Konstantin İvanoviç Yevseyev (; ) — rus teatr xadimi və rəssamı.
Həyatı 1890-cı illərdə və 1900-cü illərin əvvəllərində Münhen Rəssamlıq Akademiyasında və Parisdəki özəl rəssamlıq studiyalarında təhsil almışdır.
Daha sonra Peterburqa köçmüş, 1910-cu illərin sonlarından isə Yaltada və Qafqazda yaşamışdır. Peterburqda Komissarjevskaya adına teatrda rəssam kimi çalışmış, Meterlinkin "Peleas və Melizanda" (1907), Qlükün "May kraliçası" (1908), Uayldın "Florensiya faciəsi" (1908), Raşildin "Madam Ölüm (Xanım Ölüm)" (1908), Soloqubun "Vanka-açarçı və paj Jean" (1909) tamaşalarının səhnə tərtibatını hazırlamışdır.
1920-ci illərdə bir neçə kino filminin bədii tərtibatında iştirak etmişdir: Bakıda "Azdövlətkino" kinostudiyasında Abbas Mirzə Şərifzadənin "Bismillah" (1925) filmi; Yaltada Ümumukrayna Kino-Foto İdarəsinin (VÜFKU) kinostudiyasında M. V. Bolşintsovun "Bir gecə" (1927) və V. V. Mayakovskinin ssenarisi əsasında A. L. Solovyovun "Üç nəfər" (1928) filmləri.
Dəzgah rəngkarlığı və qrafika ilə məşğul olmuşdur. "Günəbaxan və meyvələr" (1906), "Samovar" (1906), "Sərgidə" (1909), "Çiçəklər" (1912), "Qədim Tiflis" (1918), "Qafqaz silsiləsinə mənzərə, Slas aulu" (1938), "Dağ mənzərəsi" (1939), "Şimali Osetiya" (1940) əsərlərinin müəllifidir.
Əsərləri 1900-cü illərdə Parisdə Müstəqillər Salonunda; Peterburqda Rusiya Rəssamları İttifaqının (1907), V. A. İzdebskinin "Salon"unun (1909), "Gənclər İttifaqı"nın (1910) və "Üçbucaq"ın (1912) sərgilərində; Moskva Rəssamlar Birliyinin (1910), Moskvada periferiya rəssamlarının (1938) və "RSFSR-in yaşlı nəsil rəssamları"nın (1940) sərgilərində nümayiş etdirilmişdir. Əsərlərinin bir qismi Sankt-Peterburq Dövlət Teatr və Musiqi İncəsənəti Muzeyində və Vladiqafqazdakı M. S. Tuqanov adına Şimali Osetiya Respublika İncəsənət Muzeyində saxlanılır.
İstinadlar
Ədəbiyyat Евреинов Н. Н. Оригинал о портретистах / Сост., подгот. текстов и комм. Т. С. Джуровой, А. Ю. Зубкова и В. И. Максимова. М.: Совпадение, 2005. — С. 109—110. — 399 с. Художники народов СССР. Биобиблиографический словарь. М., 1976, т. 3. С. 521. Художники. Биографические сведения [] // Мейерхольд и художники : эволюция пространства : [альбом] / [М-во культуры Рос. Федерации, Гос. центр. театр. музей им. А. А. Бахрушина. — Изд. 2-е, испр. и доп. — Москва : ГЦТМ им. А. А. Бахрушина, 2015. — С. 363—381 : 56 фот., 2 цв. ил. . — ISBN 978-5-906801-09-8 Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:XX əsr rəssamları