2027 FİFA U-20 Dünya Kuboku () — FİFA-ya üzv assosiasiyaların 20 yaşadək futbolçulardan ibarət kişi milli komandaları arasında keçirilən FİFA U-20 Dünya Kubokunun 25-ci turniri. Turnirə 17 sentyabr – 9 oktyabr 2027-ci il tarixlərində Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək. Turnir 1977-ci ildə Tunisdə keçirilmiş ilk çempionatın 50 illiyinə təsadüf edir.

Bu, Azərbaycanda keçiriləcək ilk kişilər arasında FİFA dünya çempionatı olacaq; Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası da ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edəcək. Azərbaycan bundan əvvəl 2012 FIFA qadınlararası U-17 Dünya Çempionatına, Özbəkistan isə 2024-cü il FİFA Futzal Dünya Kubokuna ev sahibliyi etmişdir. Turnirin hazırkı çempionu 2025-ci ildə Çilidə qalib gələn Mərakeşdir.

Ev sahibinin seçilməsi Azərbaycan və Özbəkistan futbol federasiyaları turnirə ev sahibliyi üçün 2025-ci ilin iyulunda FİFA-ya birgə müraciət təqdim ediblər. Turnirə ev sahibliyinə marağı olan digər ölkələr sırasında Peru, həmçinin birgə iddia ilə İndoneziya və Sinqapur da qeyd olunurdu.

FİFA Şurası 2 oktyabr 2025-ci ildə Sürixdə keçirilən iclasında turnirin ev sahibliyini Azərbaycan və Özbəkistana verib. 2026-cı ilin fevralında AFFA-nın İcraiyyə Komitəsi ev sahibliyi müqaviləsini təsdiqləyib.

Hazırlıq 15 dekabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev turnirə hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Komitənin sədri baş nazirin müavini Samir Şərifov, sədr müavini isə gənclər və idman naziri təyin edilib. Komitənin tərkibinə müxtəlif nazirlik və qurumların, o cümlədən Bakı, Gəncə, Qəbələ və Sumqayıt icra hakimiyyətlərinin rəhbərləri, eləcə də AFFA-nın prezidenti daxildir; FİFA ilə əlaqələndirməni AFFA həyata keçirir.

2026-cı ilin 1 oktyabrında FİFA prezidenti Canni İnfantino Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyev ilə görüşmüş, Daşkənddə turnirin oyunlarına ev sahibliyi edəcək yeni stadionla tanış olmuşdur.

22 oktyabr 2026-cı ildə FİFA Şurası Bürosunun iclasında turnirin 17 sentyabr – 9 oktyabr 2027-ci il tarixlərində keçiriləcəyi və onda 24 komandanın iştirak edəcəyi rəsmi olaraq açıqlanıb.

Stadionlar Özbəkistanda turnir üçün Daşkənddə 55 min tamaşaçı tutumlu yeni stadion inşa olunur; tikintiyə 2025-ci ilin noyabrında başlanılıb və layihənin dəyəri 100 milyon ABŞ dolları təşkil edir. FİFA-nın tələblərinə görə yarımfinal və final oyunları 50 mindən çox tutumu olan stadionda keçirilməlidir.

Azərbaycanda ev sahibi şəhərlər və stadionlar rəsmi olaraq açıqlanmayıb. 2025-ci ilin dekabrında yerli mətbuat oyunların Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Xankəndidə keçirilməsinin müzakirə olunduğunu yazırdı; Bakıda Bakı Olimpiya Stadionu və Tofiq Bəhramov adına Respublika Stadionu, digər şəhərlərdə isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, Gəncə şəhər stadionu və Qəbələ şəhər stadionu mümkün məkanlar kimi adlandırılırdı.

Brendinq Turnirin rəsmi brendi və şüarı 16 oktyabr 2026-cı ildə FİFA tərəfindən təqdim olunub. Rəsmi şüar "U Shape The Game" ("Oyunu sən formalaşdırırsan") gənc futbolçulara və onları izləyən azarkeşlərə müraciət edərək turnirin karyerada irəliləyiş, yeni əlaqələr və oyunun gələcəyinə təsir imkanı olduğunu vurğulayır.

Emblemin əsasını gənc futbolçuların oyunun gələcəyini formalaşdırmaq potensialını simvolizə edən iri "U" hərfi təşkil edir. Emblemdəki U20 formaları turnirin rəsmi vizual üslubunda (Official Look) istifadə olunan naxışın da əsasıdır. Vizual kimlik Azərbaycan və Özbəkistanın ənənəvi kaşı və mozaika sənətindən ilhamlanaraq bu elementləri müasir naxış, rəng və keçidlərlə yenidən şərh edir. Rəng palitrası firuzəyi, yaşıl, bənövşəyi və qırmızı rənglərdən ibarətdir.

Təqdimat günü emblem hər iki paytaxtın tanınmış məkanlarında nümayiş etdirilib. Bakıda turnirin emblemi və brend elementləri xüsusi proyeksiya ilə Qız qalasında və Bakı Olimpiya Stadionunda göstərilib.

Təqdimatla bağlı FİFA-nın baş katibi Mattias Qrafström turnirin gənc futbolçular üçün həm karyeralarında mühüm nailiyyət, həm də fərqli futbol üslubları ilə qarşılaşmaq baxımından sınaq olduğunu bildirmişdir. AFFA-nın prezidenti Rövşən Nəcəf turnirin gənc futbolçuların inkişafı və azarkeş marağının artırılması üçün mühüm platforma olacağını, Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov isə çempionatın iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcəyini qeyd etmişdir.

Biletlər FİFA-nın məlumatına görə, turnirə qatılmaq istəyən azarkeşlər bilet satışı barədə məlumat almaq üçün FIFA.com/tickets ünvanında qeydiyyatdan keçə bilərlər.

İştirakçılar Final turnirində 24 komanda iştirak edəcək. Ev sahibləri Azərbaycan və Özbəkistan avtomatik vəsiqə qazanıb, digər komandalar isə qitə konfederasiyalarının gənclər çempionatları vasitəsilə müəyyən edilir.

Vəsiqə qazanan komandalar Seçmə mərhələ Komanda Vəsiqə tarixi Ev sahibi 2 oktyabr 2025 2026 UEFA U-19 Avropa Çempionatı iyul 2026 2026 KONKAKAF U-20 Çempionatı avqust 2026 2026 OFK U-19 Çempionatı sentyabr 2026 Asiya (AFK), Afrika (KAF) və Cənubi Amerika (KONMEBOL) konfederasiyalarının seçmə turnirləri hələ keçirilməyib.

UEFA-nın 2026 U-19 Avropa Çempionatında İspaniya finalda Almaniyanı məğlub edib; yarımfinalçılar Ukrayna və Xorvatiya ilə birlikdə hər dörd komanda vəsiqə qazanıb. Almaniya (1981, Qərbi Almaniya kimi), İspaniya (1999) və Ukrayna (2019) turnirin keçmiş çempionlarıdır, Xorvatiya isə 2013-cü ildən sonra ilk dəfə turnirə qayıdır. KONKAKAF zonasından yarımfinala çıxan Meksika, ABŞ, Kanada və Kosta-Rika vəsiqə qazanıb. Okeaniyadan Yeni Zelandiya ardıcıl səkkizinci dəfə, Taiti isə 2009 və 2019-cu illərdən sonra üçüncü dəfə turnirə vəsiqə qazanıb.

UEFA ilə FİFA arasında mübahisə 30 iyul 2026-cı ildə UEFA və onun 55 milli assosiasiyası FİFA turnirlərində iştirak paylarının özəl investorlara verilməsi təklifini birmənalı şəkildə rədd edib və bu təklif tam geri götürülməyənədək Avropa milli komandalarının FİFA turnirlərində iştirak etməyəcəyini bəyan edib. Bu, Avropa komandalarının, o cümlədən ev sahibi Azərbaycanın turnirdə iştirakını sual altına qoymuşdu. FİFA "FIFA Forward Enterprise" adlı layihənin birdəfəlik geri götürüldüyünü yazılı şəkildə təsdiqlədikdən sonra UEFA 27 avqust 2026-cı ildə Avropa komandalarının FİFA turnirlərindən çəkilməsi qərarını növbəti mövsüm üçün müvəqqəti olaraq dayandırıb. Bəyanatda bu qərarın daim nəzarətdə saxlanılacağı və vəziyyət tələb etdikdə dərhal dəyişdirilə biləcəyi bildirilib.

Həmçinin bax FİFA U-20 Dünya Kuboku 2025 FİFA U-20 Dünya Kuboku 2029 FİFA U-20 Dünya Kuboku 2012 FIFA qadınlararası U-17 Dünya Çempionatı

İstinadlar

Xarici keçidlər Rəsmi səhifə – FIFA.com

Kateqoriya:FİFA U-20 Dünya Çempionatı Kateqoriya:2027-ci ildə Azərbaycan Kateqoriya:2027-ci ildə Azərbaycanda idman Kateqoriya:Azərbaycan–Özbəkistan münasibətləri Kateqoriya:Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:2027-ci ildə Özbəkistanda idman Kateqoriya:Azərbaycanda futbol Kateqoriya:Azərbaycanda idman yarışları Kateqoriya:Özbəkistanda futbol