İqor Alekseyeviç Dyatlov (rus. Игорь Алексеевич Дятлов; ) — sovet idman turisti, 1959-cu ilin fevralında Xolat-Syaxıl dağının yamacında doqquz nəfərin həlak olduğu turist qrupunun rəhbəri. Həlak olanların xatirəsinə faciə yerinin yaxınlığındakı aşırıma Dyatlovun adı verilmişdir.

Həyatı

Ailəsi və uşaqlıq illəri İqor Dyatlov 1936-cı il yanvarın 13-də Pervouralskda anadan olub. Atası "Xrompik" zavodunda mexanik işləyib, anası isə Lenin adına klubda kassir olub. İqor anadan olanda ailədə artıq böyük qardaşı Mstislav böyüyürdü; 1938-ci ildə ailədə qızı Ruffina, 1948-ci ildə isə Tatyana dünyaya gəldi. İqor Pervouralskın 12 nömrəli orta məktəbində oxuyub və 1954-cü ildə oranı gümüş medalla bitirib.

İqor uşaqlıqdan ixtiraçılığa meyilli idi, radiotexnika və fotoqrafiya ilə maraqlanır, məktəbin ictimai həyatında da fəal iştirak edirdi. Məktəb illərində patefondan səsyazma qurğusu düzəltmişdi (daşıyıcısı rentgen şəkilləri üçün plyonka idi), böyük qardaşı ilə yürüşlərə özü ilə apardığı ev istehsalı radioqəbuledici yığmışdı. Sverdlovsk radioklubunun üzvü olaraq uşaqların texniki yaradıcılığının vilayət sərgisində silici başlıqlı yazıcı maqnitofonuna görə birinci mükafatı qazanmışdı. 7-ci sinifdə Komsomola daxil olmuşdu. Sonralar turizmə həvəs göstərərək öz konstruksiyası ilə qatlanan asma turist sobası düzəltmiş və bu sobadan 1958–1959-cu illərin yürüşlərində istifadə etmişdi.

Tələbəlik illəri Məktəbi bitirdikdən sonra Ural Politexnik İnstitutunun (UPİ) radiotexnika fakültəsinə daxil oldu. Dyatlovun turist yürüşlərində iştirak təcrübəsi nəzərə alınaraq onu dərhal institutun turist qrupunun sədri seçdilər. 1956-cı ildə Sverdlovsk vilayətinin idman turizmi üzrə yığma komandasının tərkibinə daxil oldu. Həmin il komandanın tərkibində Şərqi Sayanda ən yüksək çətinlik kateqoriyalı yürüş keçdi. Dyatlov tələbələr arasında hörmət sahibi idi, yaxşı fiziki hazırlığa malik idi və turist qruplarının üzvlərinə qarşı tələbkarlığı ilə seçilirdi.

Dyatlova təhsilini başa vurduqdan sonra institutda işləməyi davam etdirmək təklif olundu. 1959-cu ilin əvvəlində o, institutun kafedralarından birində assistent kimi rəsmiləşdi.

Qütbyanı Uralda səfər (1958) 1958-ci ilin yanvarında Dyatlov UPİ turistlərindən ibarət qrupun tərkibində, Moisey Akselrodun rəhbərliyi ilə Qütbyanı Uralda 3-cü (həmin dövrdə ən yüksək) çətinlik kateqoriyalı yürüşdə iştirak etdi; yürüşün məqsədi Manaraqaya qalxmaq idi. Ərazinin əlçatan xəritələri olmadığından turistlər kor-koranə hərəkət etməyə məcbur idilər və xəritələri Ural Qütb Ekspedisiyasının geoloqlarından almağı ümid edirdilər; geoloqlar marşrutun başlanğıc nöqtəsi olan Kajim büllur mədənində işləyirdilər. "Xidməti istifadə üçün" qrifli xəritələri turistlərə vermədilər, lakin sxem çəkmələri üçün qrupun bir hissəsini marşrut boyunca təyyarə ilə gəzdirməyə razılaşdılar. Nəticədə Akselrod və Dyatlov geoloqlarla birlikdə onların An-2 təyyarəsində uçdular, lakin rəsm çəkməyə macal tapmadılar. Qütbçular marşrutu qısaltmaq üçün qrupu meteostansiyaya aparmağı təklif etdilər, lakin yükqaldırma qabiliyyətinin məhdudluğu və hava şəraiti üzündən yalnız Akselrod, Vyaçeslav Xalizov və Yevgeni Çubarevdən ibarət ilk üçlük uça bildi. Dyatlov Pyotr Bartolomey və Nikolay Xanla yalnız 2 gün sonra Uralın qərb yamacındakı Pelenqiçey bazasına uça bildi — hava üzündən təyyarəçilər silsiləni keçə bilməmişdilər. Dyatlovun fotoqrafik yaddaşı sayəsində — o, uçuş zamanı marşrutu və geoloqların xəritələrini yadda saxlamışdı — geridə qalan qrup dərələr və aşırımlarla təxminən 45 km yol gedərək lazımi nöqtəyə çıxa və ikinci üçlüklə görüşə bildi.

Şimali Uralda səfər (1959) Əsas məqalə: Dyatlov keçidi insidenti

1959-cu ilin əvvəlində Dyatlov, UPİ idman klubunun turizm bölməsinin ən təcrübəli üzvlərindən biri kimi, Şimali Ural üzrə yürüş marşrutu hazırladı və Otorten ilə Oyka-Çakura qalxmaq məqsədilə qrup topladı. Yanvarın 23-də 10 nəfərlik qrup Serova yola düşdü, ertəsi gün qatarla İvdelə çatdı. Qrupun üzvlərindən biri — Yuri Yudin — səhhətinə görə yürüşdən ayrıldı. Ehtimal ki, 1–2 fevral 1959-cu il gecəsi Dyatlov da daxil olmaqla qalan 9 turist Xolat-Syaxıl dağının yamacında həlak oldu.

Ölümü və dəfni thumb|Dyatlovun Yekaterinburqdakı Mixaylov qəbiristanlığında məzarı Dyatlovun cəsədi 27 fevral 1959-cu ildə axtarış dəstəsinin üzvləri tərəfindən Xolat-Syaxıl dağının yamacında tapıldı. 1959-cu il martın 10-da Sverdlovskda Mixaylov qəbiristanlığında dəfn olundu.

Mədəniyyətdə Dyatlov qrupunun faciəsi 2013-cü ildə "Devil's Pass" adı ilə ekranlaşdırılmışdır. 2015-ci ildə IMGN.PRO komandası bu hadisəyə əsaslanan "Kholat" video oyununu hazırlamışdır. 2020-ci ildə isə "Dyatlov aşırımı" (rus. Перевал Дятлова) adı ilə serial çəkilmişdir; serialda İqor Dyatlovun rolunu İvan Mulin ifa etmişdir.

Həmçinin bax Ötzi Tamam Şud işi Mary Celeste

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Hipotermiyadan ölənlər Kateqoriya:SSRİ vətəndaşları Kateqoriya:Dyatlov keçidi insidenti Kateqoriya:Mixaylov qəbiristanlığında dəfn olunanlar