Şərqi Himalay — Şərqi Nepaldan başlayaraq Şimal-Şərqi Hindistan, Butan, Tibet Muxtar Vilayəti boyunca Çinin Yunnan vilayətinə və Şimali Myanmaya qədər uzanan coğrafi bölgə. Bu bölgənin iqlimi iyundan sentyabra qədər Cənubi Asiya mussonlarının təsiri altında olur. Bölgə nəzərəçarpan bioloji-mədəni müxtəlifliyi ilə seçilən çeşidli flora və fauna nöqtəsidir.

Geologiyası

Geoloji təbəqələr Şərqi Himalay bölgəsi Mərkəzi Himalay bölgəsinə nisbətən daha rəngarəng geomorfoloji tarixə və geniş yayılmış topoqrafik xüsusiyyətlərə malikdir. Sub-Himalayların cənub-qərbində Nepalda yerləşən bir qrup təpəliyin qərb qurtaracağı olan Sinqalila silsiləsi uzanır. Sub-Himalayların böyük hissəsi Nepalda yerləşir; kiçik bir hissəsi Hindistanın Sikkim ştatına qədər çatır, digər bir parçası isə Butanın cənub yarısındadır. Bölgənin topoqrafiyası qismən də olsa onun zəngin bioloji müxtəlifliyinə və ekosistem strukturuna şərait yaratmışdır.

Tektonika Himalay dağ silsiləsi Hindistan plitəsi ilə Avrasiya plitəsinin toqquşması nəticəsində yaranmışdır. Bu toqquşma bu gün də davam edir və Himalay dağ silsiləsini fəal şəkildə yüksəldir. Bölgədəki süxurların mövcud deformasiyasını və qalxmasını izah etmək üçün bir neçə model təklif edilmişdir. 2019-cu ildə dərc olunmuş bir model, Himalay silsiləsinin bu gün necə deformasiyaya uğradığını göstərən ən dəqiq modellərdən birini yaratmaq üçün P və S dalğalarının tomoqrafiyasını mantiya özlülüyü modeli ilə birləşdirir. Bu model ilə faktiki müşahidə edilən GPS göstəriciləri arasındakı əsas uyğunsuzluq Şərqi Himalay bölgəsində müşahidə olunur. Model süxurların şimal-şərqə və şərqə doğru deformasiyaya uğramalı olduğunu göstərsə də, əsas deformasiya istiqaməti şərqə və cənub-şərqə doğrudur.

İstinadlar