Hesseli Volfqanq Moris (; ) — Almaniya imperatoru III Fridrixin nəvəsi, Hessen şahzadəsi.

Həyatı 1896-cı ildə Offenbaxda əkiz qardaşı Filipplə birlikdə dünyaya gəldi. Atası Hohensollern sülaləsindən Hesseli Fridrix Karl, anası isə Almaniya imperatoru III Fridrixin qızı Şahzadə Marqaritadır. Uşaqlıq illəri Kronberq malikanəsində keçdi. Bu qəsr ana nənəsi olan dul imperatriça Viktoriyanın ölümündən sonra 1901-ci ildə anasına miras qalmışdı. Anasının istəyilə ingilis üslubunda təlim-tərbiyə aldı. Berlindəki hərbi məktəbə daxil oldu və bütün alman əsilzadə övladları kimi hərbi karyeraya yönəldi.

O əsnada başlayan Birinci Dünya müharibəsi səbəbilə leytenant rütbəsilə cəbhəyə yollandı. Şərq cəbhəsində vuruşan Volfqanq, iki böyük qardaşının həlak olmasının ardından dayısı Kayzer II Vilhelm tərəfindən geri çağırıldı və cəbhədən uzaqlaşdırıldı.

Müharibənin sonlarında atasının Finlandiya kralı seçilməsiylə, Finlandiya taxt-tacının vəliəhd-şahzadəsi ünvanını aldı. Belə ki, özündən yaşca böyük qardaşları vəfat etmişdi. Ancaq bu ünvanı yalnız 2 ay daşıya bildi.

Müharibənin ardından bir müddət ABŞ-da bank sektorunda çalışdı. Almaniyaya döndükdən sonra Visbadendə çalışdı. 17 sentyabr 1924-cü ildə Badenli Maksimilyanın qızı Mariya Aleksandra ilə evləndi. Cütlüyün bu nikahdan övladı olmadı.

Əkiz qardaşının yaxın dostu Herman Göringin vasitəsilə, Nasist partiyasına və onun militar qruplaşması olan SA qrupuna daxil oldu. Alman ordusunda mayor rütbəsinə yüksəldi. İkinci Dünya müharibəsi illərində Finlandiya uğrunda gedən döyüşlərdə iştirak etdi. Xanımı Badenli Mariya Aleksandra 1944-cü ildə Frankfurtdakı bombalamada həlak oldu.

Müharibənin sonlarında isə 1945-ci ilin aprelində həbs olundu. 1946-cı ilin noyabrınadək müxtəlif əsir düşərgələrində qaldı. 1948-ci ilin iyununda bəraət qazandı.

Müharibənin ardından 1948-ci ildə zadəgan olmayan Otilye Möllerlə evləndi. Ancaq bu evlilikdən də övladı olmadı. 1943-cü ildə vəfat edən kiçik qardaşı Kristofun oğlu Karl Adolfu övladlığa götürdü.

1989-cu ildə Frankfurtda vəfat etdi.

Mənbə

Ədəbiyyat Eckhart G. Franz: Das Haus Hessen. Kohlhammer, Stuttgart 2005, ISBN 3-17-018919-0

Anders Huldén, Finnlands deutsches Königsabenteuer 1918, Reinbek 1997. Herausgegeben von: Deutsch-Finnische Gesellschaft e. V. und erschienen bei: Traute Warnke Verlag — ISBN 3-9801591-9-1

İstinadlar