Sosiodrama ( — ictimai və — hərəkət, fəaliyyət) — sosial terapiya (Morenoya görə sosiatriya) və qrup psixoterapiyası texnikası; fərdin və cəmiyyətin sosial və psixoloji problemlərini həll etmək üçün Yakob Levi Moreno tərəfindən işlənib hazırlanmış metod. Psixoterapevtik texnika kimi sosiodramanın məqsədləri qrupun fəaliyyət göstərdiyi şəraitin dərin mənasını anlamaq, qrupdaxili ehtimal olunan münaqişələri dərk etməkdir. Sosiodrama Morenonun sisteminin və geniş mənada psixodramanın bir hissəsi olsa da, onların arasında əhəmiyyətli fərqlər mövcuddur. Tanınmış amerikalı psixodramaturq Ken Spraq () bu fərqləri belə təsvir edirdi:
Ken Spraqın dediklərini alət dilinə tərcümə edərək sosiodramanın psixodramadan iki mühüm fərqini qeyd etmək mümkündür:
Sosiodramada problem vəziyyəti bütün qrup tərəfindən işlənilən əsas fəaliyyət göstərən şəxslər — protaqonistlər mövzunun təsirini genişləndirir və bütün qrupu cəlb edirlər (qızışdırırlar). İdeal halda sosiodramatik hərəkətdə problem vəziyyətini modelləşdirən bütün qrup iştirak edir. Problem vəziyyətinin yaranma səbəblərini üzə çıxarmağa çalışan psixodramadan fərqli olaraq, sosiodrama sosial konteksti genişləndirməyə can atır. Psixodrama üçün aparıcı suallar "Sən bunu harada öyrənmisən?", "Bu səninlə nə vaxt baş verib?" olduğu halda, sosiodramada aparıcı sual "Bu vəziyyətə daha kimlər cəlb olunub?" sualıdır.
Qeyd etmək lazımdır ki, göstərilən fərqlər kifayət qədər nisbidir. Psixodrama və sosiodrama fəaliyyətin iki ayrılmış forması deyildir, daha çox "təmiz" psixodrama və "təmiz" sosiodrama daxilində ən müxtəlif formaların yerləşdiyi kontinuumun qütbləridir. Texniki baxımdan da sosiodrama psixodramadan çox fərqlənmir. Klassik psixodramatik texnikalara əlavə olaraq, sosiodramada qrup rollarının mübadiləsi mövcuddur.
Sosiodramanın tətbiq sahəsi çox genişdir. Sosiodrama psixoterapiya, pedaqogika, treninqlər, rol oyunları, təşkilati konsultasiya və s. sahələrdə tətbiq olunur. Bu sahələrdə sosiodramanın onilliklər boyu tətbiqi onun öyrənmə və qrupdaxili, həmçinin qruplararası münaqişələrin həlli metodu kimi effektivliyini sübut etmişdir.
Sosiodrama üçün xarakterikdir: Ssenarinin, məcburi rolların olmaması. Hərəkətin gedişatına təsir edən rejissorun olmaması, yalnız vəziyyətin bütün dolğunluğu ilə açılmasına kömək edən sosiodramaturqun olması. Rolların inkişaf etməsi, qarşılıqlı əlaqədə olması və daha idarəolunan hala gəlməsi. Rolların konkret ifaçılara təkim olunmaması. Aktyorlar hansı rolu oynayacaqlarını özləri müəyyən edirlər. Həmişə iki və ya daha çox protaqonistin olması. Faktiki dürüstlüyə can atmaması. Hər bir iştirakçı, hərəkətin inkişafı ona ağrı gətirərsə, onun dayandırılmasını tələb edə bilər. Neytraldır, hər hansı bir subyekti və ya qrupu dəstəkləmir. Sosiodramaturqun qrupun hər bir iştirakçısının rolunu daha tam açmaq üçün oyunu təxribat etmək (təhrik etmək) hüququ var.
Sosiodrama özündə 3 məcburi mərhələni birləşdirir: İsinmə. Həyati vəziyyəti aktivləşdirməyə kömək edən texnikalardan istifadə olunur. Hərəkət (Fəaliyyət). Hadisələr oynanılır, katarsis və insayt baş verir. Mühafizə (Konservasiya). İştirakçılar oyun zamanı yaşadıqları hissələri və bu rolları üzərlərindən çıxararkən nə hiss etdiklərini bölüşürlər. Bu təsvirlər zamanı tamaşaçılarda vəziyyətə dair yeni baxış bucağı açıla bilər.
Beləliklə, sosiodrama bütün hadisələri bir araya yığır və müxtəlif reallıqlar arasındakı münasibətləri ifadə edərək qarşılıqlı əlaqə yollarını tapmağa kömək edir. Nəticədə kompromis əldə olunur, barışıq mümkün olur.
Bu metod bir-birini istisna etmədən, əksinə tamamlayaraq, zənginləşdirərək və bu zaman öz fərdiliyini hifz edib saxlayaraq bir-biri ilə qarşılıqlı əlaqədə olmağa kömək edir.
Moreno hesab edirdi ki, sosiodrama "transformasiyanın yeni koqnitiv və eksperimental imkanlarına, spontanlıq və yaradıcılığın sosiodramatik treninqinə qapı açır və cəmiyyətin yenidən formalaşdırılmasına yollar salır."
İstinadlar
Ədəbiyyat siyahısı
Золотовицкий Р.А. Лояльность или компетентность: друзья или враги? Инструменты работы с отношениями в организации: В 2-х томах. Изд. Морено-Института Москва-Гейдельберг. 2021 г. 968 стр. ISBN 978-5-6042753-4-4 Золотовицкий Р.А. Понимать Морено. Изд. Морено-Института Москва-Гейдельберг 2020 г. 218 стр. ISBN 978-5-6042753-9-9
Золотовицкий Р.А. Социодрама - мера общения. журнал "Социологические исследования" № 4, 2002 год Sociodrama. Who's in your shoes? / Patricia Stenberg & Anton Garcia ; foreword by Zerka T. Moreno. New York Westport, Connecticut London. 253 c. Who shall survive? / J.L. Moreno/ Beacon House Inc., Beacon, N.Y., 1953
Kateqoriya:Psixodrama Kateqoriya:Psixoterapiya metodları Kateqoriya:Rol oyunu Kateqoriya:Sosial psixologiya