Ubar () — ərəb mifologiyasında ədlilərin məskəninə qonşu olan ərazi. "Qurani-Kərim"də adı çəkilən İrəm şəhəri tez-tez Ubar ilə eyniləşdirilir. T. E. Lourensin təşəbbüsü ilə bu itkin şəhər "Qumlar Atlantidası" () kimi də adlandırılmışdır.

Əfsanələr Ubar adı Nuh peyğəmbərin nəticəsi, Samın nəvəsi və Aramın oğlu olan Vabarın şərəfinə verilmişdir. İslamaqədərki Ərəbistan əfsanələrinə görə, Vabar Ərəbistan yarımadasındakı Rub əl-Xali səhrasının cənub-qərb hissəsində yerləşmişdir. Əbdürrəşid Bakuvi onun Yəməndə, Əş-Şixr ilə Səna arasında 300 fərsəxlik məsafədə yerləşdiyini bildirmişdir. Vaxtilə çiçəklənən bir bağ olan bu ərazidə ədlilər məhv edildikdən sonra Allah cinləri məskunlaşdırmış, insanları isə (başqa bir versiyaya görə cinləri) yarımbaşlı, təközlü, təkəlli və təkayaqlı məxluqlar olan nəsnaslara çevirmişdir.

Rəvayətə görə, Ubar süni suvarılmaya ehtiyacı olmayan xurma bağlarının bitdiyi, cinlər tərəfindən yetişdirilən ən gözəl dəvələr də daxil olmaqla nəhəng ilxıların otladığı, tilsimlənmiş və qorunan bir məkandır. İnsanlar Ubara yalnız təsadüfən düşə bilərlər. Müsəlman ölkələrində bu cür təsadüfi səfərlər haqqında bir çox əfsanə və rəvayətlər mövcuddur.

Axtarışlar İtkin şəhər haqqındakı əfsanələr bəzi arxeoloqları və tədqiqatçıları Rub əl-Xali səhrasında axtarışlara sövq etsə də, bu cəhdlərin heç biri uğurla nəticələnməmişdir. 1980-ci illərdə amerikalı həvəskar arxeoloq Nikolas Klapp müxtəlif qeydlər, xəritələr və NASA-dan əldə edilən məlumatlar əsasında Omanın cənubunda Ubara apara biləcək qədim karvan marşrutlarını müəyyənləşdirmişdir. Nikolas Klapp, Ranulf Fayns və Yuris Zarinsin iştirakı ilə 1990-ci və 1991-ci illərdə təşkil olunmuş iki ekspedisiya tədqiqatçıları Rub əl-Xalinin şərq kənarındakı Şisr oazisinə gətirib çıxarmışdır. Qısa müddət sonra bu ərazidə arxeoloji qazıntılara başlanılmış və 1992-ci ildə qədim Ubar/İrəmin qalıqları olduğu ehtimal edilən xarabalıqlar aşkar edilmişdir.

İstinadlar

Kateqoriya:İrəm şəhəri Kateqoriya:Yəmən