right|thumb|300x300px|I Karlın edamı İngiltərə, Şotlandiya və İrlandiya kralı I Karl 1649-cu il yanvarın 30-da Londonun Uaythol küçəsində yerləşən Banketlər Sarayının (Banqueting House) qarşısında ictimai şəkildə edam edilmişdir. Bu edam İngiltərə burjua inqilabı dövründə kral tərəfdarları (royalistlər) ilə parlament tərəfdarları arasında baş vermiş siyasi və hərbi qarşıdurmaların kulminasiya nöqtəsi olmuş, nəticədə I Karl əsir götürülərək məhkəmə qarşısına çıxarılmışdır. 1649-cu il yanvarın 27-də parlamentin yaratdığı Ali Ədalət Məhkəməsi (High Court of Justice) onu "öz iradəsinə əsaslanan qeyri-məhdud və tiran hakimiyyəti qoruyub saxlamağa cəhd göstərmək, habelə xalqın hüquq və azadlıqlarını məhv etməyə çalışmaq" ittihamı ilə təqsirli bilmiş və başının kəsilməsi yolu ilə ölüm cəzasına məhkum etmişdir.

I Karl ömrünün son günlərini ən sadiq tərəfdarlarının müşayiəti ilə Sent-Ceyms sarayında keçirmiş və ailə üzvləri tərəfindən ziyarət olunmuşdur. Yanvarın 30-da o, Banketlər Sarayının qarşısında xüsusi olaraq inşa edilmiş böyük qara edam meydançasına gətirilmiş, burada çoxsaylı insanlar toplaşmışdı. Meydançaya qalxan I Karl son nitqini söyləyərək parlamentin ona qarşı irəli sürdüyü ittihamları rədd etmiş, özünü günahsız hesab etdiyini bildirmiş və "xalqı yolunda şəhid" olduğunu bəyan etmişdir. Lakin meydançanı əhatə edən çoxsaylı parlament mühafizəçiləri səbəbindən izdiham bu nitqi eşidə bilməmişdir. Bununla belə, kralın yanında olan yepiskop Uilyam Cakson nitqi stenoqrafik şəkildə qeydə almışdır. I Karl Caksona son sözlərini söyləyərək səmada özünü "çürüməz tacın" gözlədiyini ifadə etmiş, daha sonra başını kötüyün üzərinə qoymuşdur. Bir neçə an gözlədikdən və hazır olduğunu işarə etdikdən sonra kimliyi açıqlanmayan cəllad onu bir zərbə ilə başını kəsərək edam etmiş, sonra isə kralın başını səssizcə izdihama göstərmiş və qısa müddət sonra onu əsgərlərin sırasına təhvil vermişdir.

I Karlın edamı İngiltərə tarixinin ən mühüm və eyni zamanda ən mübahisəli hadisələrindən biri kimi qiymətləndirilir. Bir qrup müasiri bu hadisəni günahsız bir hökmdarın şəhid edilməsi kimi dəyərləndirmişdir. Dövrün tarixçisi Edvard Hayd həmin ili "ondan əvvəlki bütün illərdən daha çox rüsvayçılıq və biabırçılıq ili; ən yüksək səviyyədə ikiüzlülük və riyakarlıq, ən dərin xəyanət və ən qanlı cinayətlərlə yadda qalan bir dövr" kimi xarakterizə etmişdir. Sonrakı dövrdə yaşayan tori yazıçısı Ayzek Dizraeli isə I Karlın "balta qarşısına həyatında nümayiş etdirdiyi eyni soyuqqanlılıq və ləyaqətlə çıxdığını" qeyd edərək, onu Britaniya üçün "vətəndaş və siyasi şəhid" adlandırmışdır.

Digər tərəfdən, bir sıra tarixçilər və siyasi xadimlər bu edamı Britaniyada konstitusion idarəçilik və demokratiyanın formalaşması istiqamətində həlledici addım kimi qiymətləndirmişlər. I Karlın məhkəmə prosesində ittihamçısı olmuş Con Kuk bildirmişdir ki, bu hökm "yalnız bir tirana deyil, tiraniyanın özünə qarşı çıxarılmış hökm idi". Viq tarixçisi Samuel Rouson Qardiner isə yazırdı ki, "I Karlın ölümü ilə konstitusion idarəetmə sisteminin qurulmasına mane olan əsas əngəl aradan qalxmış, kral hakimiyyətinin I Karlın anladığı mahiyyətdə mövcudluğu birdəfəlik sona çatmışdır."

İstinadlar

Kateqoriya:İngiltərə burjua inqilabı