Səlcuqilərin Cənubi Qafqaz və tarixi Azərbaycanı ələ keçirməsi — Səlcuqilərin bölgəni ələ keçirmək üçün XI əsrdəki fəaliyyəti.

Arxa plan XI əsrin I rübündə artıq oğuz dəstələri Cənubi Qafqaz ərazisində görünmüşdür. 1018–1021-ci illərdə Arazı keçən oğuzlar Arran torpaqlarına girmiş, Naxçıvan və Dəbil şəhərlərinə çatmışdır. 1029-cu ildə Şiomqvim monastırı oğuzlar tərəfindən qarət edilmişdir. Bu əsrin 30-cu illərində 2 min oğuz çadırı Rəvvadilərə pənah gətirmişdir (Həmçinin bax: Dana (oğuz türkü)).

1040-cı ildə Səlcuqilərin Dəndənəkan döyüşündə Qəznəvilərə qarşı qələbəsi ilə İrana yol açıldı. 1042-ci ildə Rey şəhəri tutuldu və bu şəhər Ön Asiya və Qafqaza səfərlər üçün dayaq məntəqəsinə çevrildi.

Tarixi

Toğrul bəyin hakimiyyət dövründə 200px|thumb|left|Səlcuq sultanı Toğrul bəy Qərbə Səlcuq yürüşlərinin lap əvvəl dövründən etibarən Azərbaycana çoxsaylı dəstələr göndərilmişdir. XI əsrin 40-cı illərinin II yarısında tarixi Azərbaycanda türk tayfaları yerləşmiş, buradan isə onlar Cənubi Qafqaza köç etmişdi. Qutulmuş və Rəsultəkin Xəzəryanı vilayətlərə, Makuti və Həsən isə şimala yürüş etmişdir. Bəzi uğursuzluqlar olsa da, bu dəstələr hücumlarını müvəffəqiyyətlə yerinə yetirmişdir. Qutulmuş Şəddadilərin paytaxtı Gəncəni mühasirəyə almışdır, ancaq uğur qazana bilməmişdir. Daha sonra Şəddadilər Gəncəni, Şirvanşahlar isə Şamaxını möhkəmləndirmişdir.

1050-ci ildə Abbasi xəlifəsi əl-Qaim Səlcuq hökmdarı Toğrul bəyin sultan titulunun qanuniliyini tanımışdır. 1054-cü ildə Səlcuqilər bütün İranı, o cümlədən tarixi Azərbaycanı ələ keçirmiş, Rəvvadiləri vassallarına çevirmişdir. Həmin ildə Toğrul bəy Cənubi Qafqaza yürüş etmişdir. Məqsəd Cənubi Qafqazın müsəlman dövlətlərini öz tərəfinə çəkmək və Bizansa qarşı mübarizədə onlardan istifadə etmək idi.

1060-cı ilin aprelində Bağdaddan qayıdarkən Toğrul bəy Təbriz şəhərini mühasirəyə almışdır. Bir neçə ay mühasirə davam etmiş, avqust ayında sultan düşərgəsini tərk etmişdir. Toğrulun qoşunu isə qışa qədər burada qalmış, daha sonra şəhəri tərk etmişdir. Buna baxmayaraq, Rəvvadi hökmdarı II Məmlan Səlcuqilərə tabe olmuş, xərac ödəmiş və öz oğlunu girov vermişdir. Toğrul bəy daha sonra Naxçıvanşah Əbu Duləfin idarəsindəki Naxçıvana yola düşmüşdür. Əbu Duləf Səlcuqilərə tabe olmuşdur. Urmiya hakimi də belə etmişdir.

1063-cü ilin yayında səlcuqi qoşunu Xoy şəhərinə yaxınlaşmışdır. Şəhər rəisi Şeyx Yusif yalnızca 4 min dinar xərac ödəyə biləcəyini bildirmişdir. Toğrul bəyin cavab olaraq göndərdiyi dəstə məğlubiyyətə uğramışdır. Bu zaman Savtəkin və Xuzistan əmiri Xəzərəsb işə cəlb edilmiş, ancaq Xoy rəisi ilə görüş uğursuz olmuşdur. Xoy və Salmas şəhərləri mühasirəyə alınmışdır. Qırx günlük mühasirədən sonra, 1063-cü ilin sentyabr ayında Xoy sakinləri səlcuqilərdən aman istəmişdir. Ordunun başında şəhərə daxil olan Savtəkin 30 min dinar alaraq xoyluları əfv etmişdir. Vəzir Amid əl-Mülk isə 3 gün sonra şəhərə daxil olmuş, şəhəri müdafiə edənlərin bir hissəsini edam etdirmiş, bir hissəsinin isə əlini kəsmişdir. Şəhər rəisi Şeyx Yusif və qardaşı Musa zindana salınmışdır. Musa daha sonra azad edilmiş, Şeyx Yusif isə sultana tabe olmadığı üçün ömrünü zindanda keçirmişdir.

Fatimilərin köməyi ilə Qutulmuş və İbrahim Yinal Azərbaycanın bir hissəsini ayırmaqla, 1063-cü ildə ayrıca sultanlıq qurmağa çalışmış, ancaq Toğrul bəy bu qiyamı yatırmışdır.

Alp Arslanın hakimiyyət dövründə 1063-cü ildə Toğrul bəy vəfat etmiş, Alp Arslan hakimiyyətə gəlmişdir. O, bölgədə möhkənlənmək, Bizansa qarşı sərhəd xəttini gücləndirmək üçün Cənubi Qafqaza yürüş təşkil etmişdir. Yürüş 3 istiqamətdə təşkil olunmuşdur. Savtəkin Azərbaycandan keçərək Dərbəndə hərəkət etmişdir. Onun Xəzər sahili irəliləyən qoşunu Şirvanşaha məxsus mülkləri talan etmişdir. Səlcuq yürüşünün ikinci istiqaməti Naxçıvandan keçmiş, gürcülərə tuşlanmışdı. Üçüncü zərbə isə 1064-cü il, 16 avqustda Ani şəhərinin tutulması ilə nəticələnmişdir. Şəddadi əmiri I Şavur Aniyə canişin təyin edilmiş, şəhər isə Bizansa qarşı qəti hücum üçün hazırlıq nöqtəsinə çevrilmişdir.

1064-cü ilin noyabrında Alp Arslanın ordusu Xoy şəhərinə yaxınlaşmışdır. Şəhər hakimləri sultana ehtiram göstərməmiş, emalatxana və dükanlar səlcuqi ordusuna xidmət göstərməkdən imtina etmişdir. Bunu öyrənən Alp Arslan əsgərlərinə zor gücünə də olsa, istədikləri evlərdə qalmağa, istədikləri hər şeydən istifadə etməyə icazə vermişdir. Beləliklə, quldurluq və oğurluq şəhərdə artmış, şəhər əhalisinin bir hissəsi Xoyu tərk etmişdir.

1066-cı ildə oğuzlar Şirvana hücum etmişdir. Şirvanşah I Fəribürz böyük miqdarda təzminat ödəmişdir. Bu ilin noyabrında Qaratəkin başçılığındakı oğuzlar Şirvana ikinci hücumu etmişdir. Bu dəfə onları I Fəribürzün əmisi Məmlan ibn Yəzid ibn Məhəmməd müşayiət edirdi. Qaratəkin Yəzidiyyəni mühasirəyə almış, lakin şirvanşah onu ələ almışdır. Beləliklə, Məmlan öldürülmüş, Qaratəkin böyük qənimətlə birlikdə cənuba getmişdir.

Gürcüstan hökmdarı IV Baqrat Bərdəyə hücum etmişdir. Bu zaman I Şavurun Gəncə sarayında qalan Alp Arslan Gürcüstana yürüş etmiş, Kartli və Arqvetini ələ keçirmiş, Tiflisə daxil olmuşdur. Burada hakimiyyətə olan Cəfərilər sultana itaət etmişdir. IV Baqrat da Səlcuq hakimiyyətini qəbul edib, vergi ödəməyi boynuna götürmüşdür. Alp Arslan qışı Kartlidə keçirmiş, Gəncə və Bərdədən keçərək Xorasana yola düşmüşdür.

Məlikşahın hakimiyyət dövründə 1075-ci ildə Məlikşah Şəddadilərin Gəncə hakimiyyətinə son qoymuşdur. Savtəkin Gəncədə qalmış, buranı ətraf yerləri nəzarətdə saxlamaq üçün mərkəzə çevirmişdir.

Nəticəsi XI–XIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. Field Listing :: Ethnic groups (англ.). The World Factbook. ЦРУ. Проверено 23 мая 2012. Azərbaycanlıların yaşadığı bölgələrdə türkləşmənin ilk mərhələsi XI əsrdə şimalda (Şirvan istisna olmaqla) Səlcuqların uc torpaqlarında, XII əsrdə isə cənubda (İran Azərbaycanında) başlamışdır. Cənubi Qafqazın böyük bir hissəsinin – o cümlədən Dvin mərkəzli güclü Şəddadilər dövlətinin – Səlcuq İmperiyasına daxil edilməsi müasir Azərbaycanın oturaq əhalisinin dil baxımından əhəmiyyətli dərəcədə türkləşməsinə təkan vermişdir; bununla belə, bu əhali mədəni cəhətdən fars təsiri dairəsində qalmaqda davam etmişdir. Səlcuq dövrünün digər mühüm irsi Qafqazın İslamı qəbul etmiş xalqları arasında sünni İslamın və təsəvvüfün mövqesinin güclənməsi idi. Bunun səbəbi səlcuqların özlərini şiə Büveyhilərə qarşı sünni İslamın qatı müdafiəçiləri kimi təqdim etmələri idi.

Təqribən 1000-ci ildən başlayan Azərbaycan təsiri nəticəsində, bir çox alban udiləri oğuz türkləri tərəfindən gətirilən "yeni həyat tərzi"ni qəbul etmişdir, bu, alban qarqar əhalisi üçün də belə idi.Bläsing, Uwe. Cultural, Linguistic and Ethnological Interrelations In and Around Armenia : [англ.] / Uwe Bläsing, Jasmine Dum-Tragut. — Cambridge Scholars Publishing, 2020-05-15. — P. 178. — ISBN 978-1-5275-5136-7

İstinadlar

Ədəbiyyat Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III–XIII əsrin I rübü). Bakı. " Elm". 2007. 608 səh. — 24 səh. illüstrasiya. Golden, Peter B.: An introduction to the history of the Turkic peoples : ethnogenesis and state formation in medieval and early modern Eurasia and the Middle East. — Wiesbaden : Harrassowitz, 1992 (Turcologica ; Bd. 9) ISBN 3-447-03Z74-X Yemelianova, G. M., & Broers, L. (Eds.). (2020). Routledge Handbook of the Caucasus (1st ed.). Routledge. https://doi.org/10.4324/9781351055628

Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:İran tarixi