Müşfiq Mirzəyev adına "Dostluq" parkı — Azərbaycanın Mingəçevir şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən ictimai istirahət zonası.
Park ərazisində açıq havada şəhər əhəmiyyətli müxtəlif tədbirlər və konsert proqramları təşkil olunur. Ərazidə müxtəlif istirahət guşələri, uşaq əyləncə meydançaları, eləcə də müasir attraksionlar və yelləncəklər yaradılmışdır.
Tarixi "Dostluq" parkı Mingəçevir şəhərinin mərkəzi hissəsində salınmış əsas istirahət parklarından biridir. Park Birinci Qarabağ müharibəsi qəhrəmanı Müşfiq Mirzəyevin adını daşıyır.
"Dostluq" parkı 2013-cü ildə əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Yenidənqurma işləri çərçivəsində parkın infrastrukturu müasirləşdirilmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, yaşıllıq sahələri genişləndirilmiş, dekorativ ağac və kol bitkiləri əkilmiş, fəvvarə kompleksi inşa edilmiş, piyada yolları yenilənmiş və istirahət guşələri yaradılmışdır.
24 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfəri çərçivəsində parkda yaradılmış infrastruktur və abadlıq işləri ilə tanış olmuşdur.
Təsviri Parkın ümumi sahəsi 6 hektardır. Park ərazisində 100 işıqlandırma fənəri və 100 skamya quraşdırılmış, 2500 ağac və 2000 kol əkilmişdir. Parkın mərkəzində işıq və musiqi effektləri ilə təchiz edilmiş fəvvarə kompleksi yerləşir.
Parkın ərazisində aşağıdakı infrastruktur mövcuddur:
geniş piyada xiyabanları; dekorativ yaşıllıq sahələri; fəvvarə kompleksi; 300 tamaşaçı yeri olan yay konsert səhnəsi; uşaq oyun və əyləncə meydançaları; velosiped cığırları; attraksionlar; istirahət guşələri və oturacaqlar; müasir işıqlandırma sistemi.
Parkın ərazisində Gənclər Evi və Dövlət Rəmzləri Muzeyi yerləşir.
Həmçinin bax Mingəçevir Gənclər Evi Dövlət Rəmzləri Muzeyi (Mingəçevir)
İstinadlar
Kateqoriya:Mingəçevir Kateqoriya:Mingəçevirin görməli yerləri