1500–1503-cü illər Rus-Litva müharibəsi — Rus dövləti ilə Böyük Litva knyazlığı arasında baş vermiş müharibə idi. Müharibənin əsas səbəbi Litva-Rus mənşəli bir sıra xüsusi knyazların Böyük knyaz III İvanın (İvan Böyük) xidmətinə keçməsi olmuşdur. Bu müharibə XV–XVI əsrlərdə Qərbi Rus torpaqları uğrunda aparılmış Rus-Litva müharibələrinin ikincisi idi. Rus dövlətinin müttəfiqi kimi Krım xanlığı çıxış edirdi. Litvanın tərəfində isə Livoniya Konfederasiyası vuruşurdu və o, 1501–1503-cü illər Rus-Livoniya müharibəsinə başlamışdı. Müharibə Rus dövlətinin qələbəsi ilə başa çatdı. Tərəflər arasında bağlanmış Blaqoveşensk barışığına əsasən Böyük Litva knyazlığının ərazilərinin təxminən üçdə biri Moskva dövlətinə keçdi.

Hərbi əməliyyatlar 26 avqustda Valter fon Plettenberq başçılıq etdiyi Livoniya ordusu müttəfiq Litva ordusu ilə Rusiya ərazisində birləşmək məqsədilə Ostrov şəhəri yaxınlığından sərhədi keçdi. Lakin artıq 27 avqustda Plettenberqin dəstəsi Seritsa çayı yaxınlığında rus ordusu ilə döyüşə girdi. Bu döyüşdə livoniyalılar inandırıcı qələbə qazandılar və təşəbbüsü tamamilə öz əllərinə aldılar.

Seritsa çayındakı qələbədən sonra Plettenberqin ordusu İzborsk və Krasnıy Qorodok qalalarını ələ keçirməyə, daha sonra isə Velikaya çayı üzərindəki keçidləri tutmağa cəhd göstərdi, lakin buna nail ola bilmədi. Pskovlular tərəfindən çay keçidlərində geri oturdulan livoniyalılar cənuba yönəldilər və 7 sentyabrda Ostrov şəhərini ələ keçirdilər.

Bundan sonra Livoniya ordusunda baş vermiş epidemiya Plettenberqi Livoniyaya qayıtmağa məcbur etdi. Geri çəkilmənin digər səbəbi isə Litva Böyük Hersoqluğu ordusunun vəd edilən köməyə gəlməməsi idi. 14 sentyabrda Plettenberq artıq Livoniyaya qayıtmışdı. Litvalıların kiçik bir dəstəsi Livoniya ordusu geri çəkildikdən sonra Pskov torpaqlarına daxil oldu, Opoçka qalasını ələ keçirməyə cəhd göstərsə də, uğur qazana bilməyərək geri çəkildi.

Payızda rus qoşunları həm Livoniya Konfederasiyası, həm də Litva Böyük Hersoqluğunun torpaqlarında əks-hücuma keçərək bir sıra qələbələr qazandılar. Daniil Vasilyeviç Şçenya Şimali-Şərqi Livoniyanı və Estlyandiyanın böyük hissəsini viran qoydu; rus qoşunları Helmed qalası yaxınlığında almanları, Mstislavl yaxınlığında isə litvalıları məğlub etdilər, baxmayaraq ki, şəhərin özü ələ keçirilə bilmədi.

Böyük Orda qoşunlarının Seversk torpaqlarına hücumu III İvanı şimaldakı rus qüvvələrinin bir hissəsini həmin istiqamətə köçürməyə məcbur etdi. Rus qoşunları və onların müttəfiqi olan Krım xanlığı ordusunun birgə səyləri nəticəsində bu hücum dəf edildi.

Barışıq 25 mart 1503-cü ildə altı il müddətinə Blaqoveşensk barışığı imzalandı. Bu müqaviləyə əsasən, Rus dövləti müharibə zamanı ələ keçirdiyi geniş əraziləri özündə saxladı. Həmin torpaqlara Oka və Dnepr çaylarının yuxarı axınları boyunca yerləşən 19 sərhəd şəhəri, o cümlədən Çerniqov, Qomel, Novqorod-Severski və Bryansk daxil idi. Müharibə Böyük Litva knyazlığı üçün ağır nəticələrlə başa çatdı. Knyazlıq 70 volostu, 22 qala-şəhəri və 13 kəndi, yəni ərazisinin təxminən üçdə birini itirdi. Bundan başqa, Böyük Litva knyazlığı III İvanın «Bütün Rusiyanın hökmdarı» titulunu da rəsmən tanıdı. Müqavilə 1503-cü ilin iyun ayında Varşavada Polşa kralı və Böyük Litva knyazı I Aleksandr tərəfindən ratifikasiya edildi.

2 aprel 1503-cü ildə isə Livoniya Konfederasiyası ilə də barışıq müqaviləsi imzalandı. Bu saziş Rus-Livoniya sərhədlərində təhlükəsizliyi təmin etdi və Livoniya müharibəsi başlanana qədər həmin sərhədlərdə sülhün qorunmasına imkan verdi.

İstinadlar

Kateqoriya:1500-cü ildəki münaqişələr Kateqoriya:1501-ci ildəki münaqişələr Kateqoriya:1503-cü ildəki münaqişələr Kateqoriya:1502-ci ildəki münaqişələr Kateqoriya:XVI əsrin müharibələri Kateqoriya:Litvanın hərb tarixi Kateqoriya:1501-ci ildə Avropa Kateqoriya:Böyük Litva knyazlığı Kateqoriya:Litvanın müharibələri Kateqoriya:Rusiyanın müharibələri