Neytrino ossilyasiyaları – müxtəlif rayihəyə (flavour) malik neytrinoların (elektron, myuon və tau neytrinoların) zaman və məkana görə periodik olaraq bir-birinə çevrilməsi prosesidir. Fiziki olaraq, müxtəlif mənbələrdən – Günəşdən, kosmik şüalardan, yüklü zərrəciklərin sürətləndiricilərindən, nüvə reaktorlarından gələn neytrino axınlarının zəifləməsi şəklində müşahidə edilir. Bu halda zəifləmə hesablanmış qiymətlərlə müqayisədə zərrəcik axınının intensivliyinin azalması kimi başa düşülür.
Müxtəlif tipli neytrinoların bir-birinə mümkün çevrilməsi ideyası ilk dəfə 1957-ci ildə B.Pontekorvo tərəfindən ifadə edilmişdir. Neytrino ossilyasiyaları ilk dəfə 1970-ci ildə R.Davis tərəfindən (günəş neytrino defisiti hadisəsinə əsasən) müşahidə edilmişdir. Lakin “neytrino ossilyasiyası” termini elmdə yalnız 2015-ci ildə, Arthur McDonald və Takaaki Kacita “neytrinonun kütləyə malik olduğunu sübut edən neytrino ossilyasiyasının kəşfinə görə” fizika üzrə Nobel mükafatına layiq görüldükdən sonra ortaya çıxdı. Sonralar müxtəlif eksperimentlərdə günəş neytrinoların, kosmik şüaların atmosfer qazlarının atom nüvələri ilə qarşılıqlı təsirindən yaranan atmosfer neytrinoların, reaktor antineytrinoların, sürətləndiricilərdə müşahidə olunan neytrinoların yaranma ssenariləri məhz neytrino ossilyasiyalarının varlığı baxımından şərh edilmişdir. Hazırda müon neytrinolarının və antineytrinoların elektron neytrinolarına çevrilməsi ilə bağlı ossilyasiyalar tədqiq olunur. Təcrübələrin ilkin nəticələri neytrino və antineytrinoların ossilyasiyasının fərqi olduğuna dəlalət edə bilər.
Neytrino ossilyasiyalarının mövcudluğu hazırda qəbul edilmiş Standart Modeldən kənara çıxır.
İstinadlar Bellini G., Ludhova L., Ranucci G., Villante F. L. Neutrino oscillations. — 2013. https://arxiv.org/pdf/1310.7858 Kateqoriya:1957-ci ildə elm Kateqoriya:1957-ci ildə SSRİ Kateqoriya:Astrofizika Kateqoriya:Elementar hissəciklər Kateqoriya:Elementar zərrəciklər fizikası Kateqoriya:Kvant mexanikası Kateqoriya:SSRİ-də elm və texnologiya Kateqoriya:Yırğalanma