Göynük mahalı — Azərbaycanda mövcud olmuş tarixi ərazi. Şəki xanlığının tərkibində təsis edilmiş, sonralar Şəki əyaləti adlanan inzibati ərazi vahidinin tərkibinə qatılmışdır.

Etimologiyası “Göynük” oykoniminin etimologiyasina dair müxtəlif fərziyyələr mövcuddur. Bunlardan birincisi, oykonimin Azərbaycan toponimiyasındakı “göynük/göyrük” ifadəsindən qaynaqlandığı və “yaşıl, otlu sahə” mənasını ehtiva etdiyi yönündədir. İkinci fərziyyə bu adın Oğuzların Qınıq boyundan törəməsi potensialı ilə əlaqədardır. Dağıstanyönümlü çevrələr həmçinin oykonimi “xenok/xenuk” təbiri ilə açıqlamaq istəmişdir. Bu iddianın keçərliliyi üçün ən böyük əngəl mahala ad verən Baş Göynük kəndi ilə Biləcik adlanan mahalın bir digər kəndinin yanaşı durması və bu ekvivalentliyin coğrafiyanın çox uzağında, Qərbi Anadoluda(Bolu-Biləcik xəttində) da olduğu kimi qorunması gerçəyidir.

Tarixi Mahalın konyukturca mövcudluğunu sübuta yetirən başlıca tarixi sənədlər XIX əsrin əvvəllərinə aiddir. Böyük Rusiya ensiklopediyasına görə, Şəki xanlığı 6 mahala bölünmüşdü və bu mahallardan biri Göynük mahalı adlanırdı. Mahal Şəki xanı tərəfindən bölgəyə təyin olunmuş naib tərəfindən idarə edilirdi. Mahalın ən böyük kəndləri Göynük, Layısqı və Biləcik idi. Bir sıra tarixçilərin iddialarına görə, mahalın ən nüfuzlu yaşayış məntəqələri hesab olunan bu kəndlərin əsas, kötük əhalisi 1578-1590-cı illər Osmanlı-Qızılbaş müharibəsinin gedişində Azərbaycana gəlmiş və sözükeçən yerlərdə yurd salmış Osmanlı hərbçi-əsgər bakiyəsidir. İddiaçı tarixçilər, bu ehtimalı bir sıra paralelliklər və dəlil hesab etdikləri arqumentlərlə əsaslandırırlar.

Üsyankar imici və iradəsi ilə tanınan mahal əhalisinin tarixində bir çox üsyandan söz açmaq mümkündür. Bunlardan biri 1740-cı ildə Biləcik kəndində Nadir Şaha qarşı baş vermiş “Biləcik üsyanıdır”. Üsyanın başlıca səbəbi olaraq məmur özbaşınalığı səbəbindən kəndlilərin aclıq həddinə yetişməsi və boğaza yığılması göstərilir. Üsyan Nadir Şah tərəfindən ağır cəzalandırılma tədbirlərinə tabe tutuldu. Üsyan rəhbərləri öldürüldü, kənd yandırıldı və əhalinin mütləq əksər hissəsi Car-Balakən kəndlərinə sığınmalı oldu. Mahal tarixinin ən böyük üsyanlarından biri 1807-ci ildə Baş Göynük kəndində baş tutdu. Bu üsyanı Azərbaycan tarixində Rusiya işğalına qarşı başlamış birinci üsyan hesab etmək olar. Üsyan qraf Qudoviçin tapşırığı, mayor Qrekov və İlisu sultanı II Əhmədxan Sultanın yardımı vasitəsilə Xoydan Şəkiyə təyin olunmuş Cəfərqulu Xan tərəfindən amansızlıqla yatırıldı. Lakin üsyançılar öz ardıcıllarına bu ənənəni ötürə bildi və xələfləri sayılacaq Cavadoğlu Məhəmməd və daha sonra Molla Mustafa Şeyxzadənin başçılığı ilə XX əsrin ilk yarısında başlanmış üsyanlar üçün stimul rolunu oynadı, beləliklə bu ardıcıllıq Azərbaycanın görk tarixlərindən biri kimi tələqqi olunabiləcək “Göynük hərəkatı” anlayışını ərsəyə gətirdi.

Əhalisi Mahal Göynük, Biləcik, Layısqı, Oxud, İnçə, Cunud, Zunud, Qumux, Şabalıd, Babaratma, Qaradağlı, Şin, Baqqal və.s kəndlərdən ibarət idi. Bu kəndlərdən bəzilərinin əhaliləri həmin dövr və öncəsindən başlanaraq kəndlərə mütənasib müəyyən olunmuş, daha aşağı və düzən ərazilərdə qərar tutmuş qışlaqlarda məskunlaşmalı olmuş, nəticədə kəndlərə paralel başqa kəndlər ortaya çıxmışdır. Bu səbəbdən, əsas kəndlərin adlarının qarşısına “Baş” ifadəsi, qışlaqlarda həmin kəndlərin bazası hesabına formalaşmış kəndlərə isə daha aşağıda yerləşdikləri gərəkçəsi ilə “Aşağı” ayırıcı sözü əlavə olunmuşdur. Beləliklə, Göynük Baş və Aşağı Göynük`ə, Layısqı Baş və Aşağı Layısqıya, Şabalıd Baş və Aşağı Şabalıda ayrılmışdır. Biləcik və Cunud kəndləri bu qanunauyğunluqdan kənarda qalmış və I, II nömrələnməsi vasitəsilə bir-birindən seçilmişdir. Həm xanlıq, həm də əyalət dövründə bölgənin ən böyük kəndi və mövcudluğu dövründə mahalın mərkəzi Baş Göynük idi. Kənd 60-dan çox məhəlləyə və 100-dən çox nəsilə ev sahibliyi etmişdir. Rusiya imperiyası 1824-cü il siyahıyaalınmasına əsasən, Baş Göynükdə hər iki cinsdən 3343 nəfər müsəlman tatar yaşayırdı. Eyni siyahıyaalınmaya görə, Layısqıda 987 , Biləcikdə 1576 nəfər əhalinin yaşadığı məlumdur. Bəhsigedən kəndlərin əhalisinə dair məlumatlara 1831, 1856, 1869, 1886, 1912, 1915,1921,1933 illərdə tərtib edilmiş siyahıyaalınmalarda yer verilmişdir. 1910-cu il hesabatında bu kəndlərin toplam əhalisinin 9651-ə çatdığı qeyd edilmişdi. Bu zaman Baş Göynükdə 5840, Baş Layısqıda 1250, Biləcikdə 1556, Aşağı Göynükdə 1005 tatar yaşayırdı. Onu da söyləmək yerinə düşər ki, mahalın əzici türkəsilli çoxluğu üçün “muğal” kimliyi prioritet olmuşdur. Bu subetnik mənsubluğa mahaldakı üstünlüyünü mahalın ən böyük ikinci kəndi olan Baş Layısqının kök məhəlləsinin “muğal” adlanmasını dəlil qılmaq olar. Bundan əlavə, ayrı-ayrı yerlərdə “muğal filankəslər”, “muğal filankəs uşağı” nəsil adlarına rast gəlmək xeyli-xeyli mümkündür. Paralelində, mahalda yerləşən Şin kəndi etnik-rutullardan ibarət idi. Kəndin əhalisi Şəki xanlığı dövründə “sərhədçi” adlanan sosial qrupun nümayəndələri olmuşdur. Bu sosial qrupa mənsub kəndlərin əhaliləri Dağıstandan köçürülmüş və sərhəd ərazilərə Dağıstandan gələn potensial qarətçi basqınların qarşısını almaqla vəzifələndirilmişdi. Bunun müqabilində həmin kəndlər çeşidli vergi və öhdəliklərdən azad edilmişdi.

Sonralar bəzi kəndlərdə əhalilərin çoxluğu və nəticədə kəndlərdə yaranan sıxlıq, o cümlədən dağ çaylarının daşması nəticəsində bir sıra evlərin sırada çıxması yuxarıda bəhsiaparılan bölünmədən də daha çox kəndin qurulması ilə nəticələndi. Baş və aşağı göynüklülərin bir qisminin mahalda fərqli ərazilərə doğru genişlənərək yurd salması vəsiləsi ilə Selbasan, Cumay, Abbas, Köndələn və.s yeni kəndlər ortaya çıxdı. Sözügedən sellər, üsyanlar kimi müsibətlər müəyyən ailə və nəsillərin mahaldan ayrılaraq Car-Balakənə üz tutmasına səbəbiyyət verdi. Qaxın Tasmalı, Turaclı, İbaxlı, Qaratala, Zəyəm, Fıstıqlı, Çüdüllü, Əmircan, Zərnə, Zaqatalanın Faldarlı, Bəhmədli, Qandax, Bazar, Əliabad, Göyəm, Balakənin Hənifə, Talalar, Sarıbulaq və.s kəndlərində Göynük mahalından köçmə nəsillərə rast gəlinir. Qaxın Tasmalı, Zaqatalanın Qandax kəndlərində göynüklülərə məxsus “Göynükoba” məhəllə adı qorunub saxlanmışdır. Qaxın İbaxlı, Qaratala, Qımırlı kəndlərinin müasir etno-mədəni palitrasının mütləq əksər hissəsini isə əminliklə söyləmək olar ki məhz Göynük mahalından gəlmə ailələr təşkil edir.

Göynük şivəsi Göynük şivəsi Qax-Zaqatala və Şəki dialektlərinin keçidində yerləşir. Bu minvalla, hər iki dialekt qrupundan müəyyən qalıntılar ehtiva edir. Buna baxmayaraq, şivə mərkəzində olduğu qruplardan bir çox fərqlilikləri ilə də seçilir. Bu baxımdan, şivənin fonetik, morfoloji və leksik(məxsusən, dialektizmlər) xüsusiyyətləri mühüm yerə sahibdir. Göynük şivəsinin hər üç xüsusiyyət seti arxaik türk mənşəli sözlər və əlamətlərlə zəngindir. Şivənin özünəməxsus fonetik xüsusiyyətlərindən bəzi isim, sifət və əvəzliklərdəki ə=>e, bəzənsə son hərflərdə yaşanan k=>h əvəzləməsidir;

Bərk=>beh, dəli=>deli, çiçək=>çiçeh, əppək=>eppeh, bəs=>bes, əl=>el, inək=>ineh, tər=>ter, bəzək=>bezeh, ürək=>üreh, bəy-gəlin=>bey-gelin və.s

Bəzən “ə” hərfi “a” hərfinə çevrilir, bəzi ifadələrdə ü=>u keçidi yaşanır;

Düşmən=>düşman, zülümlə=>zulumnan, cümə=>cuma, Həsən=>Hasan, xəmir=>xamır və.s

Bu qanunauyğunluğun tam tərsi də mümkündür;

Doyunca=>doyüncə, dayanıbdır=>deyənifdi, o yandan=>oyənnən, bu yana=>buynə, axşam=>axşəm, baxçaya=>baxçiyə, yaşayanda=>yeşiyəndə, qoyubdu=>qoyüfdü və.s

II şəxsin cəmi üçün əmir və ya xahiş məqsədli bir cümlə sərf edilərkən feillərdə “e” hərfinin yerini “i”-nin, “i” hərfinin yerini isə “ı”-nın aldığına şahidlik edirik;

Gedin=>gidın, deyin=>diyın, eləyin=>eliyın, geyin=>giyın, dəyişdirin=>deyişdirın və.s

Feil sonundakı “r” hərfinin “y” ilə, “k” hərfinin “x” ilə, “b” hərfinin “f” ilə əvəzlənməsi, feilin ortasında “ğ” hərfinin bəzi feillərdə itməsi şivənin ən nəzərəçarpan morfoloji hadisələrindədir;

Deyib-gülmək=>diyif-gülmax, gəzib-tozmaq=>gezif-tozmax, eləmək=>eləmax(eləyibdir=>elyifdi), əkmək=>ekmax və.s

Sözün ilk hərfinin itməsi və ya sözün önünə “i” hərfinin artırılması hadisəsi Göynük şivəsinə də sirayət edib;

Yuxarı=>Uxarı, Rəhim=>İrəhim və.s

Göynük şivəsinin leksikonunda analoquna az rast gəlinən ifadələr mövcuddur;

İndi=>həyin, qəfil=>beyxavar, göygöz=>maşşax, böyürtkən=>mürekkəm, ev=>öy, qəbristanlıq=>qavırrıx, sıxmaq=>geyələmax, boşboğaz=>yenşax, tapşırıq vermək=>büyürmax, səfeh=>abdal, rahat=>qulay, möhtac=>musaxar, həvəsli=>höj, azca=>kimir, məhəccər=>çaçcaq, siçovul=>davdava, bəhanə=>məhnə, boş-bekar=>ejcaan, gizlətmək=>yeşirtmax, zalım=>qacar, natəmiz=>pinti-padar və.s

Beləliklə, Göynük şivəsində Anadolu təsiri aşkar sezilir və şivədəki fərqli-fərqli nüanslar Anadoludakı müxtəlif bölgələrdəki aksentlərlə paralellik təşkil edir.

Din Göynük mahalında əhali bütünlüklə sünni etiqadlı müsəlmanlar idi. Türkəsilli çoxluğun mütləq əksər qismi fiqhi olaraq hənəfiliyi, əqidəvi sarıdan maturidi etiqadını rəhbər tutmuşdu. Bu qanunauyğunluğa binaən Göynük mahalından olan ustad aşıq Molla Cumanın “Mən” rədifli qoşmasından bu bənd ağıllara gəlir;

Ədnayam, kəmtərəm, dərdə dərmanam,

Hənəfi məzhəbəm, həm müsəlmanam,

Nəbim Məhəmməddir, əhli-Quranam,

Mömin qardaşların aşnasıyam mən.

Azsaylı rutullar isə daha çox şafii/əşəri fiqhi-əqidəvi tandeminə yatqındılar. Həmçinin mahalda naqşibəndilik təliminin açıq-aşkar izləri mövcuddur. Örnək olaraq, “Hacı Salah baba”, “Şeyx Nurullah Əfəndi”, “Şeyx Mütüş Əfəndi” kimi türbə və ziyarətgahlar bunu sübuta yetirir.

İncəsənət və folklor Mahal Azərbaycan incəsənətinə və folkloruna bir çox sima və adətlər qazandırmışdır. Azərbaycan türkləri içərisində saz-söz sənətinin ən görkəmli simalarından hesab edilən Aşıq Molla Cuma mahalın Aşağı Layısqı kəndində dünyaya göz açmışdır. O özünü tərif etdiyi “Mən” rədifli qoşması ilə özünün və mahalın ən ziyadə xülasələrindən birinə imza atmışdır;

Aşıq anasıyam, şairlər kökü,

Gəzərəm dünyanı divanə təki,

Mahalım Göynükdü, şəhərim Şəki,

Layısqı kəndinin binasıyam mən.

Əlavətən, Molla Cumanın öz doğma kəndi olan Layısqıya ətf etdiyi şeiri də mövcuddur;

Nə gözəl vətənsən, mübarək kəndsən,

Qismət oldun biz ümmətə, Layısqı.

Yan gəzənlər sənin qədrini bilməz,

Sən hayıfsan müxənnətə, Layısqı.

Mahalın yetişdirdiyi bir digər məşhur aşıq Aşıq Siracdır. O sənətcə özünü Molla Cumanın varisi hesab edirdi. “Gəl” adlı rədifli qoşmasında mahaldakı və öz kəndindəki təbii gözəlliklərlə dolu konyukturu izah edir;

Göynükdən bəriyə dönəndə birbaş,

Rast gəlir Təkpalıd, Arxac, Qaşqadaş.

Mənzil kəsə - kəsə, sən yavaş – yavaş,

El həsrəti cana girişəndə, gəl

Doğma Layısqı kəndinin tərifini isə ustadı Molla Cumadan da daha yaxşı vermişdir;

Zirvəndir qartallı, şah təki taclı,

Otlu, biçənəkli, zümrüd yamaclı,

Zəmilərin qırqovullu, turaclı,

Göz oxşayır əzəmətin, Layısqı

Sazımın, sözümün ilk təməlisən,

Könül rübabımın incə telisən,

Molla Cuma vətənisən, elisən,

Məşəlisən səadətin, Layısqı.

Müqəddəs ruhların nurlu sayəsi,

Üstündədir, bilir Muğal məhləsi,

Nurullahın, Şeyx Mütüşün türbəsi,

Olub şərəf, şan-şöhrətin, Layısqı.

Göynüklü Aşıq Camal, Aşıq İsmayıl və digər sayılıb-seçilən saz-söz ustadları da mahalın incəsənət mühitinə yüksək qatqı təmin etmişlər. Göynük mahalı əhalisinin sosio-mədəni həyatında “alqışlar və qarğışlar”, “öyüdlər”, “hekayələr” əhəmiyyətli yer tutur. Həmçinin göynüklü əhalinin dilindən tez-tez “bayatı” və “ağılar” eşidə bilirik.

İstinadlar

Kateqoriya:Şəki xanlığı Kateqoriya:Şəki xanlığının mahalları