Niderlandlı Henri (; ) — II Niderland kralı II Vilhelmin oğlu, hərbi xadim.

1820-ci ildə dünyaya gəldi. Atası I Niderland kralı I Vilhelmin oğlu və varisi Şahzadə Vilhelm, anası isə rus çarı I Pavelin qızı Anna Pavlovnadır. Doğulduğu əsnada babası hələ də taxtda idi. Yaşca böyük qardaşları vəliəhd Vilhelm və şahzadə Aleksandr kimi mükəmməl saray təlim-tərbiyəsi aldı. Ancaq onlardan fərqli olaraq dənizçilik sahəsinə maraq duydu. Erkən yaşlarında Niderland donanmasında rütbələr aldı. 1837-ci ildə Niderland Ost-Hindi torpaqlarına səyahət etdi və 7 ay boyunca burada yaşadı.

1840-cı ildə babası taxtdan çəkilməyə məcbur oldu və atası II Vilhelm adıyla taxta çıxdı. Atasının səltənətində rəsmi səfərlərdə iştirak etdi. Ancaq atasının qısa səltənətinin ardından 1849-cu ildə münasibətlərinin heç də yaxşı olmadığı böyük qardaşı III Vilhelm taxta çıxdı. Olduqca utancaq, dindar və sadə biri olan Şahzadə Henri cəmiyyət arasına nadir hallarda çıxırdı. Qardaşı Aleksandr və bacısı Sofiya ilə münasibətləri yaxşı olsa da, böyük qardaşı III Vilhelmlə münasibətləri pis idi. Bu səbəblə, qardaşı onu mərkəzdən uzaqlaşdırmaq məqsədilə 1850-ci ildə Lüksemburq torpaqlarına naib olaraq təyin etdi və ölümünədək bu vəzifəsini davam etdirdi.

İlk evliliyi 9 may 1853-cü ildə Böyük Saksoniya-Veymar-Eisenax hersoqu Karl Avqustun nəvəsi Şahzadə Amaliya ilə Veymarda baş tutdu. Cütlük bir-birinə çox uyğun idi. Ancaq övlad sahibi ola bilməməsi və ailədəki vəliəhd azlığı Şahzadə Henri üçün yeni bir xanımın axtarılmasına səbəb oldu. Xanımının 1872-ci ildə ölümü bu axtarışları sürətləndirdi. Beləcə, 24 avqust 1878-ci ildə Potsdamda Prussiyalı Mariya ilə evləndirildi. Nigah əsnasında bəy namizədinin 58, gəlinin isə 22 yaşı vardı. Ancaq Şahzadə Henrinin bu evliliyindən də övladı olmadı.

Digər yandan ikinci evliliyi ərəfəsində səhhəti pisləşmişdi. Qızılcaya yoluxmuşdu və bu onun ölüm səbəbi oldu. 1879-cu ildə vəfat etdi. Cənazəsi Delftə gətirildi və burada Nive kerkdəki ailə məzarlığına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Rogier Moulen Janssen: Hendrik. Prins van Oranje-Nassau. Stadhouder van Luxemburg. Uitg. 2020 in eigen beheer; ISBN 978 90 903 3251 2 Harding, Tim (21 augustus 2015). . McFarland. ISBN 978-0-7864-7473-8

İstinadlar