thumb|Girişi.
El Fonoll – Kataloniyanın Tarraqona vilayətinin Konka-de-Barbera rayonunda yerləşən naturist kurort və ya kənd. 1960-cı illərdə tərk edilmiş, 1998-ci ildə bərpa olunaraq naturist kurorta çevrilmişdir. Kəndə ancaq çılpaq halda daxil olmağa icazə verilir. İspaniyanın ilk naturist kurortudur.
Erkən tarixi El Fonoll XIV əsrdə qurulmuşdur. Kənd haqqında ən erkən qeydlər 1305-ci ilə aiddir. Ərazidə X–XII əsrlərə aid qəsr və Müqəddəs Vlasa həsr olunmuş kapella yerləşir.
Naturizm tarixi El Fonoll 1990-cı illərin sonunda tərk edilmiş və xarabalığa çevrilmişdir. Kəndin son sakini 1950-ci illərdə buranı tərk etmişdir. 1995-ci ildə barselonalı biznesmen Emili Vives ərazini canlandırmaq qərarına gəlmişdir. O, həyat yoldaşı Nuria Espinalla birlikdə orta əsrlərə aid xarabalıqların ətrafındakı 150 hektar ərazini satın almışdır. Vives urbanizasiyanın güclü olduğu Barselonadan fərqli olaraq özünü təmin edən, təbiətə daha yaxın olan bir ekokənd yaratmaq istəmişdir. O, 1998-ci ildə kəndi yenidən quraraq burada yaşamağı pulsuz etmiş, özü kimi düşünən insanları ətrafına toplayaraq əkin sahələri və heyvanlar üçün otlaqlar qurmuşdur. Vives El Fonollu naturist məkana çevirmiş, burada yaşayan insanların çılpaq dolaşmasını və gündəlik işlərini paltarsız şəkildə görmələrini təşviq etmişdir. Yenidənqurma işləri 8 il davam etmiş, 150 milyon pesetaya başa gəlmişdir.
Ərazidə ciddi qaydalar mövcuddur: siqaret çəkmək və şəkil çəkdirmək qadağandır. Burada 30-dan çox qayda mövcuddur. Kəndin məqsədi həm ziyarətçilərin, həm də sakinlərin İspaniyanın cənubundakı açıq təbiətdə öz bədənlərini başqaları ilə bölüşməkdən rahatlıq hiss etmələrini təmin etməkdir. Kəndin özünə aid valyutası var. Xaricdən gələn ziyarətçilərin çoxu hollandlar, belçikalılar, fransızlar, ingilislər, almanlar və islandiyalılardır.
Kənddə yürüş üçün çığırlar, piknik üçün yerlər, hovuz, voleybol və futbol oynamaq üçün meydançalar, kitabxana, günəş saunası, palçıq vannası yerləşir. Kənddə il boyunca təxminən 25, yay aylarında isə təxminən 150 nəfər yaşayır.
İstinadlar
Kateqoriya:Naturist kurortlar Kateqoriya:Kataloniya coğrafiyası Kateqoriya:Ekokəndlər Kateqoriya:Çılpaq çimərliklər