Məmmədiyə Süleyman oğlu Məmmədov () — Azərbaycan dövlət qulluqçusu və diplomatı, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2026-cı ildən).

Həyatı Məmmədiyə Süleyman oğlu Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavr təhsili almışdır. 2009–2011-ci illərdə Londonda Regent Universitetində biznesin idarə edilməsi üzrə təhsilini davam etdirmiş, 2015–2017-ci illərdə isə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alaraq fərqlənmə diplomu ilə məzun olmuşdur. 2025-ci ildə Harvard Universitetində dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursu bitirmişdir.

2013–2022-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində və İstanbuldakı Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə çalışmışdır. 2022-ci ilin iyulundan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində əvvəlcə baş məsləhətçi, daha sonra sektor müdiri vəzifəsində fəaliyyət göstərmişdir.

2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının təşkilində iştirak etmiş və fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin təşəkkürnaməsi ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar

Kateqoriya:Naftalan Şəhər İcra Hakimiyyətinin başçıları