Rakif Vaqif oğlu Əliyev () — Azərbaycan futbol məşqçisi və keçmiş futbolçu. 2026-cı ildən "Zaqatala" klubunun baş məşqçisidir. Əvvəllər "Bakılı", "Qəbələ", "Qarabağ", "Kəpəz" və digər klublarda müxtəlif məşqçilik və analitik vəzifələrdə çalışıb.

Futbolçu karyerası Rakif Əliyev 1983-cü ildə Ağdaş rayonunda anadan olub. Uşaqlıq illərində ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Futbolla 1994-cü ildə Rövşən Əhmədovun rəhbərliyi altında məşğul olmağa başlayıb. Daha sonra ailəsi Bakıya köçdükdən sonra futbol təhsilini burada davam etdirib və uşaq məşqçisi Emil İsgəndərov olub.

2000-ci ildə, 17 yaşında ikən Birinci divizionda çıxış etməyə başlayıb. 13 il ərzində müxtəlif komandalarda futbolçu kimi çıxış edib. Onun oynadığı klublar arasında "Ədliyyə", "Qaradağ Lökbatan", "Neftçala" və "Bakılı" olub.

Məşqçilik karyerası

"Bakılı" Əliyev məşqçilik fəaliyyətinə 2013-cü ildə "Bakılı" klubunda başlayıb. Həmin vaxt 33 yaşında olan Əliyev klubun baş məşqçisi Nadir Qasımovun istefasından sonra komandanın baş məşqçisi təyin edilib. Komanda onun rəhbərliyi altında bir neçə qələbə qazanıb. Sonradan yeni baş məşqçinin təyin edilməsinə baxmayaraq, həmin şəxsin istefasından sonra baş məşqçi vəzifəsi yenidən Əliyevə həvalə olunub. Bu dövrdən sonra o, məşqçilik fəaliyyətini davam etdirmək qərarına gəlib.

"Qəbələ" akademiyası 2015-ci ildə Nail Kərimovun dəvəti ilə "Qəbələ"nin Futbol Akademiyasında çalışmağa başlayıb. Akademiyada Stenli Brard və Halim Fıçıcı ilə işləyib. 2018-ci ildən Kazbek Tuayevin məktəbində fəaliyyət göstərib.

"Qarabağ" Əliyev "Qarabağ"ın futbol akademiyasında çalışıb və U-15 komandasının baş məşqçisi olub. 2024-cü ilin yanvarında öz istəyi ilə akademiyadan ayrıldığını açıqlayıb. Onun rəhbərliyi altında U-15 komandası Azərbaycan çempionatının qalibi olub və Türkiyədə keçirilən beynəlxalq turnirdə də birinci yeri tutub. Əliyev ayrılarkən komanda Azərbaycan çempionatında 16 oyundan sonra 45 xalla turnir cədvəlinə başçılıq edirdi.

2024-cü ilin yanvarında Əliyevin yerinə "Qarabağ"ın U-15 komandasının baş məşqçisi vəzifəsinə Vüqar Əsgərli təyin edilib.

"Qəbələ"yə qayıdışı 2024-cü ilin yanvarında Əliyev "Qəbələ"nin əsas komandasının məşqçilər korpusuna daxil olub və məşqçi-analitik vəzifəsində çalışıb. Həmin vaxt komandanın baş məşqçisi Elmar Baxşıyev olub.

Əliyev "Qəbələ"yə qayıdışı ilə bağlı bildirmişdi ki, klub onun məşqçi kimi yetişməsində mühüm rol oynayıb. O, "Qarabağ"dan ayrıldıqdan sonra müxtəlif klublardan bir neçə təklif aldığını, lakin "Qəbələ"nin təklifini qəbul etdiyini qeyd edib.

"Kəpəz" Əliyev "Kəpəz"də Azər Bağırovun məşqçilər korpusunda fəaliyyət göstərib. Bağırovun köməkçilərinin müəyyənləşdirilməsi ilə bağlı yayılan məlumatlarda Əliyevin də məşqçilər korpusunda yer aldığı bildirilib.

"Zaqatala" 2026-cı ildə Əliyev "Zaqatala"nın baş məşqçisi təyin olunub. "Zaqatala"da onunla yanaşı məşqçilər korpusunda yeni təyinatlar da həyata keçirilib.

Əliyevin baş məşqçi təyin olunmasından sonra klub heyətini də gücləndirib və elə ilk ayda iki futbolçunu transfer edib.

Fəaliyyəti Əliyev uzun illər ərzində əsasən uşaq futbolunun inkişafı istiqamətində fəaliyyət göstərib. O, "Qəbələ" və "Qarabağ" akademiyalarında çalışdığı dövrdə müxtəlif yaş qrupları ilə işləyib. 2024-cü ildə verdiyi müsahibəsində Azərbaycanda uşaq futbolunda yarış sisteminin təkmilləşdirilməsinin, məşqçilərin təhsilinə daha çox diqqət yetirilməsinin və gənc futbolçuların beynəlxalq yarışlarda iştirakının vacibliyini vurğulayıb.

İstinadlar

Kateqoriya:Ədliyyə Bakı FK futbolçuları Kateqoriya:Qaradağ Lökbatan FK futbolçuları Kateqoriya:Neftçala FK futbolçuları Kateqoriya:Bakılı PFK futbolçuları Kateqoriya:Zaqatala FK