Adil Əliabbas oğlu Kərimov () — Azərbaycan-sovet rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1982).

Həyatı Adil Əliabbas oğlu Kərimov 1921-ci ildə Bakıda anadan olmuşdur. SSRİ Rəssamlıq Akademiyasının İ. Y. Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almış və 1952-ci ildə institutu bitirmişdir. Adil Kərimovun müstəqil yaradıcılıq fəaliyyəti də həmin ildən başlamışdır.

Adil Kərimov 1954-cü ildə "Türkiyə küçələrində" tablosunu və bəstəkar Qara Qarayevin portretini yaratmışdır. Hər iki əsər Bakı və Moskvada keçirilən Zaqafqaziya rəssamlarının respublikalararası sərgisində nümayiş etdirilmişdir.

Sonrakı illərdə Adil Kərimov, əsasən, portret janrında fəaliyyət göstərmişdir. O, fəhlələrin və mədəniyyət xadimlərinin portretlərini yaratmışdır. Rəssam Lətif Kərimovun, bəstəkar Tofiq Quliyevin, xalq artisti Mustafa Mərdanovun və dirijor Niyazinin portretlərini çəkmiş, həmin əsərlər respublika sərgilərində nümayiş etdirilmişdir.

1957-ci ildə Adil Kərimov tarixi-inqilabi mövzuda "Fəhlələrlə neft sənayeçiləri arasında ilk kollektiv müqavilənin bağlanması ərəfəsində" adlı irihəcmli tablo yaratmışdır. Əsər Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş respublika sərgisində nümayiş etdirilmişdir.

1958-ci ildə Adil Kərimov Daşkənddə keçirilən Asiya və Afrika ölkələri yazıçılarının konfransının iştirakçılarından ibarət portretlər silsiləsi yaratmışdır. 1959-cu ildə Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü çərçivəsində keçirilən sərgidə isə qabaqcıl istehsalat işçilərinin yeni portretləri ilə iştirak etmişdir.

Adil Kərimov 1 dekabr 1982-ci ildə "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adına layiq görülmüşdür.

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanın portret rəssamları