Rogue" oyunu ilə də bağlılığa malikdir.

Süjet real dünya hadisələrinin uydurma tarixinə əsaslanır və sülh ilə azad iradəni qorumaq uğrunda mübarizə aparan assasinlər ilə sülhə nəzarət vasitəsilə nail olmaq istəyən tampliyerlər arasında minilliklər boyu davam edən qarşıdurmadan bəhs edir. Freyminq hekayəsi XXI əsrdə cərəyan edir və burada şəxsiyyəti məlum olmayan və görünməyən bir baş qəhrəman XVIII əsrə aid bir tampliyer Böyük magistrinin cəsədinin yerini müəyyənləşdirməkdə kömək etmək üçün assasinlərə yeni üzv kimi qoşulur. Əsas süjet xətti 1789-cu ildən 1794-cü ilə qədər Böyük Fransa inqilabı dövründə Parisdə cərəyan edir. Hadisələr assasin Arno Dorianın ögey atasının qətlində təqsirkar olanlardan qisas almaq və eyni zamanda inqilabın arxasında duran əsl qüvvələri ifşa etmək cəhdlərini izləyir. "Unity" seriyanın üçüncü şəxs baxış bucağından açıq dünya kəşfiyyatı sistemini qorumaqla yanaşı, təkmilləşdirilmiş döyüş, parkur və gizlilik sistemlərini də təqdim etmişdir. Oyun həmçinin, "Assassin's Creed" seriyasına dörd nəfərə qədər oyunçunun süjetə əsaslanan missiyalarda iştirak etməsinə və açıq dünya xəritəsini araşdırmasına imkan verən kooperativ çoxistifadəçili rejimi gətirmişdir.

"Assassin's Creed Unity" nümayiş olunduğu dövrdə müxtəlif rəylərlə qarşılanmışdır. Videooyun vizual effektləri, fərdiləşdirmə seçimləri, məkanı və personajların xarakterizasiyası baxımından müsbət qiymətləndirilmişdir. Onun süjeti, geympleyi, missiya dizaynı və çoxistifadəçili formata yönəlmiş strukturu isə daha ziddiyyətli fikirlərə səbəb olmuşdur. Oyun həmçinin, çoxsaylı qrafik qüsurları və texniki xətaları ucbatından geniş şəkildə tənqid edilmişdir. Bu, da "Ubisoft" şirkətinin rəsmi üzrxahlıq bəyanatı yayması və əsas oyunun süjetinin epiloqu rolunu oynayan "Dead Kings" adlı ödənişsiz əlavə (DLC) şəklində təzminat təklif etməsi ilə nəticələnmişdir. Oyunun mövsüm biletini satın almış istifadəçilərə (hansı ki, yaranmış qalmaqala cavab olaraq sonradan satışı dayandırılmışdır) əlavə olaraq öz seçimlərinə uyğun digər bir "Ubisoft" oyununun ödənişsiz kopyası təqdim olunmuşdur. İlkin tənqidi rəylərə baxmayaraq, "Unity" kommersiya uğuru qazanaraq 2020-ci ilin may ayınadək 10 milyondan çox nüsxə satmışdır. Müasir dövr süjetini davam etdirən, lakin əsas hadisələri Viktoriya dövrü Londonunda cərəyan edən növbəti hissə "Assassin's Creed Syndicate" 2015-ci ilin oktyabr ayında buraxılmışdır.

Geympley "Assassin's Creed Unity" üçüncü şəxs baxış bucağından oynanılan və açıq dünya mühitində cərəyan edən döyüş-macəra və stels janrında videooyundur. Oyunda XVIII əsrin sonlarına aid Paris şəhərinin təxminən 1:1 miqyasında tarixi bərpası təqdim olunur. Oyun məkanı yeddi əsas rayona – Lö Luvr, İl-de-la-Site, Lö Mare, La Bievr, Lez Envalid, Latın məhəlləsi və Vantr dö Pari rayonlarına bölünmüşdür, həmçinin bura Parisin ətrafında yerləşən Versal şəhəri də daxildir. Sen-Deni kommunası (Fransa inqilabı dövründə Fransiad adlandırılmışdır) ödənişsiz "Dead Kings" əlavə paketi çərçivəsində oyunda yer almışdır.

Açıq dünya daxilində tapılan və icra edilə bilən bir çox kənar missiyalar mövcuddur. Bunlara oyunçudan qeyri-oyunçu personajına (adətən tarixi şəxsiyyətlərə) kiçik bir problemdə kömək etməyi tələb edən "Paris hekayələri" (Paris Stories), oyunçunun müxtəlif qətl hadisələrini araşdırdığı, cinayətkarı müəyyənləşdirmək üçün ipucları topladığı və şahidləri dindirdiyi "Qətl sirləri" (Murder Mysteries) və oyunçunu fərqli artefaktlara yönləndirən, xüsusi mükafatların kilidini açmaq üçün istifadə olunan bir sıra gizli tapmacalardan ibarət "Nostradamus tapmacaları" (Nostradamus Enigmas) daxildir. Oyunçular həmçinin, Paris ətrafında səpələnmiş və adətən yeni təchizat və ya kosmetik seçimlər şəklində müxtəlif mükafatlar qazandıran xəzinə sandıqları, kokardalar və artefaktlar kimi bir çox kolleksiya əşyaları da tapa bilərlər.

thumb|left|"Assassin's Creed Unity" ekranda eyni vaxtda 30.000-dən çox qeyri-oyunçu personajın görünməsinə imkan verən izdiham sisteminə malikdir.

"Unity" oyununun döyüş sistemi seriyanın əvvəlki hissələri ilə müqayisədə əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir və burada yeni sistem üçün qılıncoynatma sənətindən ilham alınmışdır. Gizlilik sisteminə əllə çömbəlmə və səssiz arbalet funksiyasını yerinə yetirən, seriyanın simvolik "Gizli bıçaq" (Hidden Blade) alətinin fərqli bir versiyası olan "Fantom bıçağı" (Phantom Blade) kimi yeni funksiyaların əlavə edilməsi ilə bir neçə təkmilləşdirmə inteqrasiya edilmişdir. Bundan əlavə, əvvəlki "Assassin's Creed" oyunlarındakı xətti sui-qəsd missiyalarından imtina edilmiş, əvəzində oyunçuya hədəfi necə zərərsizləşdirəcəyi barədə daha çox azadlıq təklif edən yeni "Qara qutu" (Black Box) dizaynı tətbiq edilmişdir. Oyunçu fərqli giriş nöqtələrini və ya faydalı ola biləcək yayındırıcı amilləri tapmaq üçün ətraf mühiti araşdıra, beləliklə, özünə ən uyğun yanaşmanı seçə bilmişdir. Naviqasiya üçün oyunda oyunçunun binalara hər iki istiqamətdə dırmaşmasını asanlaşdırmaq məqsədilə yeni "Yuxarı sərbəst qaçış" (Free-run up) və "Aşağı sərbəst qaçış" (Free-run down) əmrləri daxil edilmişdir. Bu, onlara istədikləri vaxt idarə olunan şəkildə qalxma və enmə imkanı vermişdir. Yenilənmiş və daha böyük izdiham sayəsində onlarla yeni qarşılıqlı əlaqə variantları da mövcud olmuşdur. İzdiham müntəzəm olaraq təbii şəkildə ortaya çıxan və oyunçunun iştirak edib-etməməkdə sərbəst olduğu bir çox fəaliyyətlər təqdim edir. Silah çıxarmaqla bir qrup xuliqanı qorxutmaq, mülki şəxslərdən birini öldürməklə ikisi arasındakı davanı "həll etmək" və ya indicə kiminsə cibini soymuş bir oğrunun ardınca qaçmaq buna misal ola bilər.

Seriyada ilk dəfə olaraq protaqonist Arno Dorian bacarıq ağacı sistemi vasitəsilə təkmilləşdirilə bilən unikal qabiliyyətlər dəstinə sahibdir. Bu, oyunçuya geympley zamanı qazanılmış xalları Arnonun gizlilik, yaxın döyüş və uzaq məsafəli döyüş bacarıqlarını, eləcə də onun sağlamlığını yaxşılaşdırmaq üçün bölüşdürməyə imkan verir. Oyunçular həmçinin, fərdi oyun üslublarını daha da tamamlamaq üçün Arnonun silahlarını, zirehlərini və təchizatını fərdiləşdirə bilmişdilər. Bu əşyaların keyfiyyəti onların səviyyəsi ilə göstərilir. Bu, maksimum 5 ola bilər (əfsanəvi təchizatlar daxilində). Oyunçular qılınclar, baltalar, nizələr, tüfənglər, tapançalar və tüstü bombaları kimi atıla bilən əşyalar da daxil olmaqla daha geniş silah seçiminə malikdirlər. "Dead Kings" əlavəsi oyuna daha bir silah daxil edir: "Gilyotin silahı" (Guillotine Gun) – lüləsinin altına balta başlığı bərkidilmiş qumbaraatan.

Əvvəlki əksər "Assassin's Creed" oyunlarında olduğu kimi, bu oyunda da daxili iqtisadiyyat sistemi mövcuddur. Bu sistem əsasən əvvəllər assasinlərin kəşfiyyat toplama məntəqəsi olan, lakin sonradan xarabalığa çevrilən və hekayə boyu Arnonun baş qərargahı rolunu oynayan "Kafe teatr" (Café Théâtre) ətrafında qurulmuşdur. Oyunçu binanın interyerini dəyişdirən və yeni otaqların, o cümlədən assasinlərin yeraltı sığınacağına aparan gizli keçidin kilidini açan təkmilləşdirmələrə investisiya qoymaqla kafeni bərpa edə bilər. Kafe həmçinin, passiv bir biznes funksiyasını yerinə yetirir, arxa planda gəlir hasil edir və bu gəlir Arnonun toplaması üçün bir sandığa yığılır. Kafe nə qədər çox bərpa olunarsa, bir o qədər çox pul qazandırır. Oyunçular kafe ilə bağlı missiyaları yerinə yetirməklə və Paris ətrafındakı əlavə meyxanaları satın almaqla gəlirlərini daha da artıra bilmişdilər.

"Unity", həmçinin seriyaya kooperativ çoxistifadəçili rejimi gətirmişdir. Oyunçular oyunda sosial mərkəz rolunu oynayan meyxanalara daxil ola bilərlər. Burada onlar onlayn dostlarından hər hansı birinin hazırda oyunu oynayıb-oynamadığını görə bilirlər. Əgər dostları hazırda bir missiyadadırsa, onlar öz personajlarının "ruh" versiyası kimi görünürlər və bu, oyunçuya onların missiyasına qoşulmaq barədə sorğu göndərmək üçün onlara yaxınlaşmaq imkanı verir. Əgər sorğu qəbul edilərsə, hər iki oyunçu eyni oyun sessiyasına daxil olur və burada missiyanı sonuncu yoxlama nöqtəsindən davam etdirə bilirlər. Eyni zamanda dörd nəfərə qədər oyunçu birlikdə oynaya bilər. Hər bir oyunçu öz oyununda fərdiləşdirilmiş Arno rolunu canlandırır, digər oyunçular isə Arnonun öz fərdiləşdirilmiş versiyası kimi görünür və öz təchizatlarını qoruyub saxlayırlar. Birgə oyun üçün bir çox missiya və fəaliyyətlər mövcuddur (onların hamısını təkbaşına da sınamaq mümkündür), lakin əsas süjet missiyalarının hamısı yalnız təkistifadəçili rejim üçün nəzərdə tutulmuşdur.

Oyunun rəsmi köməkçi tətbiqi (Companion App) – "Unity"nin ümumi süjeti ilə məhdud "birbaşa əlaqələri" olan "freemium" tipli klik tətbiqi ilə əhəmiyyətli bağlılıqlar mövcud olmuşdur. Bütün oyunçular üçün görünən, lakin yalnız tətbiq daxilində müəyyən hədəfləri tamamlayanlar üçün əlçatan olan xeyli sayda xəzinə sandıqları, sui-qəsd hədəfləri və digər kolleksiya əşyaları yer almışdır. 2015-ci ilin fevral ayındakı yeniləmədən sonra bu tələb artıq ləğv edilmişdir, bu isə o deməkdir ki, yeniləməni yükləyən oyunçular artıq köməkçi tətbiqi oynamadan oyundakı bütün sandıqları toplaya bilirlər.

Süjet

Personajlar Oyunun baş qəhrəmanı Versalda assasin ailəsində anadan olmuş yerli fransız Arno Doriandır (Den Jannot). Atası "Assassin's Creed Rogue" oyununun sonunda Şey Patrik Kormak tərəfindən öldürüldükdən sonra Arno yeni ailəsinin Tampliyerlər ordenində yüksək mövqe tutmasından və yeni ata fiqurunun tampliyer Böyük magistri olmasından xəbərsiz şəkildə ögey ailə tərəfindən övladlığa götürülmüşdür. Arno ögey atasının qətlə yetirilməsində özünü günahlandırır və buna görə də onu Assasinlər qardaşlığına gətirən bir fədakarlıq yoluna qədəm qoyur. O, seriyanın əvvəlki oyunlarında görünən Əltair İbn La-Əhəd və Esio Auditore da Firense kimi burada da tədricən rütbəcə yüksəlir. Arnonun sevgilisi isə onu övladlığa götürən tampliyer Böyük magistrinin qızı Eliz de la Serrdir (Katrin Berube). O da atasının ölümünün təfərrüatlarını və bu ölümün Tampliyerlər ordeninin daxili fundamental dəyərlərini təhdid edən ideoloji dəyişiklikdəki rolunu araşdırmağa başlayır. Həmin dövrdə, həmçinin Markiz de Sad (Aleks İvanoviçi), Maksimilian Robespyer (Bryus Dinsmor) və gənc Napoleon Bonapart (Brent Skaford) kimi bir neçə tarixi şəxsiyyətin də peyda olduğu məlumdur.

Məkan Arnonun hekayəsi uşaqlıq illərində Versalda başlayır, lakin süjetin böyük bir hissəsində o, Parisdə fəaliyyət göstərir. Onun Parisdəki macərası 1789-cu ildə Böyük Fransa inqilabı ərəfəsində başlayır və 1794-cü ilin Termidor çevrilişinə qədər davam edir. Müasir dövr mühiti assasinlərin oyunçu ilə əlaqə saxlaması, həm indiki zamanda kömək etmələrini, həm də keçmişdə Arnonun xatirələrini araşdırmalarını xahiş etmələri üzərində qurulmuşdur. Birgə çoxistifadəçili missiyalar Böyük Fransa inqilabı zamanı Assasinlər qardaşlığının inkişafını izləyir. Bundan əlavə, hekayə boyu oyuna "zaman anomaliyaları" daxil edilmişdir. Bu anomaliyalara daxil olmaq Arnonu Paris tarixinin müxtəlif dövrlərinə, o cümlədən Parisin "Gözəl dövr"ünə və ya İkinci Dünya müharibəsi zamanı nasist Almaniyası tərəfindən işğalı illərinə aparır.

Məzmun