Nataliya Nikolayevna Androsova () və ya Nataliya Aleksandrovna İsgəndər (; ) — Rusiya imperatoru I Nikolayın kötücəsi, SSRİ sirk sənətçisi və idmançısı. Heç vaxt evlənmədi və övladı olmadı. Qardaşının da övladı olmadığı üçün Nataliya Aleksandrovnanın vəfatından sonra Romanov-İsgəndər ailəsi sonlandı.
2 fevral 1917-ci ildə Petroqradda dünyaya gəldi. Atası böyük knyaz Konstantin Romanovun nəvəsi Aleksandr Nikolayeviç İsgəndər, anası isə əslən polyak olan Olqa İosifovna Roqovskayadır. Vəftiz mərasimi münasibətilə paytaxta qayıdan babası Nikolay Konstantinoviçlə ilk dəfə tanış oldu. Belə ki, babası 1917 Fevral inqilabından öncə Daşkəndə sürgün edilmişdi və inqilabdan sonra haqqındakı sürgün qərarı ləğv edilsə də, səhhəti pis olduğu üçün Daşkəndə döndü və orada vəfat etdi. Atası Aleksandr Nikolayeviç isə müharibənin ardından ailəsini də yanına alaraq Daşkəndə qayıtdı və orada bolşeviklərə qarşı mübarizəni davam etdirdi. Ardından məğlub edilərək sürgünə məcbur edildi. Ömrünün qalanını sürgündə Yunanıstan və Fransada yaşadı.
Beləcə, Rusiya imperiyasının süqutundan sonra Daşkənddə qalan Nataliya Aleksandrovna 5 il sonra - 1922-ci ildə anası və qardaşı Kirillə birlikdə Moskvaya köçdülər. Anası 1924-cü ildə maliyyə məmuru Nikolay Nikolayeviç Androsovla evləndi və uşaqlar ögey atalarının adına qeydiyyata alındılar. Beləcə, Nataliya Aleksandrovna İsgəndər olaraq doğulsa da, rəsmi sənədlərdə Nataliya Nikolayevna Androsova olaraq qeydə alındı. Çar ailəsinin izləri sənəd üzərində silindi və beləcə, həm Nataliya, həm də qardaşı Kiril üçün həyat daha asanlaşdı.
Qalan həyatını SSRİ-də yaşayan Nataliya Nikolayevna NKVD tərəfindən təqiblərə məruz qaldı və tez-tez Moskvadan uzaqlaşmağa məcbur edildi. Ailə keçmişini silmək üçün bəzi ailə sənədlərini yandırdı. Bu təqiblər 1955-ci ilədək davam etdi.
1930-cu illərdə Dinamo idman klubuna üzv oldu və motosikl idmanı ilə məşğul oldu. 1939-cu ildən etibarən Qorki parkında özü kimi motosiklçı Aleksandr Smirnovla birgə sirk şouları göstərməyə başladı.
İkinci Dünya müharibəsinə könüllü olaraq qatıldı və arxa cəbhədə sürücü-kuryer kimi çalışdı. Müharibənin ardından sirk şoularında iştirak etməyə davam etdi.
Sovet imperiyasının dağılmasının ardından Rusiyada yaşayan yeganə Romanov üzvü kimi Nataliya Nikolayevna 1997-ci ildə ilk dəfə atasının Fransadakı məzarını ziyarət etdi.
25 iyul 1999-cu ildə Moskvada vəfat etdi və Vaqankovo qəbiristanlığına dəfn olundu.
Mənbə
Ədəbiyyat
Князь Михаил Греческий. В семье не без урода: Биография Великого князя Николая Константиновича / перевод: Елена Кассирова. — М.: Захаров, 2002. — 272 с. — ISBN 5-8159-0263-2 Ю. М. Нагибин. Дневник / Юрий Кувалдин: общая редакция, составление, послесловие, указатель имён. — М.: Книжный сад, 1996. — С. 325, 624—625. — 35 000 экз. — ISBN 5-85676-043-3 C. Arnold McNaughton. The Book of Kings: A Royal Genealogy, in 3 volumes (англ.). — London: Garnstone Press, 1973. — Vol. 1. — P. 314. — ISBN 0-8129-0280-7. — ISBN 978-0-8129-0280-8
İstinadlar