Azər Şahverdi oğlu Məmmədrəhimov (23 dekabr 1984) — Azərbaycan dövlət qulluqçusu, Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən.

Karyera

2005–2010-cu illərdə özəl sektorda fəaliyyət göstərərək maliyyə şöbəsinin müdiri vəzifəsində çalışmış, eyni zamanda bank sektorunda müxtəlif vəzifələrdə iş təcrübəsi qazanmışdır. 2010–2013-cü illərdə “Azərpoçt” MMC-də maliyyə xidmətləri üzrə məsul vəzifədə işləmişdir.

2013–2024-cü illərdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışmışdır. APA-nın məlumatına görə, bu dövrdə nazirliyin aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində fəaliyyət göstərib.

2016–2020-ci illərdə Ümumdünya Poçt İttifaqının Poçt Əməliyyatları Şurasının Poçt Maliyyə Xidmətləri Komissiyasının həmsədri olmuş, 2023-cü ildə Ümumdünya Poçt İttifaqının Fövqəladə Konqresi çərçivəsində Səlahiyyətlər Komissiyasının sədr müavini vəzifəsini icra etmişdir. 2019–2024-cü illərdə “Azərpoçt” MMC-nin Müşahidə Şurasının katibi vəzifəsini icra etmişdir.

24 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

2024-cü ilin avqustunda “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilmişdir.

30 aprel 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmiş və nazir təyin olunanadək nazir vəzifəsinin müvəqqəti icrası ona həvalə edilmişdir.

Nazir müavini kimi fəaliyyəti dövründə Naxçıvanda rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi, innovasiya və nəqliyyat infrastrukturu ilə bağlı tədbirlərdə iştirak etmişdir. 2025-ci ilin dekabrında Naxçıvanda keçirilən “Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı”nda informasiya təhlükəsizliyinin gücləndirilməsi və dövlət informasiya resurslarının qorunması məsələləri barədə çıxış etmişdir.

Təhsil

2001–2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr təhsili almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2007–2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə məzun olmuşdur.

2009–2014-cü illərdə Naxçıvan Dövlət Universitetində Sosial idarəetmə və hüquq ixtisası üzrə təhsil almışdır.

2018–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Elektron idarəetmə ixtisası üzrə magistr təhsili almışdır.

İstinadlar