İrsi mikrosferositoz və ya Minkovski-Şoffar xəstəliyi — autosom-dominant irsiyyət tipinə malik genetik xəstəlikdir. Xəstəlik eritrositlərin membran quruluşunun pozulması ilə xarakterizə olunur, nəticədə eritrositlərin forması dəyişir və onlar dalaqda hemolizə uğrayır. Hemoliz nəticəsində anemiya, sarılıq yaranır və öd kisəsi və öd yollarında bilirubin konkrementlərinin əmələ gəlmə ehtimalı artır.Е. В. Ширданина, З. С. Гордеева. Наследственный микросфероцитоз (болезнь Минковского — Шоффара) // Практическая медицина. — 2010.

Tarixi və epidemiologiya İrsi mikrosferositoz ilk dəfə 1900-cü ildə Oskar Minkovski tərəfindən təsvir edilmiş, sonralar isə daha ətraflı şəkildə Anatol Şoffar (1907) tərəfindən öyrənilmişdir.

Xəstəlik ən çox Şimali Avropa sakinlərində rast gəlinir, yayılma tezliyi — əhalinin hər 5000 nəfərindən 1-də müşahidə olunur.

Patogenez Xəstəliyin əsasında eritrositlərin membran zülalının genetik defekti dayanır, bu səbəbdən membranın natrium ionları üçün keçiriciliyi artır, nəticədə eritrositlər şişir, deformasiya olunma qabiliyyəti pozulur, onların səthinin bir hissəsi dalaqda qopur, ömür müddəti qısalır və nəticədə dalağın makrofaqları tərəfindən dağıdılırlar. Bu patologiya morfoloji anomaliya olan mikrosferositoz şəklində özünü göstərir. Mikrosferositlərin ömür müddəti normal eritrositlərlə (120-125 gün) müqayisədə azalmış olub, 12-14 gün təşkil edir.

Klinik mənzərə Mikrosferositozun əsas simptomu anemiya, sarılıq və splenomeqaliya ilə özünü göstərən hemolitik sindromdur. Anemiyanın ifadə dərəcəsi müxtəlifdir, çox vaxt hemoqlobinin orta dərəcədə azalması müşahidə olunur, bəzi xəstələrdə isə anemiya ümumiyyətlə olmur. Ən ağır anemiya hemolitik böhran zamanı meydana çıxır. Mikrosferositar hemolitik anemiya xroniki gedişə malikdir və dövri böhranlarla müşayiət olunur, böhranlar soyuqlama, həddindən artıq yorğunluq, stress, hamiləlik, infeksiyalar kimi provokasiyaedici amillərin təsiri altında yaranır və hemoliz simptomlarının güclənməsi ilə özünü göstərir: temperatur yüksəlir, sarılığın intensivliyi artır, hepato- və splenomeqaliya meydana çıxır, dalaq kapsulunun gərilməsi nəticəsində ağrılı olur.

Hemolitik sindromdan əlavə, bəzi xəstələrdə inkişafın ləngiməsi, üz skeletinin "qüllə kəllə" şəklində pozulması, damağın yüksək yerləşməsi, dar göz çuxurları, yəhərvari burun və dişlərin düzgün yerləşməməsi kimi əlamətlər müşahidə olunur.

Mikrosferositoz tez-tez öd kisəsi və öd yollarında daşların əmələ gəlməsi ilə ağırlaşır və qaraciyər kolikalarının inkişafına səbəb olur. Qaraciyərdə ödün durğunluğu nəticəsində xəstələrdə angioxolesistit və parenximatoz hepatit simptomları, qanın biokimyəvi analizində dolayı bilirubinin artması müşahidə oluna bilər.

Diaqnostika

qan yaxmasının tədqiqi zamanı orta diametri azalmış (7,2-7,0 mkm-dən az) sferositlər aşkar edilir; qanın biokimyəvi analizinin aparılması zəruridir (ümumi bilirubin və onun fraksiyaları, laktatdehidrogenaza (LDH), aspartataminotransferaza (AST), alaninaminotransferaza (ALT), qələvi fosfataza (QF), xolesterin); eozin-5-maleimid flüoresent boyası ilə test; inkubasiyadan əvvəl və sonra eritrositlərin osmotik rezistentliyi.Федеральные клинические рекомендации по диагностике и лечению наследственного сфероцитоза у детей // Общество детских гематологов. — 2015.

Müalicə Hemolitik böhran zamanı müalicənin məqsədi anemiyanın, hipoksiyanın və hiperbilirubinemiyanın aradan qaldırılmasıdır. Ağır hemolitik böhran zamanı qan köçürülməsi, yəni eritrosit kütləsinin köçürülməsi tövsiyə olunur.

Daimi və ya böhranlar şəklində yaranan anemiya, ifadəli hiperbilirubinemiya, sağ qabırğaaltı nahiyədə ağrının meydana çıxması və ya inkişafda geriləmə zamanı seçim üsulu splenektomiyadır. Splenektomiya üçün optimal yaş — 4-5 yaşdır.

İrsi mikrosferositozda proqnoz əlverişlidir.

İstinadlar

Kateqoriya:Hematologiya Kateqoriya:Anemiyalar Kateqoriya:Qan xəstəlikləri Kateqoriya:Əlifba sırası ilə xəstəliklər