thumb|300x300px|Aktiv səs-küyün azaldılmasının qrafik təsviri Aktiv səs-küyə nəzarət – həmçinin səs-küyün ləğvi və ya aktiv səs-küyün azaldılması kimi tanınan, birinci səsi ləğv etmək üçün xüsusi olaraq hazırlanmış ikinci bir səs əlavə etməklə arzuolunmaz səsin azaldılması üsuludur. Anlayış ilk dəfə 1930-cu illərin sonlarında işlənib hazırlanmışdır; 1950-ci illərdə başlayan sonrakı təkmilləşdirmə işləri nəhayət 1980-ci illərin sonlarında bu texnologiyaya malik aviasiya qulaqlıqlarının ortaya çıxması ilə nəticələndi. Bu texnologiya avtomobillərdə, mobil telefonlarda, kiçik qulaqdaxili qulaqlıqlarda və böyük qulaqlıqlarda da istifadə olunur.
Tarixçə link=https://en.wikipedia.org/wiki/File:Electronen-politie_bestrijdt_lawaai_in_Wenen,_Bestanddeelnr_926-2980_(cropped).jpg|thumb|Vyana şəhərində elektron səs-küyün idarə olunması sınağı, 1973-cü il Səs-küyə nəzarət sistemi üzrə ilk patent — US 2,043,416 saylı patent — 1936-cı ildə ixtiraçı Pol Lüqə verilmişdir. Patentdə dalğanı fazaca irəli aparmaqla kanallardakı sinusodial tonların necə ləğv ediləcəyi və polyarlığı tərsinə çevirməklə dinamik ətrafındakı zonada ixtiyari səslərin necə ləğv ediləcəyi təsvir olunurdu. 1950-ci illərdə Lourens C. Fogel helikopter və təyyarə kabinələrindəki səs-küyü ləğv edən sistemləri patentləşdirdi. 1957-ci ildə Uillard Miker qulağı tam əhatə edən qulaqlıqlara tətbiq edilən aktiv səs-küyə nəzarət sisteminin işlək modelini hazırladı. Bu qulaqlıq təxminən 50–500 Hz aktiv zəiflətmə zolağına və maksimum təxminən 20 dB zəiflətmə gücünə malik idi. 1980-ci illərin sonlarına yaxın ticarət yönümlü ilk aktiv səs-küyü azaldan qulaqlıqlar satışa çıxarıldı. Onlar NiCad batareyaları ilə və ya birbaşa təyyarənin enerji sistemindən qidalana bilirdilər.
İzahı Səs sıxlaşma və seyrəkləşmə dövrlərinin növbələşməsindən ibarət təzyiq dalğasıdır. Səs-küyü ləğv edən dinamik ilkin səslə müqayisədə eyni amplitudaya, lakin əks fazaya (həmçinin anti-faza kimi tanınan) malik səs dalğası yayır. Dalğalar interferensiya adlanan prosesdə birləşərək yeni bir dalğa yaradır və bir-birini effektiv şəkildə ləğv edir – bu effekt dağıdıcı interferensiya adlanır.
Müasir aktiv səs-küyə nəzarət adətən analoq dövrələrin və ya rəqəmsal siqnalların emalı (DSP) vasitəsilə həyata keçirilir. Adaptiv alqoritmlər fon səs-küyünün (eşidilən və ya eşidilməyən) dalğa formasını təhlil etmək, daha sonra isə konseptual alqoritmə əsaslanaraq orijinal siqnalın fazasını dəyişən və ya polyarlığını tərsinə çevirən siqnal yaratmaq üçün hazırlanır. Bu tərsinə çevrilmiş siqnal (anti-fazada) daha sonra gücləndirilir və çevirici (transdüser) ilkin dalğanın amplitudasına birbaşa mütənasib səs dalğası yaradaraq dağıdıcı interferensiya formalaşdırır. Bu, qavranılan səs-küyün səs səviyyəsini effektiv şəkildə azaldır.
Səs-küyü ləğv edən dinamik zəiflədilməsi tələb olunan səs mənbəyi ilə eyni yerdə yerləşdirilə bilər. Bu halda, səs-küyü ləğv etmək üçün o, arzuolunmaz səs mənbəyi ilə eyni audio güc səviyyəsinə malik olmalıdır. Alternativ olaraq, ləğvetmə siqnalını yayan çevirici səsin zəiflədilməsi istənilən məkanda (məsələn, istifadəçinin qulağında) yerləşdirilə bilər. Bu, ləğvetmə üçün daha aşağı güc səviyyəsi tələb edir, lakin yalnız tək bir istifadəçi üçün effektivdir. Digər yerlərdə səs-küyün ləğvi daha çətindir, çünki arzuolunmaz səsin və ləğvetmə siqnalının üçölçülü dalğa cəbhələri üst-üstə düşə bilər və yaradıcı (konstruktiv) və dağıdıcı interferensiya zonalarının növbələşməsinə səbəb ola bilər; bu da bəzi nöqtələrdə səs-küyü azaldarkən, digərlərində ikiqat artırır. Kiçik qapalı məkanlarda (məsələn, avtomobilin salonunda) ümumi səs-küyün azaldılması çoxlu dinamiklər, əks-əlaqə mikrofonları və məkanın modal cavablarının ölçülməsi vasitəsilə əldə edilə bilər.
Tətbiq sahələri Tətbiqlər qorunmalı olan zonanın növündən asılı olaraq birölçülü və ya üçölçülü ola bilər. Dövri (periodik) səslər, hətta mürəkkəb olsalar belə, dalğa formasındakı təkrarolunmaya görə təsadüfi səslərə nisbətən daha asan ləğv edilir.
Birölçülü zonanın qorunması daha asandır və effektiv olmaq üçün yalnız bir və ya iki mikrofona və dinamikə ehtiyac duyur. Bir neçə kommersiya tətbiqi uğur qazanmışdır: səs-küyü ləğv edən qulaqlıqlar, aktiv səsboğucular (qluşitellər), xoruldama əleyhinə cihazlar, karaoke maşınları üçün vokal və ya mərkəzi kanalın ayrılması və kondisioner kanallarında səs-küyə nəzarət. Aktiv səs-küyün ləğvi funksiyalı qulaqlıqlarda daxili mikrofon ətraf mühit səs-küyünü ölçür və qulaqlığın akustik ötürmə funksiyasından istifadə edərək qulağa çatacaq hissə hesablanır. Daha sonra bu hissəni kompensasiya etmək üçün qulaqlıqda əks siqnal yaradılır. Qulaq pərdəsində xarici səs və qulaqlıqdan gələn siqnal birləşərək vahid səs təşkil edir. Səs təzyiqinin səviyyəsi əhəmiyyətli dərəcədə azalır. Əlavə olaraq, arzulanan səs də (danışıq, musiqi) qulaqlıq vasitəsilə səsləndirilə bilər. "Birölçülü" termini səs-küy və aktiv dinamik (mexaniki səs-küyün azaldılması) və ya aktiv dinamik və dinləyici (qulaqlıqlar) arasındakı sadə porşenabənzər əlaqəyə aid edilir.
Üçölçülü zonanın qorunması çoxlu mikrofon və dinamik tələb edir ki, bu da onu daha bahalı edir. Səs-küyün azaldılmasına tək bir dinləyici tərpənməz qaldıqda daha asan nail olunur, lakin birdən çox dinləyici varsa və ya tək dinləyici başını çevirirsə və ya məkan boyunca hərəkət edirsə, səs-küyün azaldılması tapşırığı mürəkkəbləşir. Yüksəktezlikli dalğaları havada nisbətən qısa audio dalğa uzunluğuna görə üç ölçüdə azaltmaq çətindir. Təxminən 800 Hz-də olan sinusodial səs-küyün havadakı dalğa uzunluğu orta statistik insanın sol qulağından sağ qulağına qədər olan məsafənin iki qatıdır; birbaşa öndən gələn belə bir səs-küy aktiv sistem tərəfindən asanlıqla azaldılacaq, lakin böyürdən gəldikdə bir qulaqda ləğv olunmağa, digərində isə güclənməyə meyilli olacaq və səs-küyü zəiflətmək əvəzinə daha da ucadan edəcəkdir. 1000 Hz-dən yuxarı yüksəktezlikli səslər bir çox istiqamətdən gözlənilməz şəkildə ləğv olunmağa və güclənməyə meyillidir. Yekun olaraq, üçölçülü məkanda ən effektiv səs-küyün azaldılması aşağı tezlikli səsləri əhatə edir. Üçölçülü səs-küyün azaldılmasının kommersiya tətbiqlərinə təyyarə kabinələrinin və avtomobil salonlarının qorunması daxildir, lakin bu vəziyyətlərdə qorunma əsasən mühərrik, pər və ya rotordan qaynaqlanan təkrar olunan (və ya dövri) səs-küyün ləğvi ilə məhdudlaşır. Bu, mühərrikin tsiklik xarakterinin təhlili və səs-küyün ləğvini tətbiq etməyi asanlaşdırması ilə bağlıdır.
Müasir mobil telefonlar nitq siqnalından ətraf mühit səs-küyünü ləğv etmək üçün çoxmikrofonlu konstrukasiyadan istifadə edir. Səs ağızdan ən uzaqda olan mikrofondan (və ya mikrofonlardan) (səs-küy siqnalı) və ağıza ən yaxın olandan (arzulanan siqnal) tutulur. Siqnallar arzulanan siqnaldan səs-küyü ləğv etmək üçün emal olunur və təkmilləşdirilmiş səs keyfiyyəti yaradılır.
Bəzi hallarda səs-küyə aktiv vibrasiyaya nəzarət vasitəsilə nəzarət edilə bilsin. Bu yanaşma strukturun vibrasiyası ətrafdakı havaya və ya suya ötürülərək arzuolunmaz səs-küy yaratdıqda uyğundur.
Aktiv və passiv səs-küyə nəzarətin müqayisəsi Səs-küyə nəzarət — şəxsi rahatlıq, ətraf mühit amilləri və ya hüquqi tələblərə əməl olunması məqsədilə səs emissiyalarını azaltmağın aktiv və ya passiv vasitəsidir. Aktiv səs-küyə nəzarət enerji mənbəyindən istifadə etməklə səsin azaldılmasıdır. Passiv səs-küyə nəzarət isə enerji mənbəyi əvəzinə izolyasiya, səsudan kafellər və ya səsboğucu kimi səs-küyü təcrid edən materiallar vasitəsilə səsin azaldılmasıdır.
Aktiv səs-küyün ləğvi daha çox aşağı tezliklər üçün uyğundur. Yüksək tezliklər üçün isə açıq məkan və sükut zonası metodlarının tələb etdiyi məsafə parametrləri tətbiq olunmaz həddə çatır. Akustik boşluq və kanal əsaslı sistemlərdə tezlik artdıqca düyünlərin sayı sürətlə çoxalır və bu da aktiv səs-küyə nəzarət üsullarını idarəolunmaz edir. Passiv üsullar daha yüksək tezliklərdə daha effektiv olur və adətən aktiv nəzarətə ehtiyac qalmadan kifayət qədər həll yolu təmin ediir.
Qeydlər
İstinadlar
Kateqoriya:Səs mühəndisliyi