İtaliya Sindikal İttifaqı (İSİ; ) — İtaliyanın anarxo-sindikalist həmkarlar ittifaqı birliyi. Təşkilat anarxo-sindikalist İnternasionalı olan Beynəlxalq Zəhmətkeşlər Assosiasiyasının (BZA) sekasiyasıdır. 1922-ci ildə bu təşkilatın nümayəndələri Beynəlxalq Zəhmətkeşlər Assosiasiyasının banilərindən olmuşdular.

Tarixi İSİ 23–25 noyabr 1912-ci il tarixində Modenada keçirilən təsis qurultayında inqilabi-sindikalist həmkarlar ittifaqı kimi yaradılmışdır. Təşkilatın tarixi 3 noyabr 1907-ci il tarixindən, Parma şəhərində yeni təsis olunmuş Ümumi Əmək Konfederasiyasının islahatçı xəttinə qarşı olan həmkarlar təşkilatlarının konfransının toplanmasından başlayır. Konfransda inqilabi təmayüllü Milli Müqavimət Komitəsinin yaradılması haqqında qərar qəbul edilmişdir. Əsas təşəbbüskarlar arasında Parma Əmək Palatasının lideri Alçeste de Ambris də var idi.

Sözügedən həmkarlar birliyi anarxo-sindikalist prinsiplər əsasında qurulmuşdu. Bu, parlamentarizmə mənfi münasibəti, siyasi partiyalarla əməkdaşlıqdan imtahanı, əmək münaqişələrinə dövlətin müdaxiləsi zərurətinin rədd edilməsini və vasitəçilər, eləcə də pullu funksionerlər olmadan bütün həmkarlar ittifaqı üzvlərinin öz hüquqları uğrunda doğrudan fəaliyyət taktikasına üstünlük verilməsini nəzərdə tuturdu. Bununla yanaşı, İSİ digər həmkarlar birliklərinin fəaliyyətinə tənqidi yanaşırdı.

İSİ-nin əsas təsir zonası şimalın "sənaye üçbucağı" (Turin–Milan–Liquriya), habelə Emiliya, Toskana və Apuliyadan ibarət idi. Anarxo-sindikalistlərin əsas dayağı metallurgiya sənayesinin fəhlələri və texnikləri, bənnalar, mədənçilər, kəndlilər və gündəlik muzdur fəhlələr idi.

Mövcudluğunun ilk illərində İSİ öz yaşayış şəraitini yaxşılaşdırmağa çalışan İtaliya zəhmətkeşlərinin gündəlik tətil mübarizəsində fəal iştirak etmişdir. Bundan əlavə, anarxo-sindikalistlər fəal anti-militarist təbliğat aparmışdırlar. 1913-cü ilə qədər İSİ metallurgiya sənayesində sosialist həmkarlar ittifaqlarını arxa plana sıxışdıraraq aparıcı həmkarlar birliyinə çevrilmişdir. Anarxistlər ixtisasından asılı olmayaraq bu sahənin bütün fəhlələrini vahid həmkarlar birliyində birləşdirməyə çalışırdılar.

Ən radikal "əmək palataları" İSİ ilə sıx yaxınlaşmışdı, buna görə də anarxo-sindikalistlər 1914-cü ilin "Qırmızı həftə"si də daxil olmaqla bütün mühüm əmək münaqişələrində iştirak etmişdilər. Bununla belə, Birinci Dünya müharibəsinin başlaması İtaliyanın müharibəyə müdaxiləsi məsələsi ətrafında baş verən münaqişə ilə İSİ-ni sarsıtmışdır. Problem anarxo-sindikalist birliyində müharibədə iştirakın tərəfdarları olan, birliyin baş katibi Alçeste De Ambris, Filippo Korridoni (nəticədə 1915–1916-cı illərdə təşkilatdan xaric edilmişdirlər) və ilkin mərhələdə Cuzeppe Di Vittorio kimi həmkarlar ittifaqı "millətçilərinin" olması idi. İSİ liderləri Armando Borqi (yeni baş katib təyin edilmişdi) və Alberto Meşi İSİ-nin anti-militarist xəttini fəal şəkildə müdafiə etmişdilər.Дамье В. В. Из истории анархо-синдикализма. (опубликовано: Дамье В. В. Анархо-синдикализм в XX веке. — М., 2001)

İstinadlar

Kateqoriya:İtaliya həmkarlar ittifaqları Kateqoriya:Sindikalizm Kateqoriya:Anarxist təşkilatlar Kateqoriya:Anarxo-sindikalizm